DUNQAN MİLLƏTİ

Orta Asiya bir çox millətin iç-içə yaşadığı, fərqli mədəniyyətlərin olduğu bir bölgədir. Hər an küçədə, bazarda, avtobusda tanımadığınız, bilmədiyiniz bir millətin fərdiylə tanış ola bilərsiniz. Bişkek Qız Quran kursunda dərslər başlayanda xanım müəllimlər özlərini tanıdarkən biri "mən Dunqan"am, dedi. "Dunqanlar kimlərdir?" sualını ona verdiyimdə,   müəllim "anamız çinli, atamız ərəbdir" cavabını verdi. Mənə maraqlı gəldi. Hz. Vəhb b. Kəbşənin (r.a.) islamı təbliğ üçün Çinə getdiyini bilirdik, amma belə bir millətin ortaya çıxdığından xəbərimiz yox idi. "Ata ərəb, ana çinlidirsə, bəs Qırğızıstanda niyə yaşayırsınız?" sualını soruşmadan dayana bilmədim. Müəllim qısaca izah etsə də, əsl araşdırma Dunqanların sıx bir şəkildə yaşadığı Karakol şəhərində Çin memarlığına aid məscidi görüncə oldu.

Qırğızıstanda təxminən 60000-ə qədər Dunqan milləti yaşayır. Dunqanlar Sovetlər birliyi dövründə belə dinlərinə sadiq qalan dindar bir xalqdır. Əksəriyyəti əkinçiliklə məşğul olan çalışqan bir millətdir. Ümumiyyətlə, Qırğızıstanda Çinə yaxın bölgələrdə yaşayırlar. Yeməklərində, toylarında, məscid arxitekturasında Çin mədəniyyəti hakimdir. Dunqanların sıx yaşadığı Qırğızıstanın Karakol şəhərində 1907-ildə inşa edilən Dunqan məscidi Çin mədəniyyətini əks etdirən çox sevimli bir məsciddir. Bağçasına girincə Türk bayrağını görüb  çaşdım. Sonra öyrəndim ki, TİKA (Türk İşbirliyi Və Koordinasiya Agentliyi) məscidin ətrafını səliqəyə salmağı və dəstəməzxanalarının inşasını öz boynuna götürüb. Qırğızıstanda Çin mədəniyyətini əks etdirən Dunqan məscidində Türk bayrağının olması ilə, ölkələr fərqli olsa da müsəlmanları bir araya məscidin gətirdiyini görmüş olduq. Dunqanlar köç etdikləri yerlərdə öz mədəniyyətlərini daşıyan məscidlər inşa etmişlər. Qazaxıstanda da 40000-ə qədər Dunqan yaşayır və orada da ikimərtəbəli məscidləri vardır. Əsl Dunqan əhalisi isə Çində yaşayır.

Çinin İslamla tanış olmasının Hz.Vəhb b. Kəbşə (r.a.) ilə başladığını kitablardan oxusaq da, tarixi qaynaqlara baxanda Çinin İslamla tanış olmasının 651-ci ildə olduğunu görürük. Bu illərdən etibarən ərəblər ticarət üçün Çinə getmişlər və bəziləri orada yerləşmişlər.

 Çinlilər və ərəblərin daha sıx şəkildə əlaqəsi 751-ci ildə Çin və Abbasilər arasında olan Talas döyüşü ilə (bu döyüşlə türklər islamla tanış olurlar) başlayır. Çin ordusu Talas döyüşündə məğlub olur. Bu döyüşdə iki tərəfdən də əsirlər götürülür. İki tərəf də əsirlərdən faydalanırlar. Çinli əsirlər ərəblərə kağız istehsalını öyrədirlər. Ərəb əsirlər Çində sərbəst buraxıldıqdan sonra ticarətə başlayıb Çində qalırlar. Talas müharibəsindən dörd il sonra bir üsyanı yatırmaq üçün Çin hökmdarı, Abbasi Xəlifəsi Əbu Cəfər El Mənsurdan kömək istəyir və bir ordu Çinə göndərilir. Üsyan yatırıldıqdan sonra Tanq hökmdarı Sutsunq müsəlman əsgərlərin istədikləri qədər ölkəsində qala biləcəyini elan edir. Bu təklif üzərinə əsgərlərin bir qismi Çinin fərqli bölgələrinə yerləşir. 760-cı ildə edilən əhalinin siyahıya alınma işində üsyanın yatırılmasından üç il sonra Çinin Chanq-an bölgəsində 4 mindən çox müsəlman ailənin  yaşadığı təsbit edilmişdir.

Ərəb ailələrin təsiriylə Çində İslam mədəniyyəti sürətlə yayılmağa başlayır. Bəzi müsəlmanlar Çinli qadınlarla evlənir, beləliklə, iki fərqli irq ailəvi olaraq da yaxınlaşır və dunqa milləti ortaya çıxır. Ərəb soyundan gələn çinli müsəlmanlarda bir müddət sonra ərəb mədəniyyətindən yalnız islamın inanc nöqtələri, halallar, haramlar sabit qalmış və tamamilə Çin mədəniyyətinə bürünmüşlər.

