Hələlik Azərbaycan


Xədicə Şahin
Bu yazıya 1282 dəfə baxılıb.

“Doğulduğun yer deyil, doyduğun yerdir vətənin” atalar sözünü hər kəs eşitmişdir. Bəlkə bu atalar sözü doğulduğu vətəni çox sevənlər üçün qəbul olunmayan bir sözdür. Elə yerlər vardır ki, həm insanı ilə, həm torpağı ilə insana vətəni kimi əzizdir. Ailəliklə bizim üçün də könlümüzdə xalqıyla, torpağıyla taxt qurmuş olan Azərbaycan ikinci bir vətən olmuşdur. Xüsusilə də, Azərbaycanda dünyaya gələn 7 yaşındakı qızım üçün artıq bura öz vətəni sayılır. “Haralısan?” sualını verdikdə, “Azərbaycan” lıyam” deyə cevab verir.

            İnsanın özünə belə yaxın gördüyü yerə illər sonra ziyarəti isə ömürdə daddığı ən gözəl nemətlərdən biri olduğunu düşünürəm. Bizə də bu nemət nəsib oldu, əlhamdülillah. Qazaxıstanın Çimkənt şəhərindən Bakıya doğru yol aldığımızda hamımızı ayrı bir həyəcan bürümüşdü. Havalimanında qarşılaşdığımız məmurların “biz iki dövlət bir millətik, vətənimizə xoş gəldiniz” sözləri həyəcanımızı bir qat daha artırdı. Qarşılaşdığım dost, tanış “artıq Türkiyə sənin üçün ögey vətəndir, sizin birinci vətəniniz buradır, biz də sizin qohumlarınızıq. Bundan sonra hər il gələcəksiniz” deyərək nə qədər qonaqpərvər olduqlarını göstərirdilər.

            Bakı 1999-cu ildə gəldiyim Bakı deyildi, illər içində müasirləşdiyi açıqca görünürdü.

Bir yer çöhrəsini deyişdirdiyində o yerin xalqı da dəyişər, amma Azəbaycan dəyişsə də xalqının dəyişmədən eyni gözəlliyi, eyni comərdliyi sərgilədiyi nəzərdən qaçmırdı.

            Türk və Azəri dostlarımızla görüşdüyümüzdə isə elə həsrətlə sarılmaqları vardı ki, məhəbbətlərini ta ürəyimizdə hiss edirdik. Bəlkə də öz qohumlarım belə bizi bu cür qarşılamır. Mehriban müəllimənin dediyi kimi “doğmalar yad olur yadlar doğma”. Ağlıma Peyğəmbər (s.ə.s.)in: “7 qrup insan vardır ki, heç bir kölgənin olmadığı qiyamət günü arşın kölgəsi altında toplanarlar. Bunlardan biri də Allah üçün bir araya gəlib Allah üçün ayrılan, bir-birini sevən kəslərdir” hədisi gəldi. Hamımız birlikdə bu qrupa girmək duası ilə….

            Azərbaycana gəlib döşəməli aş yeməmək olmaz. Bizim aş sevdiyimizi bilən Sahilə xalam döşəmli aşı önümüzə döşəyir. Bir də Azərbaycanı ziyarət etmək istəyənlərə iki  tövsiyəm var: birincisi, aş yemədən Azərbaycandan ayrılmasınlar, ikincisi isə, diğər dostlarımız inciməsin, amma aşı ya Ağdaşda, ya da Qəbələdə yesinlər. 

            Artıq rayonlara doğru yola çıxırıq. Şamaxıdan keçərkən vətənin mənəvi gözətçiləri

olan Acıdərənin simvolu halına gəlmiş şəhidimizə dualar göndəririk. İlk dayanacağımız Şamaxının Mədrəsə kəndindəki Məqbulə xalamızın və Kamal əmimizin evi olur. Məqbulə xala “başım ağrıyırdı, gəlişini eşitdim başımın ağrısı keçdi” deyərək gülər üzüylə könül qapılarını sonuna qədər üzümüzə açır. Həsrətimizi dindirmədən yola çıxırıq və illərcə bizi bağrına basan Zaqatalaya  qovuşmaq üçün məsafələri qət edirik.

            Zaqatalada və gözəl bir qəsəbəsi olan Əliabadda dostlarla göz yaşları içində həsrətimizi aradan qaldırmağa çalışırıq. Dostlarımız qonaqpərvərliyini göstərib bizi söhbət otağında  başda oturtduqlarında, sağımda və solumda böyük bir boşluq hiss etdim. Azərbaycan çinarlarından Bənövşə xalam və Hürü xalam xəstə olduğu üçün yerləri boş qalmışdır. Allahdan şəfalar diləyib yerlərini doldurmaları duasıyla deyirik. Gedib də  dönməmək var, gəlib də görməmək var. Azərbaycana gəlib görmədiyim Güleyfə xalama, Zenfira xalama, Gözəl xalama və digər çinarlara da Allahdan rəhmət diləyirik.

            Hayatda olmaları bizim üçün rəhmət olan xalalarımı ziyarət edib dualarına qərq oluruq. Onların bizimlə olması necə bir  rəhmətdirsə, duaları da rəhmət olar, inşallah.

            Əliabadın sayılıb seçilən insanlarından olan Əliabadlı Musab Emin qardaşımızı ziyarət edirik. İnsanlar vardır ki, öz vətənində can versə də, torpağa girər girməz unudulub gedər. Emin qardaşımız isə qısa ömrünə o qədər gözəlliklər sığdırmış ki, vəfatıyla belə taxt qurduğu könüllərdə təzəliyini qorumuşdur. Azərbaycan xalqı öz qəbirlərinə yasinlər, fatihələr göndərmədən Emin qardaşın qəbrini ziyarət etmələriylə nə qədər vəfalı olduqlarını göstərirlər.

            Sayılı günlər tez bitərmiş.  Bizim də Zaqataladakı günlərimiz tez bitir və gözümüzdə yaşlarla, dilimizdə axirətdə qovuşmaq duası ilə Ağdaşın yollarına düşürük. Afiqə xalamız bizi gülər üzüylə qarşılayır və Ağdaşda Hansa və Büşra müəllimələrin hazırladığı Ramazan proqramına qatılırıq. Balaca uşaqlardan ibarət olan ilahi qrupu ilahiləriylə könlümüzün pasını silir.

            Ayrılarkən dostlara “vidalaşma vaxtı gəldi, gəlin vidalaşaq” desəm, “əsla vidalaşaq sözünü söyləmə, görüşənədək de”  deyirlər. Bakı havalimanından ayrılarkən, hələlik Tamara xalam, Bənövşə xalam, Hürü xalam, Afiqə xalam, Sahilə xalam, Seda bacım və daha neçe-neçə Türk və Azəri dostlarım, deyirəm. Hələlik….  

 

 

 

 


Xədicə Şahin
Bu yazıya 1282 dəfə baxılıb.