Könül İqlimindən İncilər

İslama görə nikah və ailə müəssisəsi, nəsil yetişdirmək, övlad tərbiyəsi, nəslin mühafizəsi və insanlıq şərəfinin qorunması baxımından lazımlı və əvəzolunmaz bir dəyərdir.

İslam, bu dəyərə o qədər əhəmiyyət vermişdir ki, onu yox etməyi nəzərdə tutan çürük, mənasız səbəbləri tamamilə rədd və haram etmişdir. Beləliklə, "zina" hərəkətini ən ağır bir şəkildə qadağan etmiş və ona yaxınlaşdıran bütün qapıları da bağlamışdır. Çünki o çirkin hal, nikahın zərifliyi, təmizliyi və qanuniliyinə bir hücum və nəsilləri məhv edən qəddar bir cinayətdir. Nikah kimi bir səadət və dinclik dünyasını zinanın murdarlığına dəyişmək qədər böyük bir qəflət, cəhalət və axmaqlıq ola bilməz.

Evlilik həm bədəni bir ehtiyac, həm də mənəvi inkişafın əsaslı bir zəminidir. Çünki evlilik nəfsi arzuları qanuni ölçü və məqsədlərlə ideallaşdıraraq xeyirli nəsillərin yetişdirilməsinə vəsilə olur. Cənabı-Haqq bu məsələ ilə əlaqədar olaraq bizlərə:

“…Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” (əl-Furqan, 74) duasını təlqin etmişdir.

Bir xanımın ən qiymətli, hətta əvəzsiz varlığı, iffətidir. Qadınlıq şərəf və ləyaqətini qorumaq ancaq iffət sayəsində mümkündür.

Uca dinimiz qadının iffətinə daha çox əhəmiyyət vermişdir. Məsələn, Məryəm anamız iffəti səbəbi ilə Qurani-Kərimdə "iffətini qoruyan Məryəm" (ət-Təhrim, 12) bəyanı ilə mədh edilmiş və onun adı tam olaraq 34 yerdə zikr edilmişdir. Quranda adının bu qədər zikr edilməsi, başqa heç bir qadına nəsib olmayan bir şərəfdir. Bu da göstərir ki, bir qadını ən qiymətli edən xüsusiyyəti, iffətidir. İffətin itirilməsi isə insanlıq şərəfini zay etmək və digər məxluqatın səviyyəsinə, hətta daha da aşağı düşmək deməkdir.

İslam, insanı səadətə çatdıracaq bir ailə həyatının şərtlərini ən gözəl şəkildə və bütün detalları ilə təyin edərək Rəsulullahın (s.ə.s.) timsalımda bizə dinc bir ailə yuvasının ən mükəmməl modelini sərgiləmişdir. Heç bir qadın, həyat yoldaşını validələrimizin Allah Rəsuluna olan sevgiləri dərəcəsində sevə bilməz.

Heç bir ər də xanımını, Allah Rəsulunun mübarək xanımlarına olan məhəbbəti və nəzakəti səviyyəsində sevə bilməz. Heç bir övlad, atasını Həzrəti Fatimənin atasını sevdiyi qədər sevə bilməz. Heç bir ata da övladını, Allah Rəsulunun Həzrəti Fatiməni sevdiyi qədər sevə bilməz.                         

Bu səbəbdən İslami bir ailə həyatının təsisi və davamı üçün Allah Rəsulunun müstəsna gözəlliklərlə dolu ailə həyatından hissələr almaq zəruridir.

Məsələn, Rəsulullahın həyatında yoxluq vardır, lakin heç bir zaman şükürsüzlük yoxdur. Necə ki, bir dəfə çox sevdiyi qızı Fatimə arpa çörəyi bişirib ona gətirdiyində Peyğəmbərimizin:

"Qızım, üç gündür atanın mədəsinə girən ilk loğma bu olmuşdur" (İbni Sad, Tabaqat, 1/400) - qarşılığını verməsi,  Onun könül hüzuru ilə qənaət etdiyi həyat şərtlərinə tipik bir misaldır.

Yenə ümmətinin dinclik və səadətə qovuşması üçün çırpınarkən; "... Allah yolunda heç kimin görmədiyi əziyyətlərə məruz qaldım ..." (Tirmizi, Qiyamət, 34/2472) buyurmuşdur. Lakin heç bir zaman halından şikayət etməmiş, əksinə, daim həmd, şükür, riza və təvəkkülün zirvəsində, dinclik dolu bir könül kamilliyi ilə yaşamışdır.

Unudulmamalıdır ki, həyat daim düz xətt istiqamətində davam etmir. Zaman-zaman eniş-yoxuşları olur. Gün gəlir könüllər sevinc və səadətlə dolur, gün gəlir hüzn və kədərlə göz yaşları sel olur.

