Ruhani bir həyat tərbiyəsi Ramazani-Şərif


Osman Nuri Topbaş
Bu yazıya 1247 dəfə baxılıb.

Rəbbimiz bəndələrinin əbədi səadəti üçün həyat təqvimində ilahi rəhmət, əfv və məğfirətin tüğyan etdiyi bir sıra mənəvi qazanc mövsümləri təyin etmişdir. Bu mövsümlərin ən bərəkətlisi heç şübhəsiz ki, Ramazani-Şərifdir. Çünki:

-Hidayət rəhbərimiz Qurani-Kərim bu mübarək ayda endirilmişdir.

-Müstəsna bir ruhi yetkinlik vəsiləsi olan oruc ibadəti bu aya məxsus bir fərzdir.

-Min aydan xeyirli olan Qədr gecəsi Ramazan gecələri içində lütf edilmişdir.

Bu ayın gecələri iftar, təravih və sahurlarla bərəkətləndirilmişdir.

-Müxtəlif ehtiyac və məhrumiyyətlər içində qıvrılan iztirablı könüllər ən çox bu ayın gəlişi ilə ümid və sevincə qərq olurlar. Çünki zəkat, sədəqə, infaq kimi ibadətlər təbəssümü unutmuş neçə-neçə üzləri xüsusən bu ayda sevincə qovuşdurur.

-Bu ayda ülviliklərin və cənnətin qapıları açılır.

-Günahlardan qorunmaq, pisliklərdən əl çəkməklə cəhənnəm qapıları bağlanır.

-Şərlər və şeytanlar da kamil möminlərin təqva zəncirləri ilə zəncirlənir.

Beləliklə, möminlərə əbədi səadət qapıları açan Ramazan bütün ümmətə iqbal qapılarını aralayar.

 

Quran və Ramazan

Allah təala buyurur:

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar...” (əl-Bəqərə, 185).

Ayədə Quranın Ramazanda endirildiyi və onun haqq ilə batili, xeyir ilə şəri, yaxşı ilə pisi bir-birindən ayırd edəcək hikmət və həqiqət nurları ilə dolu bir kitab olduğu bildirildikdən sonra bu mübarək aya qovuşanların Quran tərbiyəsi altında oruc tutmaqla mükəlləf olduqları bəyan edilir.

Bu baxımdan Quran ilə Ramazan arasındakı dərin yaxınlıq və incə əlaqənin çox yaxşı dərk edilməsi lazımdır.

Quran möminin daxili və xarici aləmini aydınladan ilahi bir nurdur. İnsanı ibadətlər, hikmətlər və qissələrlə irşad edərək Haqqa vasil edən əbədi bir səadət bələdçisidir.

Həyat və gələcəyin məchulları içində sıxılmış, qarışıq fəlsəfələrin stress və böhranları ilə sarsılmış “əbədiyyət yolçusu”nu rahatlıq və dincliyə sövq edəcək ən təminedici irşad səsi Qurani-Kərimdir.

 

Həyat nemətində Ramazan fürsəti

Rəbbimiz Qurani-Kərimdə zamana and içir. Həyat bulağımızın şiddətlə axdığını, fani ömürlərimizin sürətlə tükəndiyini xatırladır. Dünya həyatının qısa bir zaman kəsiyi olduğunu, əsl həyatın isə axirət həyatı olduğunu açıq-aşkar bəyan edir. Beləliklə, bizi qəflətə düşməmək üçün xəbərdar edir.

Hz. Aişə (r.a.) anladır:

“Rəsulullah (s.ə.s.) Ramazan ayında ibadətinə digər aylarda olduğundan daha çox fikir verərdi. Ramazanın son on günündə isə özünü daha çox ibadətə həsr edərdi. Bu günlərdə gecələri ehya edər, ailəsini oyandırar və izarını bağlayardı. (Yəni ibadət üçün hazırlıqlarını tamamlayar və böyük bir əzmlə Haqqa yönələrdi)” (Buxari, Fadilul-Leylətil Qədir, 5; Müslim, Etikaf, 8).

 

Oruca sarıl...

Ramazani-Şərifin layiqi ilə ehyası yolunda ən çox diqqət ediləcək məsələ, şübhəsiz ki, oruc ibadətidir. Oruc bizə dünyanın fani nemətləri əlindən alınacaq bir axirət yolçusu olduğumuzu xatırladır.

Əbu Umamə (r.a.) bir gün:

“- Ya Rəsulallah, mənə elə bir əməl tövsiyə et ki, Allah Təala məni onunla mükafatlandırsın” – deyincə Peyğəmbər (s.ə.s.) cavabında buyurdu:

“- Sənə oruca sarılmağı tövsiyə edirəm. Çünki o, misli olmayan bir ibadətdir” (Nəsai, Siyam, 43).

