Hər birimizin ibrət alacağı həyat hekayəsi

 

Xədicə Daştan:

"Təklik, çarəsizlik insanı səbirlə yetkinləşdirir. həyatda qalma mübarizəsini, gecələr ağlayıb Allaha sığınmağı öyrədir. İnsanın Allahla əlaqəsi qüvvətlənir".

Dəyərli oxucularımız, sizləri bu ay, ömrünün uşaqlıq və gənclik illərini böyük çətinliklərlə keçirən, buna baxmayaraq yaşadığı bu çətinlikləri, "Rəbbinin özünə təqdim edəcəyi bir nemətin hazırlıq dövrü" kimi görən, buna görə də özünə əziyyət çəkdirən hər kəsə ürəkdən dua edərək böyük bir ibrətlik hal sərgiləyən Xədicə Daştan xanım ilə tanış edəcəyik. Xədicə xanım bu günlərdə Bakımızın qonağı oldu. Onunla birlikdə olub, gözəl söhbətlər etməkdən çox şad olduq.

 

B.Ailə: Hörmətli Xədicə xanım, sizi qısaca tanıya bilərikmi?

X. Daştan: Qızım, əvvəla onu demək istəyirəm ki,Musa ustadımızın, Osman ustadımızın “Azərbaycan” dedikləri zaman gözlərinin içinin güldüyünü, tələbələrə danışarkən onlardakı məhəbbəti gördüyümüz zaman Azərbaycanla maraqlanardım. Azərbaycanlı tələrbələr məhəbbətlə, çalışqanlıqla, verilən öyüdlərə diqqətlə qulaq asaraq böyüklərimizin məhəbbətini qazanmışdılar. Təyyarədə gələrkən Azərbaycan sərhədlərinə daxil olan kimi bu məhəbbət hiss olunmağa başladı. Böyüklərimizin burdan aldıqları məhəbbət və sizin məhəbbətləriniz birləşdiyi zaman “nurun ala nur” olmuş. Hər qəlbdə ayrı sevgi var, hər kəsin üzü gülür - deyirəm, Azərbaycanda hər kəs belə gülərüzlüdür. Böyüklərimiz də bizi buraya böyük bir məhəbbətlə göndərdilər ki, Allah bizi bu sevgilərə layiq eyləsin.

Qızım, tanışlığa başlamadan əvvəl bir xüsusu bildirmək istəyirəm. Həyatım, evlənənə qədər çox çətin imtahanlarla keçdi. Mən Rəbbimin qədərindən razıyam, şikayətçi deyiləm. Şikayətçi olmadığım üçün də kimsəyə anlatmamışdım. Ta ki -himməti hazır olsun bir gün mərhum Musa Topbaş ustadımız mənə:

"Qızım! Uşaqlığınızda yaşadıqlarınızı, başınızdan keçən imtahanlarınızı gənclərə danışın. Söhbətlərdə də danışın! Dinləyənlər, qissədən hissə asınlar", dedi.

Mən donub qaldım. Çünki ona və kimsəyə başıma gələn hadisələri heç danışmamışdım. Yoldaşım, uşaqlarım belə, sizə dediklərimi bilmirlər, heç danışmamışam. Mən Ustadımızın bu kəramətinə sükut etdim. Bir şey deyə bilmədim.

Bugünkü müsahibəmiz də Musa ustadımızın istəyilədir. İnşallah, dedikləri kimi, qissədən hissə alınar, biz də vəzifəmizi yerinə yetirmiş olarıq.

Həyatıma gəldikdə isə...

Əslən Təkirdağda doğulmuşam. İki yaşında ikən, atam vəfat etdi. Anam, dörd uşaqla dul qaldığı üçün, bizi ata yurdu Balıkesir Bandırmaya anasının evinə apardı. Bizə baxa bilmək üçün işləməyə başlasa da dolanışıq çətinlik çəkdiyi üçün məni övladlığa vermək məcburiyyətində qaldı. On altı yaşıma qədər, dörd ayrı-ayrı yerlərdə övladlığa verildim.

