SAĞLAMLIQ VƏ YEMƏK İÇMƏKDƏ İSRAF
Yemək-içməkdə, gündəlik həyatımızda, xüsusən toy və ziyafətlərdə vicdanları sarsıdacaq nə qədər israflar yaşanır. Lovğalıq, təkəbbür və gücünü nümayiş etdirmək üçün təşkil olunan ziyafətlər, stolların üstünü saysız-hesabsız yeməklərlə dolduraraq qürrələnmək, özünü göstərmək üçün məşhur firmalara məxsus paltarları geyinməklə həddini aşmağın məhşərdə fəryad dolu bir peşmanlığa dönəcəyi şübhəsizdir. Çünki ilahi mizanda bunların hamısının hesabı qabağımıza qoyulacaqdır. Sağlamlıq neməti insanın, qiymətini layiqi ilə dəyərləndirmədiyi ən böyük ilahi lütflərdən biridir. Peyğəmbər (s.ə.s): “İki nemət vardır ki, insanların çoxu onun dəyərini təqdir etməz. Sağlıq və boş vaxt.” (Buxari, Riqaq, 1) – buyuraraq bu məsələdəki ümumi qəflət və etinasızlığa işarə etmişdir. Beləliklə də, biz ümmətini sahib olduğumuz bu böyük neməti zay edərək nəticədə peşman olmaqdan çəkindirməyə çalışmışdır. İbn Ömər (r.a.) belə buyurur: “Axşama yetişəndə sabahı gözləmə, səhərə qovuşduğunda da axşamı gözləmə. Sağlam olduğun anlarında xəstəlik zamanın üçün, həyatın boyunca da ölümün üçün tədbir gör!” (Buxari, Riqaq, 3) Bəndəni qəlbən Haqqa yaxınlaşdıran bir çox ibadət və xidmət də ancaq sağlamlıq neməti ilə mümkündür. İnsanın səhhəti pozulanda ibadət və xidmətlər də səviyyəsini itirir. Bu baxımdan əldə fürsət varkən və səhhətimiz yerində ikən bu nemətin şükrünü ən gözəl bir şəkildə ifa etməli, ibadətlərimizə səy göstərib xeyir işlərə tələsməliyik. Bütün nemətlər kimi sağlamlığı da ilahi əmrlərə tabe olmadıqca israfdan xilas etmək olmaz. Zəmanəmizdə sağlamlığın çox sadə görünən bir siqaretdən başlayaraq müxtəlif haramlarla pozulması bu nemətin israfının ən qorxunc formalarındandır. Səhhəti yalnız bəslənmək baxımından deyil, isti-soyuq və diqqətsizlikdən meydana gələn yol qəzaları kimi bəzi acınacaqlı məsələlər qarşısında ağlın və ilahi əmrlərin rəhbərliyi altında qorumaq da bu nemətin israf olmasının qarşısını almaq üçün zəruri bir vəzifədir. Uca dinimiz İslam səhhətimizi qorumağımız üçün bir çox maddi və mənəvi yollar göstərmişdir. Yemək-içməkdə normaya fikir verməyi, yoluxucu xəstəliklər olan yerə girməməyi, oradakıların da çıxmamasını əmr etmişdir. Buna bənzər bir çox əmr və tövsiyələrlə qoruyucu həkimliyin əsaslarını bildirmişdir. Bu maddi tədbirlərlə bərabər Allah rizası üçün sədəqə vermək və infaq etmək kimi mənəvi tədbirlərə də əl atmağımızı, beləliklə, bəlalardan salamat çıxmağımızı tövsiyə etmişdir. Yenə də səhhətin qorunması üçün mənəvi tədbirlər sırasında Rəsuli Əkrəm (s.