Çində çinli müsəlmanların adı “Hui” olaraq anılır. “Hui” “dönmə, dönüş, dönmək” mənasını verir. Dunqa adı Huiler üçün türklər tərəfindən istifadə edilən bir addır. “Dön”  feilindən törədiyi və “başqa bir dindən çıxıb müsəlman olan, mühtədi, dönmə” mənasını verməsi fikri daha keçərlidir.

Əsrlər sonra Dunqanlara qarşı Çin imperatorluğu soyqırıma başlamışdır. 1877-ci ildən etibarən Çindəki müsəlmanlar dəstə-dəstə Şərqi Türkistan üzərindən Qırğızıstana hicrət etmişlər. Dunqanların Qırğızıstana ilk yerləşməsinə Çantay Xanın oğlu Şabdan Batır icazə vermişdir. Bir gün Şabdan Batır adamlarıyla Tokmok şəhərindən keçərkən yerlərə uzanmış insan seli görür. Sonra bunların düşmən deyil, aclıqdan və yorğunluqdan yerlərə yıxılmış insanlar olduğunu anlayır. Bir qrupun qarşısında dayanıb "salamın əleykum" deyir. Cavab gözləyir. Əvvəl qrupdan səs çıxmır. Sonra içlərindən dunqanların başçısı Məhəmməd Bayenhu ayağa qalxıb "və əleykum salam" deyə salamını alır. Şabdan Batır kim olduqlarını, haradan gəldiklərini soruşsa da, sözlərindən heç bir şey anlamır. Salama cavab verdikləri üçün müsəlman olduqlarını düşünür və "Müslim?" deyir. Salamı alan insan "Müslüm, Müslim,  əlhəmdülillah" deyir. Şabdan Batır əlini sinəsinə qoyub "mən də Müslim" deyincə, dörd bir tərəfdən "hao" deyə səslər yüksəlir. Şabdan Batır işarə ilə "yorğan, yemək, su lazımdır?" deyir. Məhəmməd Bayenhu ayağını üç dəfə yerə vuraraq torpağı işarə edib məskunlaşmaq üçün bir yerə ehtiyac olduğunu bildirir. Şabdan Batır onların bu hallarını görüb çox kədərlənir  və "oldu" deyir. Çinli müsəlmanlardan sevinc qışqırıqları yüksəlir və göstərilən yerə doğru hər kəs hərəkət edir. Başçıları sevincdən torpağa səcdə edir və sığınacaq yer tapdıqları üçün şükür edir. Sonra başçıları Şabdan Batıra göz yaşları içində "şiə şiə ni" deyərək təşəkkür edir.

Bir müddət sonra Şabdan Batır yanlarına getdiyində insanlar yerinə yalnız düz yerdə qazılıb üstü örtülmüş kiçik torpaq yığınları görüncə çaşır. Bu soyuqdan qorunmaq üçün Dunqanların baş vurduğu bir üsul olmuşdur. Şabdan Batır yemək təklif etdiyində qəbul etmirlər və yanlarında gətirdikləri toxumları əkməyə başlayırlar. İllərdir Dunqanlar əkib-becərməklə məşğul olmuşlar. Bazarlarda bir çox dunqanla qarşılaşmaq mümkündür. Çalışqan bir millətdir.

Əlləri çox sürətlidir. Kiçiklikdən etibarən yeməklərini Çin çubuqlarıyla yedikləri üçün əllərinin sürətli və cəld olduğunu deyirlər. Çünki çubuqla yemək qaşıqdan daha çox əl əzələlərini çalışdırır. Biz də Çin çubuğuyla yeməyə çalışdıq. Həqiqətən, öyrənmək üçün xeyli məşğul olmaq lazımdır.

            Dunqan restoranları Çində və bütün Orta Asiyada olduğu kimi, Qırğızıstanda da məşhurdur. Dunqanlar özlərinə xas olan yemək və salatları ilə tanınırlar. Acı sousları çox məşhurdur. Dunqan və ya Uyğur restoranı deyilincə, ağla ilk lağman yeməyi gəlir (Əllə açılan çubuq makaron şəklində xəmirin sousla bişirilməsidir).

Məskunlaşdıqları ilk zamanlardan etibarən Dunqanlarla Qırğızların hər hansı bir anlaşılmazlıqları olmamışdır. Dunqanlar mədəniyyətlərini qorumuşlar və evlilikdə də başqa bir millətə üstünlük verməmişlər.

Mədəniyyətlər nə qədər fərqli olsa da, Peyğəmbərimizin həyat şəkli olan sünnə bütün müsəlmanları bir araya toplayan mədəniyyət birliyidir. Küçədə, bazarda qarşılaşdığımız bir dunqanla mədəniyyətimiz və dilimiz fərqli olsa da, bizi birləşdirən Şabdan Batır və Məhəmməd Bayenhu kimi "Əssəlamu aleykum" sözü və təbəssüm olur.

 

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

DÜNYADA CƏNNƏT OLARMI?

     İnsanın yaradılışıyla başlayan ailə həyatı, heç şübhəsiz ki, əbədiyyət səfərimizdə gedəcəyimiz nəticəni təyin edəcə

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)