KEÇƏN VAXTDIR, YOXSA ÖMÜR?


     İnsanların istifadə etdiyi bir cümlə vardır: “vaxt keçir”. Ağlımıza bir sual gəlir: keçən vaxtdır, yoxsa ömür? Cavabı tapa bilmək üçün bir sual daha versək, hər şey aydın olur. Sual budur: bu ikisindən hansını dayandıra bilərik? Öncə zamanı düşünək; istəsək zamanı dayandıra bilərik. Bəlkə də təəccübləndiniz, amma, yaz və payızda saatları bir saat önə və ya geriyə çəkən biz deyilikmi? Bir ölkədən başqa bir ölkəyə gedərkən də saatlarımızı o ölkəyə görə qururuq, buna əsasən deyə bilərik ki, vaxt izafidir. Eyni zamanda tam əminliklə deyə bilərik ki, Allah Təala Qurani Kərimdə zamanı fərqli dəyərləndirmişdir: Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın min il kimidir. (əl-Həcc 22/47.)
     Uca Allah Qurani Kərimin bəzi yerlərində də, xüsusilə qiyamət haqqında olan ayələrdə bir göz qırpımında hər şeyin olub bitəcəyini bildirir. (Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! əl-Qəmər 54-50) Allah Təala vaxtın qiymətini, “Asr surəsi”ndə olduğu kimi bir çox ayələrdə də zamana and içərək bildirmişdir.
     Yuxarıda qeyd etdik ki, zamanı geri çəkib təzədən başlada bilərik. Zaman haqqında hal belə ikən, ömrümüzə sözümüz keçirmi? Ömrümüzün bir anını belə, geri alıb təzədən yaşaya bilirikmi? Dünyada bir çox elm adamı qocalığın qarşısını almağa yaraya biləcək dərmanlar icad etməyə çalışmışdır. Ancaq ömrü bir an belə, geri almağa cürət edən olmamışdır. Çünki bunun mümkün olmadığını hamı bilir. Bəs nəyə görə həyatımızı dəyərli etmirik. Birisi əlimizə bir qab versə və desə ki, gir bu bağa istədiyin qədər meyvə doldur. Biz o qabin hər kvadrat santimetrini doldurmağa çalışarıq, böyük sığmayan yerə kiçik meyvə yığarıq. Bəs ömür bizə verilmiş ən qiymətli bir hədiyyə deyilmi? Bəli, həyatımız dəyərlidir, onu bizə bəxş edən Uca Allah, necə etsək daha da qiymətli olacağını bizə Qurani Kərimdə və göndərdiyi son elçisinin həyatında öyrədir. Əməlimizin dəyərini bildirən Allah Təala “Zəlzələ” surəsində edəcəyimiz əməllərin qarşılığını görəcəyimizi xəbər verərkən  “zərrə qədər” və “misqal” ifadəsindən istifadə edir. Bu isə, əməlimizin qızıldan da dəyərli olduğunu bildirir.
      Əməllərimizi dəyərli etmənin birinci yolu “həmd” etməkdir. Həmd, yəni şükür, hər şeyə görə Allaha edilməlidir. Həyatı bizə bəxş edən Odur. Həmd, sözdə deyil əməldə olmalıdır. Bədənimizin şükrünü Allah rızasına uyğun yaşamaqla verə bilərik, göz harama baxmadığı zaman həqiqi şükür etmiş olar, dil doğru söyləyərək, ağız halal yeyərək, ayaq Allah yolunda yeriyərək və s. Bədənimizi verən Rəbbimiz bədənimizin rahat olması üçün ətraf mühiti də hazırlayıbdır, kainatı, cəmiyyəti, ailəmizi, millətimizi və s. Bədənin cəmiyyət içərisində həyatını nizamlaya bilməsi üçün, Uca Allah vaxt məfhumunu da yaradıbdır, gecə-gündüz, fəsillər və s. vasitəsilə. (Günəşi işıqlı, ayı nurlu edən illərin sayını və hesabı biləsiniz deyə ay üçün mənzillər müəyyən edən məhz Odur. Yunus 10/5)  Bəs biz vaxtın şükrünü edirikmi? Bu isə israf etməməklə mümkündür.