İlk olaraq, mən hələ beş yaşında ikən İzmirdə bir ailəyə verildim. Hələ də xatırlayıram o anları ... İzmirdəki o həyatımı unuda bilmərəm, Allah hamısından razı olsun! Məni övladlığa götürən ailə,

məmur ailəsi idi; heç uşaqları olmamışdı. Anamın sağlığında ikən bizə gəldilər, qardaşlarımın arasından məni seçdilər.

Bir gün anam məni yuyundurdu. Saçlarımı daradı, bağrına basdı, gecə yanımda yatdı. Səhər nənəm və anamla birlikdə yola çıxdıq. Anam Bandırma Avtovağzalına qədər məni kürəyində daşıdı. Gözyaşları içində, məni və nənəmi yola saldı. Bizi, İzmirdə bir kişi qarşıladı. Evinə apardı.

Evinə gəldiyimiz zaman, divanda xəstə yatan bir xanım var idi. Mən utancaqlıqla ətrafa baxarkən, xəstə yatan xanım mənə:

"Gəl qızım, bax, mən xəstə idim. Əməliyyat olunmuşdum. Ona görə səni süd anaya vermişdim. Mən sənin gerçək ananam! İndi yaxşıyam. Artıq sənə özüm baxacağam!" dedi.

Mən, onun bu sözlərinə fikir vermədim. Biz o gecə nənəmlə birlikdə yatdıq. Səhər yuxudan oyananda mən nənəmi görmədim. Ağlamağa başladım. Mənə eyni şeyi söyləyib sakitləşdirməyə çalışdı. Mən:

"Xeyr, siz mənim anam deyilsiniz!" deyərək, ağlayırdım.

Bir neçə gün sonra sakitləşdim. Onlar çox gözəl insanlar idi. Atam, hər axşam evə gələndə bir şokolad gətirir, başının üstünə qoyaraq:

“Bu kimindi?” deyərdi.

Mən də dərhal qaçar, yanaqlarından öpər, şokoladı alardım. Məni öz övladları kimi sevmişdilər. Hər həftə dərziyə aparıb, yeni paltarlar tikdirərdilər. Xəstə olduğum zaman qucaqlarından endirməzdilər. Uşaqlığımın ən gözəl günlərini o evdə yaşamışam. O ailədə iki il qaldım.

Bir gün ögey anam mənə :

“Süd anan xəstələnib, onu görməyə gedəcəksən!” dedi.

Məgər öz anam, Təkəldə işləyərkən radioda bir mahnı eşidib, ürəyi gedibmiş. O mahnı beləymiş: "Ayrılıq yarı ölməkmiş, O, oddan köynəkmiş!"

Anamı təcili olaraq xəstəxanaya aparıblar. Köhnə həkimlər başqa imiş; anamı müayinə etdikdən sonra:

"Həsrət çəkir?" deyə, həkim soruşub. Yanındakılar da:

"Bəli, qızını övladlığa verib. O da İzmirdədir!" demişdilər.

Anam öd kisəsindən əməliyyat olmalıymış. Həkim anamı İzmir Dövlət Xəstəxanasına göndərir və:

“Ora gedəndə qızını mütləq görsün”, deyib.

Anam İzmirə gəlib, əməliyyat olduqdan sonra məni də ziyarətə gətirdilər. Məni çox gözəl geyindirdilər; qırmızı kostyum, qırmızı beret, laklı ayaqqabılar. Əllərimdə ağ əlcək, qolumda ağ çanta. Xəstəxanaya getdik.

"Bandırmalı Aişə!",- deyə anamı çağırdılar.

