Yediyimiz qidaların tərkibini bilməliyik


Bizim Ailədən
Bu yazıya 4719 dəfə baxılıb.

Aysel xanım qida mövzusunda maraqlı araşdırmalar aparmısınız. Bu araşdırmaların bir qismini bizimlə də bölüşməyinizi istərdik. İlk olaraq müsəlman  bir kəsin  necə qidalanmalı olduğu haqda bizə qısa məlumat verərdiniz?

Hər mədəniyyətin, özünəməxsus bir mətbəxi vardır. İslamın da xüsusi bir mətbəxi, yemək mədəniyyəti və ədəbi vardır. Müsəlman qalmanın şərtləri arasında, İslam qiyafətinin mühafizəsi kimi, mətbəxinin da qorunması zəruridir. İslam mətbəxində haram yeməklər və haramla əldə edilmiş qidalara yer yoxdur. İslam mətbəxində sözgəlişi, şərab, donuz, leş, yırtıcı heyvan əti, Allahın adı ilə kəsilməyən heyvan əti, böcək, həşərat yoxdur.

 Müsəlman, yemək-içmək ilə bağlı hökmləri ədəblə öyrənib tətbiq etməlidir. Qurani-Kərim və hədislər qidalarda  bu xüsusiyyətləri önə çıxarır:

"Pis və haram olan şeyləri yeyib içməkdə şeytan və bənzərlərinin yolu ilə getməyin ..."(Bəqərə surəsi, 205)

"Ey iman gətirənlər! Şərab, içki, qumar, təzim edilən tikili daşlar, şans-fal-oxları və pərdələri, şeytan və pis insana aid murdar-murdar işlərdir; artıq bunlardan qaçın ki, qurtuluşa çatasınız". (Maidə surəsi, 90)

"Sizə ruzi olaraq verdiyimiz şeylərdən halal və təmiz olanlarından yeyin. Bu barədə azğınlıq etməyin. Sonra qəzəbim üzərinizə enər". (Taha, 81)

 "Sənə şübhəli gələni burax, şübhəli gəlməyənləri al ...!" (Buxari, Tirmizi)

Bu   ayə  və  hədisləri  nə qədər yazsaq  da  yenə  də  azdır.

2. Bir qidanın təmiz (və halal) olub olmadığını necə anlayaq?

Dövrümüzdə  şəfa qaynağı “təmiz” qidalar dərhal hər kəs üçün həyati əhəmiyyət daşıyır. Biz nə yeyiriksə oyuq! Təbii qidalar kimyəvilərlə “zəhərli” hala gətirilmiş, qatqı maddələriylə çirklənmiş, zərərli qidaları istehlak edənlər də gec-tez sağlamlığını itirir.

Kalsium fosfatla ağardılmış, kimyəvi yapıştırıcılarla şəkilləndirilmiş bir konfet təmiz ola bilərmi? Ya da işgəncə altında, həyatı boyunca gün işığı görməyən bir toyuğun əti və yumurtası? Qlükoza və fruktoza məhluluna, qoxu və boya əlavəsi ilə  hazırlanan süni bal sizcə təmizdirmi? İçində onlarla zərərli qatqı maddəsi olan ağ çörək, sizcə, təmizdirmi? İftar süfrələrindən belə əskik edilməyən kolalı və aromatlı içkilərdə spirt olduğunu bilirikmi?

Müsəlmanlar üçün "təmiz" qida bir qat daha əhəmiyyətlidir, çünki Allah, bizlərə Qurani-Kərim vasitəsilə yeməklərin “təmiz” olanlarından yeməyimizi əmr etmişdir. Çoxumuz “Əlhamdulillah, mən nə donuz əti yeyir, nə də ki, spirtli içki içirəm” deyib özümüzü bir müsəlman olaraq rahatladırıq. Amma bir çox haram və şübhəli qatqı maddələrinin qidalar vasitəsiylə süfrəmizə gəlib çıxdığından heç xəbərimiz belə olmur. Həmin qidaları çox rahatlıqla yeyib, ən yaxınlarımıza da yedizdiririk.

