Dini İnformasiya Dini Təbliğat Deyil - 2


Bu yazıya 1237 dəfə baxılıb.

İslamın təbliği sahəsində ən təsirli təhriklərdən biri İslamı qəbul etmiş qulların azadlığa buraxılması ilə bağlı idi. Müsəlman qul ola bilməzdi. Azadlıq və cizyə vergisi amili kütlənin şüuruna təsir edən ən qüvvətli vasitə idi. İslamı qəbul etməklə problemlərindən qurtulmaq arzusu əhalidə o qədər güclənmişdi ki, bu prosesin qarşısını almaq üçün müəyyən şərtlər irəli sürülürdü. Müsəlman olmaq istəyənin Quran oxuyub-oxumadığına, kəlmeyi-şəhadəti bilib-bilmədiyinə ciddi diqqət verilir və yalnız bu şərtlərə cavab verənlər cizyədən azad edilirdi.

Tarixi aspektin öyrənilməsi bu günə qədər jurnalistikada mövcud olan bir sıra sovet ideologiyasından qalma “ştamp” stereotiplərin dəyişdirilməsi baxımından olduqca vacibdir. Hələ də bir sıra verilişlərdə və mətbuatda İslamı zor gücünə qəbul edilmiş “qılınc” dini kimi təqdim etmək hallarına rast gəlindiyindən, onun tarixi rakurslarının dəqiqləşdirilməsi zərurəti aradan qalxmamışdır.

Azərbaycanda İslami təbliğatın tarixinə ekskurs keçirdikdən sonra bu mövzunun fəlsəfi aspektlərini açıqlamaq, daha sonra isə kütləvi informasiya vəsitələrinin problemə münasibəti ilə paralel qarşılaşdırmaq istərdik. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, İslamın dini təbliğat və dinə dəvət prinsipləri İrşad ideologiyasının əməl xəttini təşkil edir və bilavasitə İslamı maarifləndirmə funksiyaları daşıyır. Təməli bəşərin son peyğəmbəri Hz. Məhəmməd (s.ə.s.) tərəfindən qoyulan İrşad ideologiyası və ya metodu həm öz dahi yaradıcısını yüksək insani keyfiyyətlərinə, həm də onu bu yola sövq edən Uca Varlığın qüdrət və hikmətinə dəlalətdir.

Rəvayətə görə, “Müddəsir” surəsini: “Ey libasına bürünmüş Peyğəmbər! Qalx (insanları Allahın əzabı ilə) qorxud! Öz Rəbbini ucalt! Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (yaxşılığı) çox bilib başa qalxma! Rəbbinin yolunda səbr et!”-ayələri nazil olunca Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) ayağa qalxdı və təkbir gətirdi. Artıq insanları Haqq dinə çağırma vəzifəsi verilmişdir.

İslamın İrşad ideologiyası – vəz, moizə və nəsihət ilə insanların haqqa, ədalətə, mərhəmətə, yaxşılığa dəvət olunması məhz bu andan başlayır. Peyğəmbərə vəhy olunan və bəşər övladına hidayət olaraq göndərilmiş Qurani Kərimdə dəfələrlə İslamın bir nəsihət elmi olduğu bildirilmiş, yalnız təbliğ yolu ilə yayınlanmasına, insanlarla münasibətdə xoşrəftarlığa üstünlük verilmişdir. “Həqiqətən, bu bir öyüd-nəsihətdir. Kim istəsə ondan öyüd alar” (1, 80; 11-12) buyuran Qurani Kərimdə: “Bəndələrimə de, gözəl sözlər söyləsinlər” (1, 17; 53), hətta Fironun yanına gedənlərə də: “Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin” (1, 20; 44) ayələri ilə dini təbliğata münasibət açıqlanmışdır.

Peyğəmbərin özü də Aləmlərin Rəbbi tərəfindən insanlara göndərilmiş Qurani Kərimi təbliğ etmək vəzifəsi daşımışdır. “Maidə” surəsində iki dəfə Hz. Məhəmmədin (s.ə.s.) təbliğatçılıq funksiyasına işarə edilir: “Ya peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş (Quranı) təbliğ et. Əgər etməsən, Allahın risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq” (1, 5;66). Və nahəyət, həmin surənin 99-cu ayəsində bir daha israrla bildirilir ki, haqq yolunu azmış insanlara nicat olaraq göndərilən Hz. Məhəmmədin (s.ə.s.) başqa niyyəti və ya qəsdi yoxdur: “Peyğəmbərin üzərinə düşən vəzifə... ancaq (Allahın əmrlərini  insanlara) təbliğ etməkdir”.

