HƏYATIN MƏNASI SƏNİN BAXIŞLARINDADIR


      Bəzən hər birimiz yaşadığımız həyatda özümüzü tənha hiss edirik. Başımıza gələn müəyyən hadisələr, yaşadığımız bir sıra acılar bizi həyatdan küsdürür. Halbuki, xoşbəxtlik və bədbəxtlik əslində, bizim gözümüzdə, həyata baxış bucağımızdadır. Əslində, insan özünü güclü hiss edirsə, güclü, zəif hiss edirsə zəif, gözəl hiss edirsə, gözəldir. Hamı yaşadığı ömür çərçivəsində həyatın mənası nədir sualıyla qarşılaşmışdır. Həyatın mənası onu necə yaşamaqdır, ondan nələr gözlədiyimizdir. Hər kəsin həyatının mənası həyatda özü üçün seçmiş olduğu hədəfdir. Bəli, hər şey çox bəsitdir. Nəyi hədəfləyiriksə, həyatımızın mənası da odur. Həzrət Mövlana çox gözəl deyib: “Əgər təfəkkürün güldürsə, sən bir gül bağçasındasan (dünya cənnətindəsən). Əgər tikanı düşünürsənsə (nəfsani arzularına ram olmusansa), təndir küllüyündəsən”. Həyatı başa salan yüzlərlə, minlərlə kəlam, ibrətli hekayə mövcuddur. Düşünürük ki, bu yazımızda sözügedən hekayəciklərdən birini sizinlə paylaşmaq yerinə düşərdi.  
     ...Bir nəfər həyatın mənasının nə olduğu haqda düşüncələrə dalmışdı... Aldığı heç bir cavab onu qane etmirdi və başqalarından soruşmağa qərar verir. Nəhayət, kəndləri, qəsəbələri, ölkəni gəzməyə çıxır. Tam ümidini itirmək üzrə ikən bir kənddə camaat ona:
     “Qarşıdakı dağları görürsənmi? Orada müdrik bir qoca yaşayır. İstəyirsən onun yanına get, bəlkə o sənə axtardığın sualın cavabını verər”-dedilər.
     O da uzun bir səfərdən sonra müdrik qocanın evinə çatır. İçəri girərək, “həyatın mənasının nə olduğunu” soruşur. Müdrik qoca onun əlinə bir çay qaşığı verir və içinə də zeytun yağı tökür. “İndi çıx, bağçanı dolaş və sonra yenə bura gəl. Yalnız diqqətli ol, qaşıqdakı yağ azalmasın! Əgər bir damcı azalsa uduzmuş sayılacaqsan” -deyir.
     Adam gözünü çay qaşığına dikərək bağçada dolaşıb qocanın yanına gəlir. Müdrik qoca “Bəli, qaşıqdakı yağ azalmayıb, bəs bağça necə idi?”  -deyə soruşur.
     O isə: “Mən qaşıqdan başqa yerə baxmadım ki…”
Müdrik qoca bu səfər: “Bir daha bağçanı dolaş. Qaşıq yenə əlində olacaq, amma bağçaya yaxşı-yaxşı göz gəzdir”- deyir.
     Sualına cavab tapmaq istəyən adam təkrar bağçaya çıxır və gördüyü mənzərə qarşısında heyran qalır. Sən demə bağça çox gözəl imiş…
     Geri qayıdanda müdrik qoca ondan soruşur:
     “Bağça necə idi?” O da gördüyü  gözəlliklər qarşısında heyran qaldığını dilə gətirir.
     Müdrik gülümsəyərək: “Amma qaşıqda yağ qalmayıb?” deyir…
     Sonra sözünə belə davam edir: “Həyat sənin baxışınla  məna qazanır. Ya sadəcə bir nöqtəni görərsən, həyatın axıb gedər, sən fərqinə belə varmazsan, ya da görə biləcəyin bütün gözəlliklərin arasında həyatı yaşayarsan. Axıb gedən zamanın bir mənası olar. Həyatının mənası sənin baxışlarında gizlidir…”  Qoca yenə sözünə davam edərək:
     “Əgər bu səhər sağ-salamat oyanmısınızsa, dünən ölən iki yüz min insandan daha şanslısınız.
     Əgər bu səhər  xəstə deyil, sağlam oyanmısınızsa, xəstə olan 1milyon insandan daha şanslısınız.
     Soyuducunuzda  yeyəcəyiniz, əyninizdə paltarınız  və başınızı salacaq bir eviniz varsa,  dünyadakı 3 milyard insandan  daha çox  imkana sahibsiniz.
     Ana-atanız sağdırsa və boşanmayıblarsa, yoldaşınız və uşaqlarınızla (varsa) xoşbəxt ailəyə sahibsinizsə, dünyadakı nadir insanlardan birisiniz.
     O halda halımıza şükür etməliyik. Həqiqətən biz çox şanslıyıq.