Sağlamlığın Təməli Qidadır


Gülnarə Seyidova
Bu yazıya 1366 dəfə baxılıb.

Peyğəmbərimiz (s.ə.s.) sağlamlıq haqqında belə buyurmuşdur:"Sizlərdən hər kimin bədəni sağlam, nəfsindən, malından qorxusuz və dinc, gündəlik yeməyi də yanında olarsa, sanki dünyanın bütün nemətləri özündə toplanmış kimi olar” (Tirmizi zühd Hədis 2346). Dünyanı qazanmaq da, axirəti qazanmaq da səhhətlə mümkündür. Elə bu kəlamdan da görürük ki, malik olduğumuz ən dəyərli nemət sağlamlığımızdır. Sağlam olmağın əsas şərti isə sağlam həyat tərzinin yaşanmasıdır. Sağlam həyat tərzi ilə yaşamağımız bəzi pis vərdişlərdən uzaq durmaqla mümkündür. Beləki, həyatımız üçün zərərli hərəkətlərdən, qidalardan imtina etsək, Allahın bizə verdiyi bu sağlam bedəni mühafizə edə bilərik.

Sağlamlıq üçün təhlükəli amilləri bunlardır: bədən çəkisinin artıq olması, hipodinamiya (hərəkət azlığı), qeyri-rasional qidalanma, psixoloji gərginlik, siqaret çəkmə, spirtli içkilərdən sui-istifadə və s.

Çoxları elmi cəhətdən əsaslanan sağlam həyat tərzinin ən sadə normalarına riayət etmir. Bəziləri vaxtından əvvəl qocalmağa gətirən hərəkət azlığının qurbanı olurlar; başqaları qidalanarkən həddi aşaraq, israfçılığa yol verirlər, bu isə piylənməyə və damarların sklerozuna gətirib çıxarır. Bəzi insanlarda şəkərli diabet yaranır, başqaları istirahət etməyi bacarmırlar, daim narahat, əsəbi olurlar, yuxusuzluqdan əziyyət çəkirlər, nəticədə daxili orqanlarda müxtəlif xəstəliklər yaranır. Digərləri isə, alkoqollu içkiləri qəbul etməklə və siqaret çəkməklə öz ömürlərini fəal şəkildə qısaldırlar.

Sözsüz ki, bu sadaladıqlarımızın hər biri insan orqanizminə çox zərərlidir. Və bunların hər biri haqqında səhifələrlə yazılar yazmaq mümkündür. Amma biz bu sayımızda qida haqqında danışacayıq. Allah Təalanın yaratdığı bütün canlı varlıqlar qidaya möhtacdır. Qida onların yaşam qaynağı olduğu kimi, hədd aşdıqda o, hər birinin ölümünə səbəb olar. Məsələn, bitkilərə həddən artıq su verilsə çürüyər, balıqlara çox yemək verilsə ölər, eləcə də insan çox yeməklə özünə zərər yetirər və nəticədə ölə bilər. Hətta Qədim Çində insanları öldürmək üçün yeməkdən istifadə edirmişlər. Yəni öldürüləcək insana o qədər yemək verirlərmiş ki, sonda mədəsi partlayaraq ölürmüş.

