Nov cüt olar: Birindən nur, o birindən kir axar

Cənabı-Haqq qullarını xeyrə də, şərrə də meyilli yaradıb. Belə ki, ayədə deyilir:  ‘Allah, ona yəni insana günahları da təqvanı da ilham etmiştir’ (əş-Şəms,8).

Mövlana həzrətləri deyir ki, “Ey Haqq yolçusu! Musa da, Firon da sənin varlığında mövcuddur. Bu iki düşməni özündə axtarmalısan!”.

“Vəhyin işığında aydınlan ki, səndəki Musa, Firona qalib gəlsin!”

Günah, insanı Allahdan uzaqlaşdıran hər şeydir. Təqva da, qulu Allaha yaxınlaşdıran saleh əməl və hər cür gözəl davranışlardır. Musanın Firona qalib gəlməsini istəyiriksə, elə etməliyik ki, təqva günaha qalib gəlsin.

Cənabı-Haqq Qurani-Kərimdə insanın zəif nöqtələrini bildirir. Daim başqalarına baxıb tənqid etdiyimiz, “Nə qədər həsəd edir, nə qədər qısqancdır, nə qədər nankordur, nə qədər xəsisdir, nə qədər mənfəətinə düşkündür” - dediyimiz xoşagəlməz xüsusiyyətlər əslində hamımızda var. Cənabı-Haqq hər birimizin fitrətinə bu vəsfləri qoyub... Lakin Yaradanımız qullarının belə qalmasını da istəmir. İçimizdəki Firon vəsflərinin Musa olmasını murad edir. Buna görə hər kəs nə qədər səy göstərərsə, nə qədər mənfi xüsusiyyətlərini müsbətə çevirərsə, o qədər dəyişməyin verdiyi gözəllikləri yaşayar və o qədər axirətinə sərmayə yatırar.

Zəif nöqtələrimizdən biri zalım və cahil olmağımızdır: “Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)” (Əhzab, 72).

Zülmün ziddi “adldır”. Adl əməli-saleh deməkdir. Əməli saleh isə “təzimi li emrillah, şəfqəti li xalqıllahdır”. Yəni Cənabı-Haqqın əmr etdiklərini etmək, yaratdıqlarına Yaradanın xətirinə şəfqət duymaqdır. Qul saleh əməllər etdikcə zülmdən xilas olar və xoşbəxt olar.

Ayədə də sözügedən cahilliyin ziddi isə elmdir. Qul zahirən və batinən elmdə dərinləşdikcə cahillikdən xilas olur.

Zəyif nöqtələrimizdən bir başqası da tələskən olmağımızdır: “İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti etibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). (Ənbiya, 37)”.

“İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (insan əsəbi olduğu zaman özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbrlidir, bəndələrinə əzab verməkdə tələsməz). İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz). (İsra,11)”.

Qul bir şeyi istəyərkən xeyir, yoxsa şər olduğunu bilmədən istəyir... Bu səbəblə Yaradanımızdan hər şeyin xeyirlisini istəməliyik.

 

“İnsan həris və xəsisdir” (Fəcr surəsi 17).

Qul fitrətində olan ehtirası müalicə edib, yerinə qənaət xüsusiyyətini qoymalıdır. Xasiyyətində olan xəsisliyi isə comərdliklə dəyişdirməlidir. Belə olarsa həyatdan ləzzət alar, ruhunda rahatlıq meydana gələr.

İnsan mənfəətinə düşkündür: Bu, Rum surəsi, 36-cı ayədə öz əksini tapmışdır.

İnsan mənfəəti olduğu zaman sevinir. Lakin mənfəəti müalicə edib, yerinə əminlik, inam yerləşdirdikdə Rəbbimizin rizası həyata keçir. Nədir əminlik? Ürəyin dinclik tapmasıdır. Qəlblər isə ancaq zikrlə rahatlıq və dinclik tapır (Rad, 28) .

“İnsan Allaha qarşı çox nankordur” (Adiyat surəsi 6-7), “Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur!” (İsra surəsi 67).

