Dilin ən böyük bəlası – Yalan


Samirə Mahmudova
Bu yazıya 1291 dəfə baxılıb.

Zəmanəmizin fitnə - fəsadlarından biri də yalandır. Yalan mahiyyət etibarilə kiçik görünsə də nəticə olaraq cəmiyyətin sağalmayan yarasıdır. Nə qədər şər işlər yalan sayəsində budaqlanır, böyüyür, çarəsi mümkün olmayan bəlalara səbəb olur. Əbəs yerə üç böyük günahdan birinin də yalan olduğunu peyğəmbərimiz bizə bildirməmişdir. Rəsulullahdan rəvayət edilən hədis bizə yalanın böyüklüyünü göstərir:

Bir gün Rəsulullah əshabı ilə birlikdə ikən onlara:

- Sizə ən böyük günahları xədər verimmi? - deyir. Əshab:

- Buyur, ya Rəsulallah! – dedilər. Arxasına yaslanmış halda Peyğəmbər (s.ə.s.) sözünə davam edərək deyir:

-  Ən böyük günahlar; Allaha şərik qoşmaqdır, sonra ata-anaya itaətsizlikdir – deyib yaslandığı yerdən doğrulub oturur və:

- Diqqət edin! Bir də yalan danışmaqdır, yalan danışmaqdır, yalan danışmaqdır... deyə bu sözü o qədər təkrar edir ki, söhbətdə olan əshab: “Kaş ki, Rəsulullah sakitləşsəydı” ,- deyə narahat olmağa başlayır.

Rəsulullah (s.ə.s.) yalanın fəsadlarına işarə edərək bundan uzaq durmağı, yalanın bir möminin qəlbində yer tutmasının təhlükələrini hədislərində belə ifadə edir:

“Bəndə yalan danışmağa davam etdikcə qəlbinə qara bir nöqtə düşür. Hər yalan danışdıqca bu nöqtə böyüyür və qəlb tamamilə qapqara olur. Bu insan, nəhayət,  Allah qatında “yalançılardan” yazılır”.

İnsanlar yalan danışmağı xəcalətdən qurtarmaq üçün başlıca çıxış yolu kimi görürlər. Onlar yalan danışmaqla başqalarını inandırmağa çalışır, prinsip olaraq işinin həlli üçün yalanı çıxış yolu kimi görürlər. Məşhur atalar sözü olan “Yalan ayaq tutar, yeriməz.” sözü yalanın gizli qalmayacağını xəbər verir. Həqiqətən, insan yalan danışaraq işinin həllinə çalışsa da zamanla bu yalan uzağa getməyərək üstü açılar və o camaatın nəzərində etibarsız hala düşər. Beləliklə, yalan danışmaqla o, ancaq özünə zərər vurmuş olur.

Bir gün Loğman Həkimdən:  

-          Səni gördüyümüz mərtəbəyə çatdıran nədir? - deyə soruşurlar. O :

-          Doğruyu demək, əmanətə xəyanət etməmək və məni maraqlandırmayan şeyləri tərk etməyimdir, – cavabını verir.

Yalan danışmaq qədər yalandan and içərək başqasının haqqını qəsb etmək, namusuna dil uzatmaq və yalan danışaraq insanları güldürməyə çalışmaq da bir o qədər böyük günahlardan sayılır. Rəsulullah (s.ə.s.) bu günahın böyüklüyünü belə ifadə edir:

-          Bir müsəlmanın malını əlindən almaq üçün yalandan and içən şəxs Allah Təalanın qəzəbinə uğramış olaraq qarşısına çıxar. Allah Təala cəhənnəmi ona vacib, cənnəti haram edər. Əshab:

-          Ya Rəsulallah! Əgər həmin haqq mənasız bir şey olsa? - deyə soruşur.

-          Rəsulullah (s.ə.s.):

-          Misvaq ağacından bir budaq parçası belə olsa – deyə cavab verir.

İslamın əsası doğruluqdur. Bir insanı kamilliyə aparan da doğruluqdur. Kamilliyə çatanın üstün əxlaqı doğruluq üzərinə bina edilər. Yəni işinin başı və sonu doğruluq olar. Hz. Məhəmməd (s.ə.s.) İslamı təbliğ üçün vəzifələndirildiyində onun təbliğini eşidənlər doğru sözlü, etibarlı olduğunu bildikləri üçün şübhəyə düşməmişdilər. Hətta ən qatı düşməni belə olan Əbu Cəhl İslamı qəbul etməməsinin səbəblərinin başında sırf nəfsani meyillərinin olduğunu və Məhəmmədlə əlaqəsi olmadığını etiraf etmişdir:

“Mən, Məhəmməd yalan danışır, demirəm. Çünki onun əvvəldən də etibarlı və əmin olduğunu hər kəs bilir. Lakin mən bu dinin Məkkənin mənim kimi əşrafından (ən şərəfli deməkdir) birinə endirilməli olduğunu düşünürəm”.

Yalan söyləmək insanlar arasında sevgi, inam və dostluq bağlarını zəiflədər, hətta zamanla məhv edər. Bu qədər faciəvi nəticələrə səbəb olan yalandan uzaq durmaq, insanı kamilliyin zirvəsinə çatdırar, Allah qatında Rəsulullahın da ifadə etdiyi kimi peyğəmbərlərlə, şəhidlərlə və şükür edən zənginlərlə bərabər edər.

Allah cümləmizi yalandan və yalana səbəb olacaq davranışlardan qorusun və sıratı müstəqimdən ayırmasın. Amin!


Samirə Mahmudova
Bu yazıya 1291 dəfə baxılıb.