Bu səbəblə ana-ataların, sabahın nəsillərini şəkilləndirəcək olan övladlarının yetişməsində, onlara həyatın yalnız şirin yanlarını və gözəl mənzərələrini göstərmələri böyük bir səhvdir. Əsasən bu, ilahi tərbiyəyə də ziddir. Çünki elə olsaydı, Cənabı-Haqq ən sevimli qulları olan peyğəmbərlərini rahatlıq içində yetişdirər və onlara heç çətinlik üzü göstərməzdi. Lakin Rəbbimiz onları insanoğlunun qarşılaşa biləcəyi ən ağır çətinlik və müsibətlərlə yoğurub yetişdirmişdir.

Məsələn, Yusifin (ə.s.) əvvəl quyuya, sonra da zindana atılmasını təqdir etmiş, o mənəvi mədrəsələrdə könül aləmini təkamül etdirdikdən sonra Misirə sultan olmasını arzu etmişdir.

İbrahim (ə.s.) malı, canı və övladı xüsusundakı çətin imtahandan keçməsəydi, Cənabı-Haqq ilə dostluq məqamına yüksələ bilərdimi?

Əyyub (ə.s.) düçar olduğu dərd və bəlalar qarşısında səbir etməyib üsyana düşsəydi, “Nə gözəl bəndə!.." (Sad, 44) xitabına məzhər ola bilərdimi?

Süleyman (ə.s.) nail olduğu böyük ilahi nemətlərə səbir edə bilməyərək kibirlənsə və özünü fəzilətli hesab etsəydi, "...Nə gözəl bəndə! .." (Sad, 30) iltifatına nail ola bilərdimi?

Xülasə, övladlarımızı yetişdirərkən əziyyət və imtahanların da həyatın bir gerçəyi olduğunu, bunlara da səbir və dözüm göstərmək gərəkdiyini öyrədək. Övladlarımıza yalnız gözəl bir dünya anlayışı qazandırmayaq.

Evlənmək istədiyi halda müxtəlif imkansızlıqlar səbəbi ilə evlənə bilməyən möminlərə dəstək olmaq, ictimai xidmətlərin ən mühümlərindən biridir. Bu xeyiri fürsət bilən mömin, Cənabı-Haqqın əmri-ilahisinə tabe olaraq böyük bir üxrəvi qazanc əldə etmiş olur. Çünki ayəyi-kərimədə belə buyurulur:

“(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!” (ən-Nur, 32)

Rəsulullah (s.ə.s.) bu ictimai ibadətin qiymətini ifadə etmək mənasında belə buyurmuşdur:

"Ən fəzilətli şəfaətlərdən (təşviq edilən əməllərdən) biri, evlilik barəsində iki adama vasitəçi olmaq və kömək etməkdir" (İbni-Macə, Nikah, 49).

Hz. Muhyiddin Ərəbi də, nikaha təşviq edib evlənənlərə dəstək olmağın fəziləti haqqında belə buyurur:

"Ən üstün sədəqəyi-cariyə, evliliyə vəsilə olmaqdır. Çünki onların nəslindən gələn kəslərin etdikləri hər yaxşılıqdan, vəsilə olana da bir əcr vardır".

Lakin bunu edərkən də evlənəcək olanlar arasındakı küfüv, yəni bərabərlik mütləq nəzərə alınmalıdır. Bu bərabərlik, zənginlik, ədəb və mədəniyyət birliyi kimi müxtəlif ünsürlərə baxılaraq təyin edilməlidir.

Həzrəti Mövlana bu barədə belə buyurur:

"Ər və arvadın bir-birinə bənzəməsi lazımdır. Ayaqqabı cütünə bir bax! Ayaqqabının biri ayağına dar gələrsə, ikisi də bir işə yaramaz".

Evlənəcək kimsələr, yoldaşlarını sırf zahiri gözəllik və zənginlik kimi keçici və nəfsə cazibədar gələn səbəblərlə görə seçməməlidir. Yalnız nəfsi arzu və həvəslərlə reallaşan bir evlilik, əsasən, məhəbbət və ülfət meyvəsini hasil etməz. Çünki belə evliliklərdə insanlar, ümumiyyətlə, öz nəfsi arzularının köləsi olurlar.