3. Qidalardakı “qatqı  maddəsi” haqqında bizə məlumat verə bilərsinizmi?

 “Qida qatqısı” dediymiz tərkiblər qida sənayesində təbii və sintetik üsulla hazırlanan qidanın istehsalı, hazırlanması və ya qablaşdırılması qidaya dözümlülük, sıxlıq, rəng vermək məqsədilə qatılan maddə və ya maddə qarışıqlarıdır. Həmin bu  qarışımlar bitki və heyvan mənşəli olurlar. Təəssüflər olsun ki, əksəriyyəti də donuz, spirt, böcək və s. çirkin mənbələrdən alınır. Həmin qida qatqıları bəzən adları çox yer tutmasın deyə müxtəlif kodlarla da verilir. Məsələn: E322, E471, E510 və s. Burda E kodu qida qatqı maddələrini müəyyənləşdirmək və hər hansı bir qarışıqlığa yol açmamaq üçün istifadə edilən Avropa Birliyinin simvoludur. Təbii və ya sintetik olsun qida maddələrində istifadə edilən və qatqı maddəsi olaraq təyin olunan bütün kimyəvi maddələr bu kodlaşdırma sisteminin içindədir.

4. Qida qatqı maddəsi kimi ən çox tanınan Emulqator nədir və nə məqsədlə istifadə edilirlər?

Yağı suya əlavə edin, görəcəksiniz ki, bu iki maye heç bir zaman qarışmayacaqdır, ta ki, emulqator əlavə olunana qədər. Emulqator uclarından biri yağı sevən (hidrophobic) digəri suyu sevən (hidrophilic) molekullardır. Bu molekullar yağın və suyun yaxşı bir şəkildə bir-birinə qarışmasını (Dispersion) təmin edən bir emulsiya meydana gətirir.

Qədim Yunanlılar, bal mumunun emulqator təsirini kosmetik məhsullarda işlədiblər. Qida istehsalında istifadə edilən ilk emulqator XIX əsrin əvvəllərindən yumurta sarısından hazırlanmışdır. Yumurta sarısının olduqca qısa vaxtda xarab olduğundan emalatçılar 1920-ci ildən bu yana əhəmiyyətli bir qida məhsulu olan soya bitkisindən əldə edilən lesitinə daha çox üstünlük vermişlər. Lakin emulqator üçün ani və əhəmiyyətli inkişaf bundan 10 il sonra, yağ turşu törəmələri (mono və di-qliserinlər) ortaya çıxarıldıqda meydana gəldi. İndiki dövrdə qida istehsalçılarının ən çox işlətdiyi  həm  çox uzunömürlü, həm ucuz başa gələn və daha çox qazanc əldə etmək məqsədilə qidalara vurulan bu  emilqatorların əksəriyyəti  haram  və şübhəlilər siyahısındadır.

 Emulqator qida qatqı maddələri, marqarin, mayonez, kremli souslar, şəkər (bonbon), işlənmiş paketli qidalar, şirniyyatlar və soba məhsulları kimi bir çox qida məhsulunun istehsalında əhəmiyyətli rol oynayırlar. Onun üçün  bu  qidaları  alarkən emulqatorun nə tərkibli olduğunu öyrənib almalıyıq.

5. İndiki dövrdə insanların əksəriyyətinin bu qatqı maddələrindən xəbəri  yoxdur. Əgər biz bir müsəlmanıqsa və bəzi heyvan məhsullarından çıxarılan qida qatqı maddələrindən çəkinmək məcburiyyətindəyiksə onda nə etməliyik?