İnsan orqanizminin ən böyük düşməni çox yeməyə təşviq edən nəfsi və yediyi zərərli qidalardır. Bu barədə Peyğəmbərimiz (s.ə.s.) xüsusilə az yeməyi tövsiyə etmişdir. Necə ki, bir hədisində Peyğəmbər (s.ə.s.) "İnsanoğlu mədəsindən daha zərərli bir qab doldurmamışdır. İnsanoğluna belini istiqamətləndirəcək bir neçə loxma kafidir. Mütləq yeməsi lazım olsa, mədəsinin üçdə birini yeməyə, üçdə birini içməyə, üçdə birini də nəfəs alıb verməyə (havaya) saxlamalıdır" buyurmuşdur (Tirmizi, zühd, Hədis 2380). Bu hədisdən də anlaşıldığı kimi yemək bizə güc qüvvət verdiyi kimi, həm də yaşam tərzimizə, mənəviyyatımıza təsir göstərir. Halal və faydalı qidalarla bəslənməklə gənc, sağlam və daha uzunömürlü olmaq şansımız varkən, bəzən bilərəkdən, bəzən də nəfsimizə yenik düşərək faydasız və çox yeməklə bütün vücudumuzu zəhərləyirik. Zəhərləməklə kifayətlənmirik, kökəlirik, ağırlaşırıq, bütün bədənimizi vaxtından əvvəl qocaldırıq. Və bununda nəticəsində ibadətlərimizdən geri qalırıq, namazlarımızı qılmağa çətinlik çəkirik, hətta günümüzdə köklük səbəbindən illərlə alnı səcdəyə həsrət qalan insanlar var. Halbuki, vaxtında Allah və Rəsulunun buyurduğu kimi qidalansalar insanlar heç bir zaman bu çətinliklərlə qarşılaşmazlar. Gec olmadan, Peyğəmbərimiz (s.ə.s.)in ümməti üçün qorxduğu, köklük və yuxuya məğlub olmadan “az yemək, az yatmaq, az danışmaq” pəhrizinə riayət etməliyik.  

Həmçinin çox yemək, Peyğəmbərimiz (s.ə.s.) tərəfindən bəzi xəstəliklərin səbəbi olaraq göstərilmişdir: "Bir sıra xəstəliyin gerçək səbəbi çox yemədir" (C. Kar 1/36) . Yenə bir başqa hədisdə eyni mövzuya işarə etmişdir: "Allaha ən sevimli olanınız; az yeyənləriniz, bədən baxımından da yüngül olanlarınızdır" (Kenzü'l Ummal 3/7084) Yenə Peyğəmbər (s.ə.s.) bizləri xəstəliklərdən uzaq olmaq üçün çirkli və murdar şeylərdən çəkindirmişdir: "Hər kim əlində ət qoxusu (qab-qacağı) olduğu halda, yumadan yatar, bu səbəblə də özünə bir şey isabət etsə, ancaq özünü günahlandırsın" (Əbu Davud, ətimə, Hədis 3852). Hər hansı bir xəstəlik qida maddələri və pəhrizlə müalicə edilə bilsə, dərman istifadə etməsi tövsiyə edilmir. Qida maddələri ilə müalicədə ümumi qaidə; xəstəliyin müalicəsi əsnasında faydalı qidaları alıb, zərərli olanlarını tərk edərək pəhriz saxlamaqdır. Cənabı Haqq Qurani Kərimdə qidaların təmiz və halal olmasına işarə etməkdədir: "Allahın sizlərə ruzi olaraq verdiyi şeylərdən halal və təmiz olaraq yeyin! Əgər həqiqətən Allaha ibadət edirsinizsə, Onun vermiş olduğu nemətlərə şükr edin" (Nəhl 114). Peyğəmbərimiz (s.ə.s.), xəstəliyin necə önlənəcəyi ilə əlaqəli olaraq belə buyurmuşdur: "Xəstəliyin evi mədədir. Müalicənin özü pəhrizdir".

Sağlamlığın qorunması hər bir insanın borcudur və bizim bu borcu başqa insanlara həvalə etməyə ixtiyarımız yoxdur. Buna görə də erkən yaşlardan bədən tərbiyəsi və idmanla məşğul olmaq, bədəni möhkəmləndirmək, şəxsi gigiyena normalarına riayət etmək, özümüzə hakim olaraq, müxtəlif emosiyaları cilovlamağı bacarmaq, alkoqol, narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün və qədərində qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail olmaq vacibdir.

 


Gülnarə Seyidova
Bu yazıya 1366 dəfə baxılıb.