Bu Bulaqdan Su İçmək Haramdır!


Bizim Ailədən
Bu yazıya 1194 dəfə baxılıb.

Vaxtilə Bursada bir müsəlman, bugünkü adı Ərəb Şükrü olan yerdə bulaq çəkdirmiş və başına bu sözü yazdırmış: "Hər qula halal, müsəlmana haram!"

Paytaxt Bursada, təbii ki, Osmanlı əhalisi bir-birinə qarışır, bu necə fitnədir,  deyə gedib qazıya şikayət edirlər. Adam tutulub qazının hüzuruna gətirilir. "Bu necə fitnədir, dini İslam, əhalisi müsəlman olan böyük dövlətdə sən qalx, xeyirdir, savabdır deyə bulaq çəkdir, amma suyunu müsəlmana qadağan et! Belə iş ola bilərmi, nədir səbəbi, ağlınımı itirdin?" - deyə qazı əsəbi halda soruşur. Adam: - "İcazə verin, səbəbi vardır, lakin isbat istər, dəlil şərtdir ..." - dedikcə qazı hirslənir:

- "Nə dəlili, nə isbatı? Sən fitnə çıxardın, müsəlman əhalinin dincliyini qaçırdın, qətlin vacibdir!” – deyir.

 Amma bir tərəfdən də işin səbəbini öyrənmək istəyir:

- "Nədir səbəbi?" - deyə soruşur. Adam:

- "Bir tək Sultana deyərəm ..." - deyə cavab verincə, ortalıq yenə qarışır. Söz Sultana gedib çatır, adam  saraya aparılır. Padşah da hirslənir, amma digər tərəfdən ona da adamın cavabı maraqlı gəlir:

- "De görək nə demək istəyirsən? Bu necə işdir ki, həm bulaq çəkdirirsən, həm də hər qula halal, müsəlmana haram yazırsan?" Adam, başını önə əyərək danışır:

- “Dəlilim vardır, lakin isbat istəyir". 

- "Birdən dəlilin dəqiq olmasa?"

- "O zaman boynum, tükdən incədir, Sultanım!"

- "Buyur!"

- "Sultanım, hər hansı bir sinaqoqda təsadüfi bir xaxamı səbəbsiz, izahsız tutub, bir həftə saxlayın. Baxın nələr olacaq ..."

Adamın dediyi yerinə yetirilir.  Başlarında yəhudilər olmaqla, bütün azlıqlar bir olmuş, "Nə olub, bu nə zülmdür? Bizim din adamımıza biz zamin dururuq, nə lazım olsa söyləyin edək, o günahsızdır ... Ətraf ölkələrdən belə elçilər gəlir, məktub üstünə məktub gətirirlər. Bir həftə sonra, adam:

- "Sultanım, artıq buraxmaq zamanıdır" - deyir. Xaxam buraxılır, azlıqların sevincinin həddi-hüdudu olmur.  Bu səfər Sultana təşəkkürlər, hədiyyələr gəlir.

Adam:

- "Eyni işi hər hansı bir kilsədən bir keşiş üçün də etdirin, Sultanım" - deyir. 

Eyni şəkildə bir keşiş tələsik həbsə alınır. Bu dəfə də eyni reaksiyalar artaraq davam edir. Həftəsi dolunca o da sərbəst buraxılır. Xoşbəxtlik və sevinc nümayişləri çoxalır, təşəkkürlər, şükranlar yağdırılır.

 Sultan:

- "Bu qədərmi?"- deyir adama. 

- "Sultanım son bir iş qaldı, sonra icazənizlə hökm zamanıdır ", -  deyir. 

- "İndi nədir istəyin?"

- "Sultanım, paytaxtımız Bursanın ən sevilən alimini alın minbərdən... 

"Adamın dediyini edirlər, Ulucami imamını Cümə xütbəsinin ortasında götürüb aparırlar. Bir Allahın qulu çıxıb, "Nə olub, siz nə edirsiniz? Heç olmasa xütbəsi bitənə qədər gözləyərdiniz", kimi tək bir kəlam etmir. İmamın arxasından gələn, axtaran - soruşan olmur... Bir həftə keçir, "İmam hardadır?" - deyə, gələn - gedən olmur! Xalq halından məmnundur. 

Dedi-qodu başlayır:

- "Biz də onu adam bilmiş, müəllim seçmişdik ..."

- "Kim bilir nə cinayət edib ki həbs olunub!"

- "Vah vah! Təəssüf edirəm arxasında qıldığım namazlara ..."

- "Demə, demə ...”

 Padşah, qazı və adam olub-bitənləri izləyir . Sonda padşah bulağı çəkdirəndən soruşur:

- "Nə olacaq indi? Adam:

- "Buraxmaq zamanıdır. Bir də müəllimdən üzr istəyib halallıq almaq lazımdır". 

-"Haqlısan" - padşah deyir.

 Deyilənin edilməsi üçün əmr buyurur.

 Adam başını önə əyərək deyir:

- "Ey böyük Sultanım, siz deyin, xahiş edirəm, belə müsəlmanlara su halal edilərmi?" Sultan acı təbəssüm edir:

- "Hava belə haramdır onlara, hava belə!"- deyir.

Bu kiçik ibrətli hekayəni boş yerə yazmadıq. Bir-birimizə dəstək olub, qeydinə qalmalıyıq. Yıxılanı baltalayıb məhv etməkdənsə, əl uzadıb ayağa qalxmasına, dirçəlməsinə yardım etməliyik. Çünki bu xalqın övladları bir-birinə düşmən deyil, qardaşdırlar. 


Bizim Ailədən
Bu yazıya 1194 dəfə baxılıb.