      Bəzən həyatı dolu yaşamaq, insanlar arasında səhv başa düşülür. Birisinə deyiləndə ki, bir neçə gün ömrün qalıb, hər kəs həyatın ləzzətlərinin hamısını ona daddırmağa çalışır. Amma unudulur ki, bu ləzzətlərdən bəzisi, axirət həyatındakı ləzzətdən məhrum qalıb, əzaba səbəb ola bilər. Məhz bu əzabdan qoruna bilmək uçun dünyada tamahımızı çəkən, amma günah olan şeylərdən uzaq durmalıdır insan. Bu mənada yalnız ağlımızla düşünsək doğruları tapa bilmərik. Çünki, insan ağlının sərhəddi yoxdur ki, bəzi filosoflar düşünərək fikirlərində doğruları tapmaq yerinə, azğınlığa düçar olmuşlar. Buradan aydın olur ki, ağlımızı sərbəst buraxmamalıyıq, ona iman sərhəddi qoymalıyıq. İman sərhəddi dairəsində düşünən filosoflar isə, İmam Qazzali kimi, tarixdən görürük ki, böyük iman əhli olublar.
      Yuxarıda dedik ki, vaxtın şükrü israf etməməklə mümkündür. Əgər, işlərimizi planlı görsək, böyük işlərin içinə kiçik işləri də sığdırmağa çalışsaq, “vaxtım çatmır” ifadəsini daha az istifadə edərik.
      Həyatda iki şey var ki, insan ikisindən də doymur: vaxt və mal. Hər ikisi də hər zaman az görünür. Amma unuduruq ki, mal bizim deyil, Yaradanın bizə əmanətidir, imtahan vasitəsidir. Bunun şüurunda olaraq yaşayan insan malın bərəkətini görür. “Verən əl, alan əldən üstündür” şüarıyla yaşadığı üçün, bir tərəfdən də Allahın əmanətini Allah yolunda xərcləyir və malı axar çay kimi olur, ardı arxası kəsilmir, gah sel gəlir daşır, çağlayır, gah da qurumaq üzərə olur. Bəzən əlimizdə olan milyonlar bir anda yox olur, bəzən isə, bir manatın belə bərəkətini görürük. Əgər, qazancımız halal yoldandırsa və halal yola xərcləyiriksə onun bərəkəti çox olar, özümüz də çaşıb qalarıq bu ilahi lütf qarşısında. Amma haram yoldan gələn gəlirin, ehtiyacımızdan artıq olanı haram yola da xərclənir. Unutmayaq, ana bətnindəki körpə pul qazanıb yemək axtarmır, o, yalnız göbək bağıyla qidalanır, doğulduqdan sonra da ana südüylə. Gördüyümüz kimi, Allah insana öncə bir qapıdan ruzi verir, sonra o bir qapını bağlayıb iki qapı açır, iki qapı bağladıqdan sonra isə, yavaş-yavaş bütün qapıları açır. (Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən, yaxud becərmədiklərindən yesinlər. Hələ də şükür etməzlər. Yasin 36/34-35) Amma insana bütün dünya nemətlərini verən Uca Allah bunlardan bəzilərini (donuz əti, spirtli içki və s. kimi) qadağan edir, imtahan üçün, Yaradanımıza sədaqətimizi ölçmək üçün, ilahi kameraya qeyd edib (O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra həmin işlər sizin saydığınızın min ilinə bərabər olan bir gündə, Qiyamət günündə Ona doğru yüksələr. əs-Səcdə 32/5.) sonra bizə göstərmək üçün və ilahi ədalət nəticəsində etdiklərimizin sonunda haqqımız olanı bizə vermək üçün.
      İnşallah, Allahın rəhmətini qazanmaq bütün insanlara nəsib olsun. Hər şeyə qadir olan Uca Allah, Rəhman olanı tanıyıb, Rahim sifətinə layiq olanlardan etsin bütün insanları.