Anam gəldi, məni qucaqladı. Mən isə qucaqlaya bilmədim, anamı unutmuşam. Daha sonra xəstəxanadan çıxanda bizə gəldi. Yanında xalam da vardı. Xalam mənim tək olduğumu görüb yanıma gəldi:

"Ölənlə olana çarə yoxdur! Sən gerçəyi bilməlisən. Buradakılar sənin gerçək ailən deyil! Süd ananın zənn etdiyin Aişə anandır, sənin öz anan!" dedi.

Onlar iki gecə bizdə qalandan sonra xalamla bərabər getdilər. Mən də ögey anama:

"Siz mənim öz anam deyilsiz?" - dedim.

Ögey anam məni geri aparacaqlarını hiss edib çox kədərlənmişdi. Daha sonra ögey anamla birlikdə Bandırmaya getdik. Bir qohumumuzun evində idik. Ögey anam, kədərindən çox sarsılmışdı. O sırada xalam məni aparmağa gəlmişdi. Mənə:

"Sənə paltar tikdirəcəyik, dərzini də xalan tanıyır, sən indi xalanla get!" dedilər. Mən:

"Xeyr, dərziyə getmək istəmirəm. Anamın yanında qalacağam!", deyirdim.

Ögey anamın ağrısı üzündən oxunurdu. Xalam birdən məni qucağına alıb sürətlə çölə çıxardı. Mən getməmək üçün çırpınırdım. Küçənin başında anam gözləyirmiş, o qucağına aldı.

"Qızım, mən sənin gerçək ananam!" deyib möhkəm sarıldıqca, mən:

"Xeyr, sən mənim anam deyilsən!" deyərək ağlayırdım.

Məni zorla evə apardılar. Gecə evdən qaçdım. Bir neçə gecə belə qaçmağa çalışdım. Anam səhərlər işə gedirdi. Bir gün işə gedəndə yenidən evdən qaçdım. Ögey anamla qaldığımız evə gəldim. O sırada südçü gəlmişdi. Evin sahibəsi çölə süd almağa çıxdı. Qapı beləcə açılınca mən dərhal ona doğru qaçdım. Qadın:

"Anan burda deyil! .." deyərək qapını üzümə bağladı.

Sonradan öyrəndim ki, ögey anam içərdəymiş və ağlayırmış. Artıq heç bir ümid qalmadığında gerçəkləri qəbul etməyə başladım.

O il məktəbə yazıldım. Birinci sinifi bitirdim, qiymət vərəqimi aldıqdan bir ay sonra iyul ayında anam vəfat etdi. Biz tamamilə tək qaldıq.

Orta məktəbi bitirən böyük qardaşımı, Dövlət, hərbi məktəbə yazdıraraq himayəsinə götürdü. Mən və qardaşlarım isə dayımızın yanında qaldıq. Daha sonra hələ iki ay keçmədən dayım məni başqa bir yerə övladlıq verdi.

Bu getdiyim yerdə xanım, tək yaşayırdı. Yoldaşı və qızı vərəmdən ölmüşdülər. Mənim ilk imtahanlarım orada başladı. O xanım, məni övladlıqdan çox, xidmətçi olaraq almışdı sanki. Səkkiz yaşım vardı. Amma evi silmək, süpürmək, evin hər işini mən edirdim. Amma Allah razı olsun, məni bəzən həftə sonları nənəmin yanına göndərirdi. Bir dəfə nənəmin yanından gələndən

sonra bir daha oraya getmək istəmədiyimi söylədim. Məni məcbur etmədi. Artıq bir il çətin şərtlər altında yaşamışdım çünki. İkinci sinifi də orada bitirdim.