Sahurların yüksək fəzilət və qiymətinə da belə işarə etdi:

“Bir udum su ilə də olsa sahur yeməyi yeyin” (Əbdürrəzzaq, Müsənnəf, IV, 227/7539).

“Sahur yeməyi yeyin, çünki sahurda bərəkət vardır”. (Buxari, Savm, 20)

Məhz oruc içimizdəki nəfs canavarını tutub bağlayan və beləliklə  insanın daxilində gizli olan mərhəmət və şəfqət duyğularının inkişafına səbəb olan ruhi bir nizam-intizamdır.

Həqiqətən, oruc nemətlərin qədrini bildirən, həmd və şükrə sövq edən, yoxsulların vəziyətini anlamağı öyrədən, möhtacların “acıyın bizə” fəryadlarına qarşı könüllərdə mərhəmət hissini oyandıran, şəfqət və mərhəməti bütün arzu və həvəslərin üstünə yüksəldən və kimsəsiz biçarələrə yardım hissini canlandıran ülvi bir qulluq şüurudur.

Nəfsləri təbiyə edən bu məktəbin ən mühüm tərəfi də, şübhəsiz ki, insana yaşatdığı bir sıra imtahanlardır.

Oruclu olarkən səbirlə aşılması vacib olan bu imtahanlardan biri hədisdə belə göstərilir:

“Heç biriniz oruclu olduğunuz gün pis söz danışmasın və heç kimlə mübahisə etməsin. Əgər biri onu söyərsə “mən orucluyam” desin” (Buxari, Savm, 9).

Əslində, insanlarla çəkişib münaqişəyə girmək heç vaxt bəyənilən, təqdir edilən davranış sayılmayıb. Qaldı ki, oruclu bir insanın belə bir çirkaba bulaşması, tutulan orucun ruhaniyyətini zədələyər, onun feyzini korlayar. Bu məsələdə hər zaman fikir verəcəyimiz lazımi davranışı uca Rəbbimiz belə bəyan edir:

“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər” (əl-Furqan, 63).

Buna görə də oruc ibadəti ruhi bir dərinliklə, boş işlərdən əl çəkərək nəzakət, zəriflik və həssaslıqla ifa edilməlidir. Ancaq mədəni ac saxlamaqla kamil bir oruc tutmaq olmaz. Məqbul bir oruc bədəndəki bütün üzvlərin haram və şübhəlilərdən qorunmasında nəfsin cilovlanmasını tələb edir.

Dilimiz ürəklərə sancılan bir tikan yox, rəhmət lisanı olmalıdır.

 

İxlas ilə qulluq

İbadətlərin kamalını artıran qəlb təmizliyi, niyyət saflığı və səmimiyyətdir. Haqq rizasından əlavə başqa qayələrin də qarışdığı, ortaq edildiyi ibadətlərdən bir xeyir ummaq olmaz. Hədisdə belə deyilir:

“Nə qədər oruc tutanlar var ki, orucundan ona aclıqdan başqa bir şey qalmaz. Gecələr nə qədər namaz (təravih və təhəccüd) qılanlar var ki, namazlarından onlara qalan yalnız yuxusuzluqdur” (İbn Macə, Siyam, 21).

İbadətlərin özəyi olan dua da bəndənin mənliyindən sıyrılaraq Rəbbinə sığınmasıdır. Allah ilə bəndə arasındakı ən mühüm mənəvi bağdır. Bu bağı qoparanlar Haqq qatındakı dəyərlərini də zay etmiş olurlar. Necə ki, ayədə buyurulur:

“(Ya Rəsulum!) de: "Əgər (qulluq və) duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?!.” (əl-Furqan, 77).

Digər tərəfdən də sahurlar möminlərə eyni zamanda səhər vaxtının feyzindən istifadə yönündə mənəvi bir tərbiyə zamanıdır. Səhər vaxtları Allah Təalanın bəndələrinə xüsusi dəvət anlarıdır. Rəbbindən gələn bu dəvəti bəndənin nemət bilməsi və təşəkkürlərlə qarşılaması lazımdır. Ayədə: “...sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlər” (Ali-İmran, 17) təriflənir.

Əvvəli rəhmət, ortası məğfirət, sonu da cəhənnəmdən qurtuluş vəsiləsi olan Ramazani-Şərifdən layiqi ilə istifadə etmək üçün ibadətlərimizi ixlas və səmimiyyətlə yerinə yetirmək və gücümüz çatdığı qədər bunları çoxaltmaq lazımdır. Çünki bu qazanc mövsümündəki əməllər axirət səfərimizin bəlkə də ən qiymətli azuqəsi olacaq.

 

Qədr gecəsi

Qədr gecəsi Allah təalanın ümmətlər içində yalnız ümməti-Məhəmmədə müstəsna bir ikramı olaraq lütf etdiyi ən zəngin mənəvi xəzinələrdən biridir. Onun ehtişam və əzəməti, qiymət və əhəmiyyəti müstəqil bir surə və bir çox hədislə müjdələnmişdir.

