İslam günəşi doğmadan, Quran nurları insanlığı aydınlatmadan, Hz. Məhəmməd (s.ə.s.) insanlıqdan uzaq olan bəşəriyyətə həqiqi insanlıq dərsini vermədən əvvəl qadınlar bir qulluqçu, nökər səviyyəsində idi, adi bir əşya kimi alınıb-satılırdı, mülkiyyət və miras kimi haqq və hüquqlardan məhrum idi. Hətta insan kimi yaşamalarına belə imkan verilmirdi.
Qədim Yunanlarda qadın qul kimi alınıb-satılırdı. Aristotelə görə, qadın azad və sərbəst olmamalıydı. Əflatuna görə, qadın əldən-ələ gəzməli idi. Romada qadının miras haqqı yox idi. Yəhudilikdə isə yəhudilər belə dua edirlərmiş: “Əzəli ilahımız kainatın kralı, məni qadın olaraq yaratmadığın üçün sənə həmd olsun!”. Yəhudilərə görə, qadın müstəqil olaraq yaradılmayıb, kişinin qabırğa sümüyündən, o, cənnətdə sıxılmasın deyə yaradılmışdır. Amma o, şeytanla birləşib Adəm (ə.s.)a xəyanət etmişdir. Buna görə də qadını lənətləmişlər. Xristianlıqda isə qadın şeytanın qapısıdır deyilmişdir. Fransızların fikrincə, qadın kişiyə xidmət etməsi üçün yaradılmışdır. İngilislərdə isə 1805-ci ilə qədər qadını bir mülk olaraq alıb-sata bilirdilər. Qadın nəcis sayıldığından Incilə toxunması belə qadağan olunmuşdur. Qədim Misirdə qadın qardaşı və atası ilə evlənə bilərdi. Cahiliyyə Ərəbistanında isə qız uşaqları bədliyin işarəti kimi görülürdü, diri-diri torpağa basdırılırdı.
İnsanlıq, xüsusən qadınlıq Islam dini əsasında layiq olduğu mövqe və qiyməti qazanmış, tarix boyunca istədiyi hüzur və səadətə qovuşmuşdur. Qurani-Kərimdə belə buyurulmuşdur: “Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da kişilər üzərində hüquqları vardır”. (Əl-Bəqərə 228)
İslama görə qadın və kişi bir bütünün iki parçası kimidir, bir-birlərini tamamlayırlar. Ayədə buyurulmuşdur ki: “Onlar sizin, siz də onların libasısınız. Bir-birinizə həddindən artıq yaxınsınız”. (Əl-Bəqərə 187) Qurani-Kərim bu ayə ilə qadını nəcis hökmündən qurtarmış, kişiyə həyat yoldaşı etmişdir. İslamiyyət qadın üzərindəki lənəti qaldırmış, insan oğlunun cənnətdən uzaqlaşmasına qadının səbəb olduğu etiqadını rədd etmişdir.
Qurana görə qadın və kişi bir almanın iki yarısı qədər bir-birinə bərabər olan iki varlıqdır.
Çağdaş Azərbaycanımızda qadınlarımız qərb ölkələrini özlərinə model olaraq uyğun görürlər. Bu isə Azərbaycanda qadınlarımızın açıq-saçıq olmalarına gətirib çıxarır. Bu hal isə dövlətimizin, milli mentalitetimizin və mənəvi dəyərlərimizin pozulmasına səbəb olur.
Hətta bəzi ailələrdə evə rəhbərlik edən qadınlarımız olur. Əvvəllər qadınlar ali təhsil almırdılar, ona görə də ailədə bir qərar qəbul edildikdə qadın ikinci planda qalırdı, “Qadınlar heç nə bilmir, qoy ev işləriylə məşğul olsunlar”- kimi layiq olmadıqları sözlərlə qarşılaşırdılar. Son dövrlərdə isə qadınlarımız ali təhsil alırlar. Buna səbəb bəzən oğlanların ailə həyatı qurduqda ali təhsilli qız axtarmalarıdır. Ancaq nəticə heç də gözlədikləri kimi olmur. Çünki bu günün qadını artıq ailədə bərabər söz sahibi olmaq istəyir. Bir qərar qəbul olunduğunda öz fikirlərini rahatlıqla söyləmək fürsəti istəyir. Buna görə də kişilər də qadınlarına qiymət verməli, onların da fikirlərini qəbul etməlidirlər. Çünki bu günün qadını, həqiqətən də, buna layiq olacaq qədər ağıllı və təhsillidir.
Ailə başçısı həmişə kişi olmalıdır. Ancaq qadın da onun vəfalı yol yoldaşı, sirdaşı, məsləhətçisi, evinin dirəyi, könül taxtının sultanı mövqeyindən də uzaqlaşmamalıdır. Qadının əldə edə bilməyəcəyi bir iş yoxdur. Çünki qadın anadır, şərəfli müəllimdir, sevgi və şəfqət qaynağıdır.
. |