Uşaqlığımın o dövründə unutmadığım bir xatirə var. Onu da deməmiş keçə bilməyəcəm:

Ramazan ayı idi. Yaxınlığımızda Aviasiya Məktəbi vardı. Bizim kimi maddi vəziyyəti yaxşı olmayan on uşağı bir avtomobilə mindirib Əskəriyəyə apardılar. Əskəriyədə bizi böyük çadırların içinə aldılar. Çadırın içində əllərində paketləri olan gənc xanımlar var idi. Hər birimizi bir xanım aparırdı. Məni təpədən dırnağa geydirdilər. Başımdakı lentə qədər hər şeyimi yenilədilər. Sonra bizi yemək yeməyə apardılar. Oradakı bütün uşaqlar, yeni paltarları olduğu üçün çox sevincli idilər. Mən o vəziyyəti yaşadığım üçün, uşaq sevindirməyin nə qədər vacib olduğunu bilir və bu gün də əlimdən gəldiyi qədər əvvəl uşaqlara kömək etməyə çalışıram. O ləzzəti hər uşağa yaşatmaq lazımdır! Sevməyi, sevilməyi, xoşbəxt olmağı hər uşaq dadmalıdır!

Doqquz yaşında ikən və üçüncü sinifə başladığım zaman, başqa bir yerə övladlığa verildim. Beləliklə, üçüncü dəfə övladlıq olaraq verilmişdim. Onlar da məni bir əvvəlki xanım kimi, övladlıq üçün deyil, işlətmək üçün almışdılar. Ögey anam evdə olanda heç vaxt saat yeddiyə qədər yatmazdım. Saat yeddidən əvvəl qalxıb səkkizin yarısına qədər üst mərtəbədəki otaqları, hamamı və sobanı təmizləyər, hazırlayardım. Üç-dörd mərtəbə aşağıdan odun daşıyardım. Əgər səkkizin yarısına qədər bu işləri çatdırmasam cəza olaraq, o günkü naharımı vermirdilər.

Bir gün naharı etdik, mən süfrəni yığışdırdım. Məktəbə getməzdən əvvəl, mətbəxdə iki dilim çörəklə Bandırmanın kəllə pendiri vardı. Ondan bir az götürüb məktəbdə yemək üçün çantama qoydum. O gün ögey anam məktəbə gəlmişdi. Biz də tənəffüsdə idik. Yoldaşlarım oynayır, mən də divara söykənmiş, pendir çörəyimi yeyirdim. Doqquz yaşında uşağam; yarı ac, yarı tox gəzirəm. Aldığım çörəyin icazəsiz alınmasının oğurluq olacağını düşünməmişdim. Elə bir loxma yemişdim ki, qarşımda ögey anam, məktəbin darvazasından mənə baxırdı. Mənə işarə edib yanına çağırdı. Mən yanına gedərkən əlimdəki çörəyi dərhal yoldaşıma verdim. Qorxudan nə deyəcəyimi bilməmişdim. Ögey anam:

"Əlindəki nə idi?" dedi. Mən də:

"Dostumun çörəyi idi, bir az mənə vermişdi! .." deyə, qorxudan yalan söylədim. Orada mənə:

"Yalançı, oğru! ..", deyib şillə vurdu. Təbii ki, bütün yoldaşlarım da bunu gördü. O anda hansı hisslər keçirdiyimi deyə bilmərəm artıq.

Şənbə günləri bazara gedərdik. Ögey anam hər şeyi alar, mən də daşıyardım; qollarım qopardı. Bir gün bazardan gəldikdən sonra bir alma götürüb yedim. Məgər almaları da sayıb alıbmış. Gəlincə saydı, əksik olduğunu gördüyündə bir şillə də o zaman yedim. Bir daha əsla evdən heçnə yemədim. Süfrədə onların yanında nə yesəm o idi yediyim. Bazardan meyvələr gəlincə almaları iyləyər, bəzən dözə bilməz yalayıb yerinə qoyardım.

Aradan uzun zaman keçsə də mənə oğru deməyi tərgitmədi. Biri məni bəyənib tərifləsə:

"Nə gözəl qızdır, necə bacarıqlıdır!", desələr, dərhal:

"Amma bir qüsuru var ki, oğrudur!", deyərdi.

Təbii ki, bunun kimsəsiz və yetim uşaq ruhunda nə qədər dərin yaralar açacağını təxmin edə bilərsiniz.