Rəbbimiz bu gecənin şənini belə bəyan edir:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)” (əl-Qədr, 1-5)

Qədr gecəsi Quran endirilməklə nurlanmış, başda Cəbrayıl (ə.s.) olmaqla saysız-hesabsız mələklərin axın-axın yer üzünə nüzulu ilə feyzlənmiş bir gecədir. Mömin qəlblərə görünməz ruhanilər tərəfindən salamlar verilən, Rəbbinə dua və tövbə ilə yönələnlərə, üz tutanlara salamatlıq və məğfirət saçılan, feyz və bərəkət dolu, min aydan daha xeyirli, ilahi lütf gecəsidir.

Qədr gecəsinin bu müstəsna fəziləti səbəbiylə Rəsulullah (s.ə.s.) o gecəni Ramazan gecələri içində şəxsən aramış və axtarılması üçün də ümmətinə əmr etmişdir.

Səksən üç ildən daha xeyirli olan Qədr gecəsinin vaxtının qəti olaraq bildirilməməsinin də ayrı bir hikməti vardır. Hədisin bəyanına görə Qədr gecəsi Ramazanın son on gününün tək gecələrində, xüsusən də iyirmi yeddinci gecəsində axtarılmalıdır. Ancaq bu hökm o gecənin qəti olaraq bu günlərin içində olduğu mənasına da gəlməməkdədir.

 

Bayram

Bayram gün və gecələri də incə ruhların qavraya biləcəyi, dərin və həssas könüllərin sezə biləcəyi nurani təcəllilərlə doldurur.

Hədisdə buyurulur:

“Ramazan və Qurban bayramı gecələrini, savabını Allahdan umaraq ibadətlə ehya edənlərin qəlbi, bütün qəlblərin öldüyü gün ölməyəcək” (İbn Macə, Siyam, 68).

Ramazan bir təqva məktəbi, bayram isə onun ruhani şəhadətnaməsidir. Həqiqi bayram Allahın bizdən razı olmasıdır. Bunun üçün də, xüsusilə o sevinc günlərində yetim, kimsəsiz, yoxsul və möhtacları sevindirək ki, ilahi rəhmət və mərhəmət təcəllilərindən pay ala bilək. Çünki:

Siz yer üzündəkilərə mərhəmət edin ki, göy üzündəkilər də sizə mərhəmət etsin!” -buyurulmuşdur. (Əbu Davud, Ədəb, 58)

Unutmayaq ki, bayramlar heç də tətil və əyləncə kimi fərdi sevinc günləri deyil. İnsan təkbaşına, fərdi olaraq bayram edə bilməz. Yəni təkbaşına bir bayram namazı, təkbaşına bir bayramlaşma təsəvvür etmək mümkün olmadığı kimi, yalnız bir nəfərin, ya da bir ailənin xoşbəxliyinə həsr edilmiş bir bayram da düşünmək olmaz. Əksinə, bayramlar qohum-əqrəba ilə görüşmək, dünyadan köçənlərimizi xeyirlərlə yad edib ruhlarını şad etmək, iman qardaşlığını cəmiyyət içərisində yaşatmaq kimi nə qədər boynumuza düşən bir çox vəzifələrimizin reallaşmasına vəsilə olan, bütün toplumu qucaqlayan ibadət günləridir.

Xülasə, Ramazan ruhani bir həyat tərbiyəsidir. Müsəlmanlıq təkcə Ramazana məxsus və müəyyən  günlərə aid bir mərasim deyil, ömürlük təqva həyatıdır.

Rəbbimiz ilin bütün vaxtlarını Ramazan ayı ilə şərəfləndirdiyi kimi, bizim də bütün ömrümüzü Ramazanın feyz və bərəkətini umaraq və o aydakı zəriflik, nəzakət, həssaslıq içində idrak və ehya etməklə keçirməyimiz lazımdır.

Buna görə də Ramazan tərbiyəsi altında keçirdiyimiz mənəvi xatirələri heç bir zaman unutmamalıyıq. Çünki ömürlər nə qədər uzun görünsə də, əbədi axirət həyatının yanında bir aylıq Ramazan mövsümündən də qısadır.

Rəbbimiz etdiyimiz və edəcəyimiz ibadət və saleh əməlləri qəbul etsin. Qovuşduğumuz Ramazan aylarını ixlaslı niyyətlərlə və təqva ölçüləri ilə sonrakı ilin Ramazanına bağlaya bilməyi və beləcə həyatımızı daimi bir Ramazan ruhaniyyəti içində yaşaya bilməyi qismət etsin. Ramazani-Şərifi vətənimiz, millətimiz və bütün İslam dünyası üçün əmin-amanlıq və səadət vəsiləsi eyləsin. Amin...

 

 


Osman Nuri Topbaş
Bu yazıya 1247 dəfə baxılıb.