ə.s.) belə buyurmuşdur: “Hər bir oynaq sümüyünüz üçün gündə bir sədəqə verməniz lazımdır. Məhz bu səbəblə hər təsbih bir sədəqə, hər həmd bir sədəqə, hər təhlil (lailahə illallah demək) bir sədəqə, hər təkbir bir sədəqə, yaxşılığı tövsiyə etmək sədəqə, pisliklərdən çəkindirmək sədəqədir. Duha vaxtı qılınan iki rükət namaz bunların yerini tutar”. (Buxari, Sülh, 11) Həqiqətən sağlam olmaq Allaha şükür etməyi zəruriləşdirən böyük bir nemətdir. Bu şükür də maddi plandakı sədəqələrlə ola bildiyi kimi mənəvi palanda sədəqə hökmündə olan zikr, ibadət və Haqqın rizası üçün edilən hər cür xeyirli nemətlərlə də ifa edilə bilər. Yeyib-içmək məsələsində insanların mənəvi səviyyələrinə uyğun olaraq həssaslığı da dəyişir. Məsələn: şəriətdə doyduqdan sonra yemək israfdır. Təriqətdə isə doyunca yemək israfdır. Həqiqətdə kifayət miqdarını Allahın hüzurundan qafil olaraq yemək israfdır. Mərifətdə isə bütün bunlara əlavə olaraq Allah Təalanın lütf etdiyi nemətlərdə nümayiş etdirdiyi ilahi təcəlliləri təfəkkür etmədən yemək israfdır. Xızır (ə.s.)-ın Haqq dostlarından Əbdülxaliq Gücdüvani H.əzrətlərini ziyarət edərkən aralarında olan bu söhbət yemək-içməkdəki mənəvi həssaslığın zirvəsini göstərmək baxımından çox ibrətlidir: Xızır (ə.s.) Əbdülxaliq Gücdüvani Həzrətlərinin süfrəyə qoyduğu yeməyi yeməyərək kənara çəkilir. Həzrət heyrət edərək deyir: -Bunlar halal yeməklərdir. Nə üçün yemirsiniz? Xızır (ə.s.) isə belə cavab verir: -Bəli, halaldır, lakin bişirən əsəbi və hirsli vəziyyətdə, qəflətlə bişirmişdir. Göründüyü kimi bir yeməyin halal olub-olmamasına fikir verməklə bərabər onun hansı əhval-ruhiyyə ilə bişirilməsinə də diqqət etmək lazımdır. Çünki yemək insanın hal, hərəkət və ibadətlərinin ruhaniyyətinə təsir etdiyi üçün qidalara qarşı diqqət yetirəcəyimiz tövrün böyük əhəmiyyəti var. Sələfi-salihin: “Allah Təala bütün tibb elmini yarım ayədə cəm etmişdir: “...yeyin-için, lakin israf etməyin...” (əl-Əraf, 31) deyərək maddi və mənəvi baxımdan sağlam bir həyat üçün yemək-içməkdə israfdan çəkinməyin əhəmiyyətini dilə gətirmişlər. Hədisdə: “İsrafa və təkəbbürə düşmədən yeyin, için, geyinin, sədəqə verin.” (Buxari, Libas, 1) – buyurularaq insanın ehtiyaclarını ödəmək xüsusundakı şəri hüdudlar bildirilmişdir. Başqa bir hədisdə isə belə buyurulur: “Canının istədiyi və arzu etdiyi hər şeyi yeməyin, şübhəsiz, israfdır.” (İbn Macə, Ətimə, 51) Xalq arasında “acgözlük və qarınqululuq” olaraq da ifadə edilən bu hal dinimizdə də rədd edilmişdir. Yenə də bu vəziyyət çox imkana sahib olmağın çox bədxərcliyin şəriətə uyğun olmadığını da ortaya qoyur. Peyğəmbər (s.ə.s.) yemək-içməkdə riayət edilməsi vacib olan normanı və bunun sağlamlığa təsirinin çox gözəl xülasəsini vermişdir. “Heç bir insan mədəsindən daha təhlükəli olan bir qab doldurmamışdır. Halbuki, insana onu ayaq üstə saxlamaq üçün bir neçə tikə yetər. Əgər bir nəfərin mütləq çox yeməyi lazımdırsa, mədəsinin üçdə birini yeməyə, üçdə birini içməyə, üçdə birini də nəfəsinə ayırsın!” (Tirmizi, Zöhd, 47) Əsri-səadətdəki bu hadisə də yemək-içmək məsələsində bu nəbəvi qaydalara riayət etməyin bərəkətini çox gözəl ifadə edir: İskəndəriyyə hakimi Peyğəmbər (s.