Bu səbəbdən, evlənərkən əvvəlcə iman və əxlaq kimi təməl mənəvi xüsusiyyətləri axtarmaq lazımdır. Bu barədə Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

"Qadın dörd şeyi, yəni malı, gözəlliyi, soyu və dindəki kamalına görə nikahlanır. Siz dindar olanını seçin ki, əlləriniz xeyir görsün!" (Buxari, Nikah, VI, 123; Müslim, Rada, 53)

Halbuki günümüzün insanı sanki axirətsiz bir dünya xəyalı ilə nəfsi arzularına məsuliyyətsizcə meyl etdiyindən, mənəviyyatdan çox maddiyyata əhəmiyyət verir. Lakin Allah-Təalanın dəyər ölçüsünün nə olduğunu unudur. Rəbbimiz isə biz qullarına, ilahi təqdirin nəticəsi olan üz gözəlliyi, boy-buxun və əndama görə deyil, qəlblərimizin səlim, əməllərimizin saleh, ibadətlərimizin xalis olmasına görə dəyər verir.

Sırf zahiri gözəlliyə ilişib qalan qiymət hökmlərinin nə dərəcədə səhv olduğu, Qurani- Kərimdə bu misalla izah edilir:

“Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər)....” (əl-Münafiqun, 4)

İndiki vaxtda qarşılaşdığımız bir digər hadisə də, birdən çox evliliyə "sünnə" deyərək öz aləmlərində bəhanəyə uyduranlardır. Doğrudur, Peyğəmbərimiz (s.ə.s.) birdən çox qadınla evlənmişdir. Lakin Rəsulullahın (s.ə.s.) evlilikləri, heç bir zaman nəfsani səbəblərlə olmamışdır. Çünki elə olsaydı, iyirmi beş yaşında ikən, özündən on beş yaş böyük, dul və uşaqlı bir xanım olan Həzrəti Xədicə ilə evlənməz və o vəfat etmədən başqa xanımlarla da evlənə bilərdi. Digər tərəfdən Peyğəmbərimizin (s.ə.s.) Həzrəti Xədicənin vəfatından sonra etmiş olduğu evliliklərin hər biri də, dini və ictimai olaraq müxtəlif səbəblərlə baş vermişdir.

Peyğəmbərimizin (s.ə.s.) evləndiyi xanımlar arasında yalnız Həzrəti Aişə gəncdir. Çox ağıllı və anlayışlı olması səbəbindən xanımlara aid fiqhi qaydalar onun sayəsində öyrənilmiş, Peyğəmbərimizin (s.ə.s.) vəfatından təxminən əlli-altmış il sonraya qədər bu fiqhi məsələlər, birinci ağızdan əshabi-kirama, onların xanım və qızlarına, hətta nəvələrinə çatdırılmışdır.

İslami qaydalardan uzaqda yaşandığı üçün günümüzdəki ailələrdə narahatlıq, dolanışıqsızlıq var və bunun nəticəsində boşanmalar, təəssüf ki, artmışdır.

Məsələn, Quran tilavəti və mənəvi söhbətlərlə feyzlənib dəvət edilən qərib və yetimlərin duaları ilə bərəkətlənməli olan toylar, insanların bahalı paltarlarını bir-birlərinə sərgilədikləri bir nümayiş formasında keçir. Yalnız zənginlər dəvət edilərək kasıb və qəriblər unudulur. Yenə bu toylarda qadın-kişi ixtilatına (qadın və kişinin qarışması) diqqət edilmir. Ailə müəssisəsinin təməllərinin atıldığı bu mərasimlərdə sərgilənən səhv davranışlar da, ailə faciələrinə zəmin hazırlayır.

Digər tərəfdən Rəbbimizin əmri olan təsəttürün yalnız bədəni örtmək olduğu zənn edilir. Halbuki bədənin bütün xətlərini ortaya çıxaran bir paltar, əsla təsəttür deyil. Çünki ayəyi-kərimədə "cəlabib" (“cilbab” kəlməsinin cəmi) buyurulur. Cilbabın məzmununa da bədən xəttlərini müəyyən etmədən qadını başdan aşağı örtən geniş geyimlər daxildir.

Yenə kişilərin də bədənə yapışmış dar şalvar geyinmələri, İslami həssaslıq baxımından uyğun deyil.

Necə ailələrin əxlaqsızlıq, laqeydsizlik, eqoizm, dolanışıqsızlıq, qənaətsizlik və məhəbbətsizlik zəlzələləri ilə yıxıldığı bu dəmlərdə, Rəbbimiz sarsılmayan ailə yuvaları inşa edə və yaşada bilməyi hər birimizə nəsib etsin. Evlərimiz məhəbbət, dinclik və səadət cənnəti olsun. Amin!

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

DÜNYADA CƏNNƏT OLARMI?

     İnsanın yaradılışıyla başlayan ailə həyatı, heç şübhəsiz ki, əbədiyyət səfərimizdə gedəcəyimiz nəticəni təyin edəcə

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)