SAĞLIQ VƏ ONUN ŞÜKRÜ


     Kainatı mükəmməl bir şəkildə yaradan Allah Təala varlıqlar içərisində əşraful-məxluqat (yaradılmışların ən şərəflisi, ən mötəbəri) adlandırdığı insanı bir çox xüsusiyyətləri ilə digər varlıqlardan üstün qılmışdır. Verdiyi nemətin dəyərini anlaması və bu dəyəri lazımi şəkildə mühafizə etməsi üçün insana bir sıra öhdəliklər vermişdir. Fiziki və bədən yönündən qüsursuz yaradılan insan həyatda imtahan səbəbilə bir çox çətinliklərlə üzləşır. Bunlar qarşısında dözüm nümayiş etdirərək Allahın insanlar üzərinə yazmış olduğu qədəri qəbul edib səbir və mətanət göstərir. Allah Təala hər zaman bəndəsini müxtəlif çətinliklər, müsibətlər və bəlalarla imtahan edir və onun bu şəkildə nə qədər dözümlü, mətanətli, ona bağlı olduğunu öyrənir. Həqiqi bəndənin üzərinə düşən iş isə onun üz-üzə gəldiyi çətinliklər qarşısında uca yaradanına sığınaraq ondan bu bəlaları uzaqlaşdırmasını duayla, niyazla istəmək, eyni zamanda səbr nümayiş etdirərək günahlarının yuyulmasına vəsilə olmasını diləməkdir. Peyğəmbərimizin“Bəndə başına gələn xəstəliklərə qarşı səbir göstərərsə günahları yuyular” dediyini nəzərə alsaq, bu insan üçün zahirən şər kimi görünsə belə daxilən onun xeyrinə vəsilə olar. O zaman insan hər an özünü ilahi kameranın müşahidəsi altında hiss etməli, Allahdan gələn bəla və sıxıntıları səbirlə qarşılamalı, xəstələnmədən öncəki sağlam halını düşünərək sağlamlığının şükrünü etməlidir.
     Allah Təala imtahan gərəyi bəndələrini onlara verdiyi nemətlərlə sınayar: Kimisini malı ilə, kimisini elmi ilə, kimisini sağlamlığı ilə və s. İnsanların bəzən bu nemətləri layiqincə qiymətləndirməməsi və verilən nemətə qarşı naşükür olması bəzi sıxıntılara və bəlalara düçar olmasına gətirib çıxarır.
     Allahın insana bəxş etdiyi ən böyük nemətlərdən biri də sağlamlıqdır. İlahi əmanəti qorumaq insanın üzərinə düşən vəzifələrdəndir. Tibbi yöndən sağlam olan hər bir insan sağlığının dəyərini bilməli, daima bunun şükrünü etməlidir. Bununla birlikdə Allah Təalanın halal-haram sərhədlərinə diqqət etməli, sağlamlığına təhlükə yaradan qidalardan və davranışlardan uzaq olmalıdır. Çünkü şəfanın haram yollarla tapılması insanlar üçün şəfa deyil dərd ola bilər. Belə ki bir gün bir nəfər Allah Rəsulundan şərabla müalicə olunmağın hökmünü soruşur. O da bunun haram olduğunu bildirir. Soruşan adam: “Mən onu yalnız dəva və müalicə məqsədilə istifadə edirəm”, deyincə də “O dəva deyil dərd gətirir” cavabını verir (Müslim,əl-əşribə,12)
     Bununla belə Peyğəmbərimiz (s.ə.s.) Allah Təalanın hikmətinə uyğun olaraq mömin qulunu imtahana çəkdiyini, əlinə batan bir tikanın belə  günahlarının yuyulmasına vəsilə olacağını  bildirmişdir. Bu səbəblədir ki Allah Təala başda Peyğəmbərlər olmaqla mömin qullarını daima ağır sınağa çəkmiş, onların şəxsində hər kəsin imtahan dünyasında yaşadığını və sınağa çəkildiyini qulunun günahlarının kəffarəti üçün vacib bilmişdir. Elə buna görədir ki, peyğəmbər yolunu və səhabə əxlaqını özünə düstür edən mənəvi yolun davamçıları özlərinə bir xəstəlik toxunmadığı zaman kədərlənər və “görəsən Allah bizi unutdu?” düşüncəsinə qapılardılar. Başlarına gələn sıxıntılarda Allahın onları tərk etmədiyini bilirdilər. Belə ki Peyğəmbərlərdən Musa (ə.s.) bir gün xəstələnir. Camaat onu ziyarətinə gələrək sağalması üçün təbabət elminə baş vuraraq bitkilərlə müalicə olunmasını məsləhət görürlər. O isə heç kəsin fikrini qəbul etməyərək “Allah istəyərsə şəfa verər” cavabını verər. Allah Təala mələk Cəbrayılı (ə.s.) onun yanına göndərir və ona “əgər müalicə olunmazsa şəfa ehsan etmərəm” deyir. Xətasını anlayan Musa (ə.s.) tövbə edib müalicəyi qəbul edir və sağlamlığına qovuşur.
     İnsan daima bir çox nemətlər kimi  sağlamlığının da qədrini bilməli, buna görə uca yaradanına qarşı təşəkkürünü bildirməli və yaradanına qarşı dua və niyazı tərk etməməlidir. Allah Rəsulunun iman və ibadət çoxluğunda bir-birləri ilə yarışan səhabələri Allahdan gələn cuzi xəstəlikləri belə böyük bir sevinc və səbirlə qarşılamış, qiyamət günü Allah qarşısında onlara verilən nemətlərin şüuru içində olduqlarını düşünərək səhhətlərinə diqqət yetirmələrinə səy göstərmişlərdir. Mömin bəndə hər zaman həyatına Allah Rəsulunun “xəstələnmədən öncə sağlamlığınızın qədrini bilin” hədisini düstur etməklə ilahi əmanəti qorumanın şüuru içində daim yaşamalı, qiyamət günü Allahın hüzuruna üzü ağ çıxmağın həyəcanını içində daşımalıdır.