Tamamilə yalnız idik; kimi, kimə şikayət edək. Bir xidmətçi kimiydim, uşaq olduğumun fərqində deyildilər sanki. Bəzi işləri öyrətmədən etməmi istəyirdilər.

Bu vaxt ərzində artıq on beş yaşıma çatmışdım. Bir gün qapı döyüldü. Yuxarıdan baxdım, qapıda bir zabit! Ögey anam:

"İçəri gəlsin!" dedi.

İçəri gəldi. Aşağıda ögey anamla danışdılar, o getdi. Ögey anam:

"O gələn sənin böyük qardaşın idi", dedi.

Düşünün, içəriyə gəldi, onu gördüm, amma tanımadım. O getdikdən sonra mənə böyük qardaşım olduğunu söylədi.

Böyük qardaşım zabit olmuşdu. Mənim çox əziyyət çəkdiyimi eşidib, məni qaçırmaq üçün bir plan qurubmuş.

Qardaşım ögey anama:

"Bu həftə bazar günü nişanım var. Nişanlıma və qohumlarıma Birsəni (mənim şəxsiyyət vəsiqəsindəki adım) nişana gətirəcəyəm deyə söz verdim. Siz onu mənimlə göndərin, mən dərhal sabahısı günü özüm onu geri gətirəcəyəm!" deyib. Ögey anam mənə:

"Qardaşın sabah gələcək, səni nişanına aparacaq!" dedi.

Mənim gələrkən gətirdiyim kiçik çantam vardı. Ona bir neçə əşya qoydum. Böyük qardaşım gəldi, məni apardı. Yolda qardaşımla tanış olduq, danışdıq. Mən, təbii illər sonra qardaşlarımı, qohumlarımızı görəcəyəm deyə çox həyəcanlı idim. Xalamgilə gəldik. Mənə heç:

"Xoş gəldin!" - deyən olmadı.

Hər kəsin əlini öpdüm, pişik kimi kənara büzüldüm oturdum. Məgər onlar da məni tanımamışdı, böyük qardaşım etdiyi plandan, məni qaçırdığından xəbərləri yox idi! Zənn etmişdilər ki, qardaşım bir qız qaçırıb. Sonra böyük qardaşım:

"Siz, görəsən, Birsən necədir ?!» deyirdiniz, buyurun sizə Birsəni gətirdim!"-deyincə xalam qalxıb məni bərk-bərk qucaqladı.

Böyük qardaşım məni bir də ora göndərmədi. Daha sonra xalamın evində qalarkən qonaqları gəlmişdi. Bir gənc qız var idi:

“Tezliklə nişanım olacaq” – deyirdi.

Sahibsiz olduqda, kimin işi olsa, gəlib aparır. Məni köməyə apardılar. Nişana qədər evi təmizlədik, cehiz hazırlayana qədər nişan günü gəldi. Qonaqlara ikram edirəm. Günəş gözlüyü taxmış bir gənc, hər ikramdan sonra mənə:

"Əlinizə sağlıq!", deyirdi. Məgər kürəkənin qardaşı imiş o gənc:

"Bu İstanbul şivəsi ilə danışan qız kimin qızıdır? Hər halda nişanlıdır!”, deyə soruşub.

Onlar da mənim kim olduğumu söyləyiblər və:

"Bu tərbiyəli qızı da sənə alaq!", deyiblər. O da:

"Olar!" deyib. Sonra məndən soruşdular:

"Ancaq oğlanın bir qüsuru var, gözünün biri kiçikdir!" dedilər. Mən də:

"Qüsur Allahdan... Amma mən evlənə bilmərəm, mənim nə cehizim var, nə də mənimlə maraqlanacaq kimsəm! Böyük qardaşım də burada deyil! Olmaz!” dedim.

Yılmaz Bəyə vəziyyəti bildiriblər. O da:

"Mənə cehiz lazım deyil, mənə can yoldaşı olsun bəsdi!", deyib.

<

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)