Nankorun mənası: Nan- çörək deməkdir, kor- görməyən, yəni Cənabı-Haqqın bizlərə bu kainatda verdiyi nemətləri görməməkdir. Gözümüz, qulağımız, əllərimiz, barmaqlarımız - saymaqla bitməyən nemətlər içərisindəyik. Lakin qafil qullar olaraq elə düşünürük ki, bu nemətlər bizim haqqımızdır.

Nankorluq xüsusiyyətini şükürlə dəyişməliyik. Şükür də yenə ancaq və ancaq qulun zikrləri nəticəsində meydana gəlir.

İnsan qısqanc və həsəd aparandır: Nisa 54 və 128-ci ayələr.

Allah Rəsulu (s.ə.s.): “Həsəd etməkdən çəkinin. Çünki atəşin odunu yeyib-bitirdiyi kimi, həsəd də yaxşılıqları yeyər, bitirər” - buyurmuşdur.

Həsəd qibtə ilə dəyişdirilməlidir. Həsəd, onda olmasın, məndə olsun deməkdir. Qibtə isə onda da olsun, mən də olsundur.

İnsan zəif yaradılmışdır (Nisa, 28). Həm fizioloji, həm də psixoloji olaraq zəif yaradılmıldır. Fizioloji olaraq, insan yaşlanır və hər zaman başqalarına möhtacdır. 
Psixoloji cəhətdən isə, iradə olaraq zəifdir, yaddaş olaraq zəifdir, əzm olaraq zəifdir. 
Bu şəkildə zəif yaradılan qulun acizlik və heçliyinin idrakı içində olması zəruridir. 
İnsan bu zəif nöqtələrini düzəltmək üçün səy göstərməli ikən, dövrümüzdə terminalogiyamıza daxil olan yeni bir termin gənclərin bir növ xəstəliyinə çevrilmişdir. Narsizim adlı bir xəstəliklə qarşı qarşıyayıq. Narsizim qısaca “Gəl birlikdə məni sevək” deməkdir. Yuxarıda qeyd etdiyimiz Quran-Kərim ifadələri ilə, insanın mənfəətinə düşkün, qısqanc, həsəd aparan, nankor, həris-paxıl və cahil olması kimi xüsusiyyətləri özündə birləştirən bu xəstəliyin qurtuluşu yenə insanın özündədir. Yenə Qurani-Kərim və sünnə... Yenə zikir... Yenə ibadət... Nəfs hər şeyin öz istəklərinə uyğun olmasını arzu edir. İstəkləri həyata keçmədikdə isə özünə zərər verməyə başlayır. Özünə verdiyi zərər ruhi quruluşunu pozur və bunun ardınca isə ətrafındakılarla münasibəti korlanır.

Rəbbimiz bizlərə İsra surəsi 37-ci ayədə: Yer üzündə təkəbbürlə gəzib dolanma” -buyurmaqdadır.
Yuxarıda saydığımız zəifliklərdən xilas olmağın tək yolu Rəbbimizə yönəlməkdir. Qul ya nəfsani arzularına yönələr, ya da Rəbbinə qul olar. Mövlana Həzrətlərinin buyurduğu kimi: “Odun yananda kül olar, insan yananda qul olar...”

Qul ola bilmək üçün:

1. Allahı zikr etməyə davam etməliyik.

2. Salehlərlə birlikdə olmalıyıq.

3. Halalları minimuma endirməliyik.

Xülasə,  zaman qısa... Yol uzun... Ediləcək çox şey var... Çatmaq istədiyimiz mənzil səy göstərməyimizi tələb edir... Bizlər qəflətdə...

Qul olmağın sirrini aça bilsək zalımlıqdan, cahillikdən, tələskənlikdən, həris olmaqdan, xəsis olmaqdan, mənfəətinə düşkün olmaqdan, nankorluqdan, qısqanclıqdan, həsəd aparmaqdan xilas ola bilərik...

Mövlam nəsib etsin....

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

DÜNYADA CƏNNƏT OLARMI?

     İnsanın yaradılışıyla başlayan ailə həyatı, heç şübhəsiz ki, əbədiyyət səfərimizdə gedəcəyimiz nəticəni təyin edəcə

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)