Məhsul etiketlərinin üzərində qatqı maddələrinin kod nömrələri (məsələn E471) və ya yalnız adları (məsələn mono və diqliserin) sıralanır. Bir də, bir çox qatqı maddəsi bitkilərdən, minerallardan və ya heyvanlardan əldə olunur. Bu cür qatqı maddələrinin olduğu etiketlərdən ətraflı məlumat verilməmişsə istehsalçı ilə əlaqə qurub, İslami şərtlərə uyğun olub olmadığına dair ətraflı məlumatı tələb etməliyik. Məsələn: məhsul etiketinin E321 (soya lesitin) ifadəsi yazılmışsa bu şübhəli deyil. Amma yalnız E321 və ya yalnız lesitin və ya E321 lesitin yazılırsa o zaman bu maddənin heyvan mənşəli də ola biləcəyini araşdırmaq lazımdır.

İndiyədək bir çoxumuzun da xəbərsiz olduğu həmin şübhəli qatqı maddəsi olan Karmin adlı rəngləndirici ilə tanış olaq:  "Cochineal" adlı böcəkdən əldə edilir. (E Kodu: E120) Heyvani qaynaqlı bir boya maddəsi olan Karmin, minlərlə ildir istifadə olunur. Kəşfi isə İspanların Latın Amerikanı kəşfinə qədər gedir. Avropaya girişi də məhz bu illərdə baş verib. Karminin qaynağı isə Mexiko və Peruda yetişən və qida maddəsi olaraq Kaktusu seçən Coccus cacti adlı böcəyin dişisinin Scaharlach-Schildlaus qurudulub üyüdülməsindən əldə edilir. Bu rəngləndirici  ən çox südlü qidalarda, rəngli  pudinqlərdə, saqqızda, dondurmalarda, şirniyyat, biskvit, keks, vafli və souslarda, jelibon, qarışıq meyvə aromatlı yumşaq və top şəkərlərdə, meyvəli içkilərdə  və s. göz  aldadıcı  rəngli  qidalarda  olma  ehtimali  yüksəkdir.

6. Aysel xanım araşdırmalarınıza əsasən ən çox haram ehtimalı olan qatqı  maddələri hansılardır?

Ümumiyyətlə, qatqı maddələri haram, şübhəli, zərərli və təmiz olmaqla bir neçə   qruplara ayrılır. Amma bu maddələrin hər birini əzbərləmək mümkün olmadığında hər  birimizin yanında ən azı haram və şübhəli qida kodları siyahısı olmalıdır. Ən çox  haram olma ehtimalı olanlar aşağıdakılardır:

E120- Cochineal (Karmi) Rəngləndirici; böcəklərdən əldə edilir; kosmetikalarda, şampunlarda, qırmızı alma sularında, şirniyyatlarda və digər qidalarda istifadə olunur. Həssas və asmatik səhhəti olanlarda allergik reaksiyalara səbəb ola bilər.

E441 - Gelatine (Jelatin) tündləşdirici, sabitləşdirici, homogenləşdirici maddələr; donuz, mal-qara, balıq kimi heyvanların dəri, bağ toxumaları və sümüklərindən əldə edilir. Allergiya və astmaya səbəb ola bilər.

E542 - Bone PHOSPHATE heyvanların sümüklərindən çıxarılır. Emulqator və qidan bərkitmək məqsədilə fosfor qaynağı olaraq istifadə edilir. Bununla yanaşı əsasən kosmetikada istifadə edilir. (Diş pastası kimi). Məhsul heyvan sümüklərindən (xüsusən də donuz) əldə edilir.

E640 - Glycine, Sodium Dad verici. Un məhsullarında istifadə olunur. Kimyəvi olaraq mürəkkəb mənşəyini təyin etmək mümkün deyil, ancaq istehsalçı firma bilə bilər. Donuz da daxil olmaqla, heyvanların sümük və dərilərindən da istifadə edilir.

E910 - L-Cysteine, E920 - L-Cysteine ​​Monohydrochloride, E92 - L-Cysteine ​​hydrochloride- Çörək və tort məhsullarında istifadə olunur. İnsan saçı, donuz daxil olmaqla heyvan tükü və toyuq tükündən əldə edilir.