Səhih hədis kitablarında İslamın təbliğində peyğəmbərin zor və məcburiyyətə deyil, bilavasitə öyüdə istinad etdiyi təsbitlənmişdir. Əbu Ruqəyya Təmim ibn Əsvad-Dariyə nəqlən Hz. Məhəmmədin (s.ə.s.): “Din nəsihətdir!” deyə buyurulmuşdur. Səhabələrinin: “Kimin üçün nəsihətdir?”- sualına: “Allaha, kitablarına, Rəsuluna inanan əmirəl-möminlər (ixtiyar sahibləri) və bütün müsəlmanlar üçün nəsihətdir”-cavabını vermişdir (Müslim, İman 95. 76; II,53). Başqa bir hədisə istinadən, Hz. Peyğəmbər Xeybər döyüşündən qabaq Hz. Əliyə (ə.s.) düşmən ordusu ilə necə rəftar edəcəyi barədə xitab etmişdir: “Tələsmədən, çox sakit şəkildə onların yanına get, onları İslama dəvət et, tabe olacaqları ilahi məsuliyyət barədə xəbər ver. Allaha and olsun ki, sənin vasitənlə Allahın tək bir kişiyə hidayət verməsi sənin üçün qırmızı dəvələrə sahib olmaqdan daha üstündür”. (Buxari, Fəzailus-səhabə, 9. 76; II, 4).

İslam dininə görə, insanlara vəz və nəsihət ilə yaxşılığı əmr etmək (əmr bil-məruf) və pislikdən çəkindirmək (nəhy ənil-münkər) tərzi kifayədir, yəni müsəlmanın üzərinə düşən vacib vəzifələrdəndir. Bu prinsip özəlliklə şiə və mötəzililərin ehkamlar sistemində xüsusi yer tutur. Belə ki, şiələr əmr bil-məruf və nəhy ənil-münkər İslamın beş şərti kimi (şəhadət, namaz, oruc, zəkat və həccdən sonra), mötəzililər iman şərti kimi (tövhid, ilahi ədalət, vəd və təhdid, orta haldan sonra) rəsmən qəbul etmişlər. Digər təriqətlərə görə isə məscid türkülərində minbirlərdə insanlara nəsihət qayəsi ilə söylənən sözlər və ya xütbələr Hz. Peyğəmbərmizin sünnətindəndir.

Nəsihət, öyüd, əslində, başqasına xeyir istəməkdir. Allahın dininə xidmət üçün çalışmaq, bəşərin hidayətə yetişməsinə vəsilə olmaq barədə Hz. Məhəmmədin (s.ə.s.) necə yüksək fikirdə olduğu bir hədisi-şərifdə aydın görünür: “Hidayətə dəvət edən kimsəyə qəbul edənlərin savabı qədər savab verilir” (Müslüm, Elm, 16. İbn Macə, Müqəddimə, 14. 76; VI, 169).

Özünün ağlını nümayiş etdirmək, insanların təqdirini qazanmaq, mala və vəzifəyə yetişmək məqsədi ilə verilən nəsihətlər sahibləri üçün günahdır, çünki xoş niyyətlə olmadığı üçün Allah Təala nəzərində məqbul sayılmır. İslama görə, nəsihət etmək hər bir müsəlmana vacibdir, lakin nəsihətin qəbul edilməsi üçün, nəsihət verən şəxsdə bir sıra xüsusiyyətin olması lazımdır:

  1. Nəsihət verən elm sahibi olmalıdır. Elmi olmayanın bu vəzifəyə haqqı çatmaz.
  2. Əməl sahibi olmalıdır. Söylədiyinə özü də əməl etməlidir, əks halda Qurani Kərimin: “Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar”. ayəsinin hökmü onun üzərindədir.
  3. İxlas sahibi olmalıdır. Bütün nəsihətlərini Allah rızası niyyəti ilə etməlidir.
  4. Dinləyənlərə şəfqət göstərməli, hüsni-zənnə qapılmamalı, irşad vəzifəsini həlimlik və xoş sözlərlə icra etməlidir.
  5. Səbrli olmalı, sərtlik və qəzəbdən uzaqlaşmalıdır. Cahillərin elm və irfan sahiblərinə “Yaxşılığı əmr edib, pislikdən kənar durmaq” ehkamını aşılaması ən azı məntiqsizlikdir. Belə davranış ədəbə ziddir, müsəlman əxlaq  normaları baxımından yerini bilməyən adam nəticədə bir cəncələ vəsilədir. İlk baxışda sadə görünən bu psixoloji aksioma, dərinliklərinə vardıqca açılaraq, kütlə şüuruna təsir edən mexanizmlərin dinamikasını mərhələ-mərhələ göz önündə canlandırır. Əslində, İslam dininin təbliğatı olan münasibətini belə geniş şəkildə şərh etməyimizin səbəbi də cəmiyyətdə harmonik əlaqələrin daima mövcudluğundan onların milli mentalitetə uyğunluğundan və yerli kütləvi informasiya vasitələrinin bu sahədəki qüsurlarından irəli gəlir.

 



Bu yazıya 1237 dəfə baxılıb.