ə.s.)ə bir çox hədiyyə ilə bərabər bir həkim də göndərmişdi. Peyğəmbər (s.ə.s.) həkimə: “-Ailənin yanına qayıda bilərsən. Çünki biz acmadıqca yeməyən, bir insanlarıq. Yeyəndə də doyunca yemirik” – buyurdu. (Haləbi, İnsanul-Uyun, III, 199) Məhz bu nəbəvi bəyanlar əsrimizdəki həddini aşan bədxərclik və israf nəticəsində yaranan bir çox xəstəliklərin müalicəvi reseptlərini əhatə edir. Əsrlərlə İslamın bayraqdarlığını edən babalarımızın gündəlik həyatlarındakı təmizlik, sadəlik, yemək-içməkdəki orta yolu tutmalarının necə sağlam bir cəmiyyət meydana gətirdiyini bir qərb səyyahı olan Thevenot 1665-ci ildə Parisdə nəşr olunan səyahətnaməsində belə təsvir edir: “Türklər sağlamdırlar və az xəstələnirlər. Bizim ölkələrimizdə yayılan böyrək xəstəlikləri və digər müxtəlif təhlükəli xəstəliklərin heç biri onlarda yoxdur və adlarını belə bilmirlər. Belə zənn edirəm ki, türklərin bu mükəmməl sağlamlıqlarının əsas səbəblərindən biri tez-tez yuyunmaları və yemək-içməkdə orta yolu tutmalarıdır. Onlar son dərəcə az yeyərlər. Yedikləri də xristianlarda olduğu kimi qarma-qarışıq şeylər deyil.” Bir atalar sözündə: “İnsan yemək üçün yaşamamalı, yaşamaq üçün yeməlidir” – deyilir. Bu düstur eyni zamanda möminlərin mühüm bir xüsusiyyətini ifadə edir. İslam əxlaqının bu məsələdəki ölçüsünü bəyan edən bu hadisə çox ibrətlidir: “Bir gün Rəsulullah (s.ə.s.) in bir qonağı gəlmişdi. Qonaq o əsnada kafir idi. Rəsulullah onun üçün bir qoyunun sağılmasını istədi. Qonaq gətirilən südü içib qurtardı. Yenidən bir qab da gətirdilər, onu da içdi. Beləcə düz yeddi qab süd içdi. Həmin qonaq ertəsi gün müsəlman oldu. Allah Rəsulu yenə də ona süd gətirilməsini əmr etdi. Qonaq südü içdi. Rəsulullah (s.ə.s.) təkrar süd gətirtdi, amma müsafir bu dəfə südü içib qurtara bilmədi. Bunu görən Rəsulullah (s.ə.s.) buyurdu: “Mömin bir bağırsağı ilə, kafir isə yeddi bağırsağı ilə içər.” (Müslim, Əşribə, 186) Yeməyin bərəkətini qaçıran bütün davranışlar da israf dairəsinə daxildir. Yeməyə əli yumadan və bismillahsız başlamaq, axırda da bu nemətləri lütf edən Allah şükür etmədən süfrədən qalxmaq da nankorluq və israf sayılır. Hədislərdə buyurulur: “Yeməyin bərəkəti yeməkdən əvvəl və sonra əlləri yumaqdadır.” (Tirmizi, Ətimə, 39) “Əlində yemək bulaşığı qaldığı halda yumayıb yuxuya gedən kimsə hər hansı bir bəlaya düçar olarsa özündən başqa heç kəsi günahlandırmasın.” (Əbu Davud, Ətimə, 53) Yeməkdən əvvəl və sonra əl yumaq məsələsində babalarımızın həssas davranışı, həqiqətən, təqdirə layiqdir. Eyni zamanda, bismillah ilə başlayıb əlhəmdülillah ilə bitirilən yeməklər bir şəfa mənbəyi olduğu halda, bismillahsız və şükürsüz yeyilən yeməklər qəflət və sıxıntıya səbəb olur. Bu hikmətə əsaslanaraq Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: “Əgər bir şəxs evinə girərkən və yemək yeyərkən bismillah deyərsə şeytan, əsgərlərinə: “Burada nə gecələyə bilərik, nə də yemək yeyə bilərik.” Hərgah həmin kimsə evə girəndə bismillah deməsə şeytan onlara: “Gecəni keçirməyə bir yer tapdınız.” – deyər. O şəxs yemək yeyəndə də bismillah deməzsə şeytan yenə də əsgərlərinə: “Həm qalmağa yer, həm də yeməyə yemək tapdınız” -deyər. (Müslim, Əşribə, 103) Su içəndə də bismillah deyib üç dəfə içilməli və axırda da “əlhəmdülillah” deyilməlidir. Rəsulullah (s.ə.s.) suyu və digər mayeləri üç dəfəyə içər və bu barədə belə deyərdi: “Dəvə kimi bir nəfəsə içməyin. İki və ya üç nəfəsdə için. Bir şey içdiyiniz zaman bismillah deyin, içəndən sonra da “əlhəmdüllah” deyin!” (Tirmizi, Əşribə, 13) Yeməyi təkbaşına və ayrı yemək də bərəkəti qaçırır və dolayısı ilə israfa səbəb olur. “Camaatda rəhmət, ayrılıqda əzab vardır.” (Münavi, III, 470) buyuran Rəsulullah (s.ə.s.) yemək yeyəndə də bir yerdə olmağı tövsiyə etmişdir. İtkilərin və israfın hesabını aparmağa insanın gücü çatmır. Cəmiyyətimizdə təkcə çörəyin istifadəsindəki israfı ölçü olaraq götürsək və sayıb qurtara bilmədiyimiz israfları da bununla müqayisə etsək alınan rəqəmlər fəryad dolu bir məhşər təşkil edər. Xülasə, israf içindəki eqoist bir həyat tərzinin axırı çox böyük bir xüsrandır ki, Allah Təala: “Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (əl-İsra, 27) – buyurmuşdur. Xüsusilə, tərbiyə xüsusunda, yəni insan şəxsiyyətinin formalaşmasında, onun varlıqların ən şərəflisi olması istiqamətində yetişdirilməyib ziyan edilməsi israfların ən böyüklərindəndir. Həqiqətən də, ata-anaların övladlarını Quran və Sünnə mühitində yetişdirmələri onların mənəvi həyatının ziyan olmasının qarşısını almaq üçün zəruri bir vəzifədir. Allah Rəsulu (s.ə.s.) buyurmuşdur: “Sizə iki əmanət qoyub gedirəm; Kitab və Sünnə...” (Muvatta, Qədər, 3) Buna görə də Qurani-Kərimlə ülfətimizi artırmağa çalışmalıyıq. Xüsusən uşaqlarımızın təhsil həyatında çox vaxt etinasızlıq göstərilən mənəvi və əxlaqi tərbiyə məsələsində də ciddi səy göstərməliyik. Bu çalışmaların necə bir uxrəvi xoşbəxtlik vəsiləsi olduğunu Allah Təala belə bəyan etmişdir: “İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur.” (ət-Tur, 21) Bu ilahi lütfə nail olan möminlərlə onların imanlı nəsilləri axirətdə də birlikdə olacaqlar. Bu, Allah Təalanın onlara cənnətdə uşaqları ilə bərabər rahatlıq içində yaşamaları üçün verdiyi müstəsna bir lütfüdür. Beləliklə, ata-anaların sevinc və səadətləri də tamamlanmış olur. Bu ilahi lütfə nail olmağın yolu övladlarımızın məhz Quran və Sünnə mühitində imanlı nəsil olaraq yetişmələrindən keçir. Bütün israfların əvvəlində yer alan “insan israfı”ndan çəkinmək üçün övladlarımıza qarşı vəzifələrimizi yerinə yetirmək hamımızın üxrəvi məsuliyyətidir.