Bütün bunlar insanları qorxutmamalıdır. Bunu da unutmamalıyıq ki, halal ehtimalı çoxdursa onu halal saymaq lazımdır; zəif bir ehtimal və şübhə üzündən çəkinmək insanı  vəsvəsəyə aparar. Uca Allah bizlərə nəsib etdiyi halal nemətləri özümüzə haram  etməməli  və hər  birimiz  yediyimiz qidanın tərkibini bilməliyik.

 

7. Aysel xanım məlumdur ki, donuz əti və ondan hazırlanan qidalar haramdır. Nəyə  görə  məhz  əksər ( haram  və  şübhəli)  qatqı  maddələrində  bu  heyvanın  üzvlərindən  istifadə  olunur?

Hamıya məlumdur ki, hər bir heyvan istifadə olunduqdan sonra onun yararsız üzvləri atılır. Donuz isə istifadəçilərin əlində elə bir hala gəlmişdir ki, bu heyvanın heç bir üzvü atılmlır. Düşünün ki, dərisindən, bağırsağından, tükündən, yağından, sümük  iliyindən tutmuş bütün hissələrindən istifadə olunur. Bunu hər bir insan özü araşdıra  bilər. Məsələn tükündən fırça istehsalında, sümük iliyindən jelatin istehsalında, kosmetik  məhsulların əksəriyyətində yağından və s. istifadə olunur.

Qeyri-müsəlman ölkələrində donuz əti asanlıqla yeyilən bir qidadır. Düşündürücü  ola bilər ki, niyə məhz müsəlman üçün haram olan bu heyvanın qalıqları digər  məhsullar vasitəsilə istifadə olunsun?! Ona görə ki, donuzdan alınan hər bir maddə çox  ucuz başa gəlir. Məsələn: jelatin kimi bir maddəni başqa bitkilərdən (aqava bitkisi, heyva tumu və s.) də əldə etmək olar, amma onların istehsalı çox baha başa gəldiyindən istifadə olunmur. Ancaq ölmüş bir heyvan əti, istifadə edilmiş sümüyü atmaqdansa  həmin artıqlardan istifadə çox ucuz, həm də ki, istehsalçılar üçün çox sərfəli olur.

8. Aysel xanım sonda oxucularımıza nə demək istərdiniz?

Bunu qəbul etmək lazımdır ki, bir çoxumuz bu mövzuya ciddi mənada lazımınca yanaşmır, qidaların tərkibi haqqında xatırlatmalar olduqda da çoxlarının cavabı “Onda  gərək ac qalaq”, “Onsuz da bütün qidalarda haram və şübhəli qatqılar var”, “İndiki  dövrdə qorunmaq mümkün deyil” və s. olur. Bu deyilənlərlə sadəcə özümüzü  rahatladırıq. Amma laqeyd olmağa haqqımız yoxdur, çünki, qida mövzusu, Mövlaya hesab verəcəyimiz bir mövzudur. Bu  saydıqlarımız bir çoxumuz üçün çətin olsa da istərdim bir hədisi də əlavə edim:

Hz. Əbu Hüreyrə (r.a.) rəvayət edir: Rəsulullah (s.ə.s.) buyurdu ki "Elə dövr gələcək ki, insan oğlu, aldığı şeyin halal, yoxsa haram olduğu ilə maraqlanmayacaq. Belələrinin heç bir duası qəbul edilməz”. (Buxari, Cadu 7,23; Nəsai, Cadu 2, 7, 243) Uca Allah bizi belə qullar olmaqdan qorusun cümlə müsəlman ümmətinə halaldan faydalanmağı nəsib etsin. Amin..                           

 

Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik.

 

 

 

 

 

 


Bizim Ailədən
Bu yazıya 4719 dəfə baxılıb.