Millət Dindən Ayrı Deyil


Bu yazıya 1103 dəfə baxılıb.

Millət dindən ayrı deyil

 

Bu gün Azərbaycan öz sivilizasiyalı inkişafı üçün dünyəvi dövlət quruculuğu yolunu seçmişdir. Bu hər şeydən əvvəl, Azərbaycanda dövlətin dindən ayrı olduğunu nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə millət dindən ayrı deyildir. Müstəqil Azərbaycanın tutduğu bu yol millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə öz növbəsində millətin ictimai fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir, çünki burada bir tərəfdən milli substansiyanın özünüdərki, təcrübəsi, digər tərəfdən isə mövcud hadisənin güclü və aydın mənəvi təzahürləri cəm olmuşdur.

Cəmiyyətdə insanları öz ətrafında birləşdirmək qüdrətində olan ikinci qüvvə - dini islamçılıq ideyasıdır. Doğrudur, sovet dövrü ateist təbliğatının təsiri altında azərbaycanlıların bir neçə nəslinin öz dini ənənələri haqqında real bilik və təsəvvürləri xeyli zəifləmişdir, yəni Azərbaycan müsəlmanlarının böyük bir qismi müsəlmanlıqlarını əsasən məişət səviyyəsində qoruyub saxlamışlar, Qurani-Kərimi, şəriəti, hədisi, fiqhi kifayət qədər bilmirlər, onların İslam ilahiyyatının əsasları, Allaha ibadətə dair hökmlər haqqında məlumatları səthidir. Lakin bütövlükdə İslam və dini-mənəvi dəyərlər barədə təsəvvürlər ictimai şüurda əlahiddə yer tutur.

Müxtəlif mənbələrdən qidalandıqlarına görə, həmçinin ictimai şüurun  və sosial psixologiyanın ayrı-ayrı sahələrinə yönəlmiş olduqları üçün milli ideya ilə dini ideyanın birləşməsi hələ yalnız nəzəri problem statusundadır. Siyasi nəzəriyyə və siyasət səviyyəsində də bu ideyalar bir-birini istisna edir. Azərbaycanın nümunəsində respublikanın Prezidenti Heydər Əliyev 1997-ci il avqustun 4-də Çikaqoda Amerikadakı Azərbaycan mədəniyyət cəmiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi nitqdə bu məsələni belə açıqlamışdır: “Ölkədə demokratik, dünyəvi cəmiyyət yaradırıq. Biz İslam dininə mənsubuq. Amma dinin ölkəmizdə hakim olmasına yol verə bilmərik”. Bu konseptual fikirdə dinə dünyəvi dövlətçilik mövqeyindən münasibət bildirilirdi. Konstitusiyaya əsasən, Azərbaycanda dövlət dindən ayrıdır. Lakin intellektual-ruhi və ideoloji komplekslər kimi milli ideya ilə dini ideya labüd olaraq üst-üstə düşür, çarpazlaşırlar. Çoxmillətli və çox konfessiyalı bir dövlət kimi Azərbaycanda həmin ideyaların xalqın ümumi mənafeyi naminə yaxınlığı, müəyyən hüdudlar daxilində əməkdaşlığı və bir-birindən qarşılıqlı səmərəli surətdə faydalanması mümkün və labüddür.

Bu proseslərdə kütləvi informasiya vasitələrimizin seçdiyi maarifçilik işi ilə kifayətlənmək problemin həllinə bir o qədər də kömək edə bilməz. Neqativ irsin – mövhumat və xurafatın ötürülməsinin qarşısını almaq praktikada heç də asan olmur. Burada dövlətin bütün ideoloji və tərbiyəvi təsir mexanizmlərinin gücündən səmərəli istifadə olunmalıdır. Təəssüflə deyək ki, hazırda heç də mövcud sistemin müvafiq elementləri səmərəli işləmir.

Hər şeydən əvvəl, müstəqillik şəraitində dini dəyərlərə şüurlu varislik münasibəti təbliğ edilməlidir. Bu zaman əsas meyar  kimi islami dəyərlərin sosial-mənəvi potensialı açıqlanmalıdır. Şüurlu varislik münasibəti yüksək mədəniyyət səviyyəsinin olmasını şərtləndirir. Yüksək mədəniyyət səviyyəsinə malik olmadan mədəni irsə, dini dəyərlərə, mənəvi mentalitetə münasibət məsələsinin özünün belə qoyulması mənasını itirir. Xalqın tarixi yaddaşı mədəniyyətin və mənəviyyatın mühüm şərtidir. Bütün bunları siyasi uzaqgörənliklə hiss edən Heydər Əliyev demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu prosesində İslamın, İslam dini dəyərlərinin saxlanılmasında heç bir ziddiyyət görmür, əksinə qarşılıqlı münasibətlərin mövcudluğunu qeyd edir və deyirdi: “Burada ziddiyyət yoxdur... Dinimizin bizə tövsiyə etdiyi və qoyduğu bütün adət-ənənələrdən səmərəli surətdə, həyatımızı daha da inkişaf etdirmək üçün istifadə etməliyik”.

Heydər Əliyevin irəli sürdüyü vəzifələr hər şeydən əvvəl adamlarımızda milli-dini mədəni köklərə, əxlaq, ailə və birgəyaşayış ənənələrinə bağlılığın və hörmətin tərbiyə edilməsini nəzərdə tuturdu. Bu işdə İslam və onun dəyərləri mühüm təsirli vasitə ola bilər, çünki bu din hər şeydən əvvəl öz ardıcıllarının mənəvi tərbiyəsi ilə maraqlanır. İslam insanları yaxşılıq etməyə, pislikdən çəkinməyə, halallığa, haramdan uzaq olmağa çağırır. Quranın təqdir etdiyi insani keyfiyyətlər arasında təvazökarlıq, etibarlılıq, əmanətə sədaqət, düzlük, başqalarına yardıma hazırlıq xüsusi yer tutur. Qurana görə müsəlmanlar bir olmalı, aralarında təfriqə salınmasına imkan verməməli, nəsillər arasında mənəvi-ruhi varisliyi qoruyub saxlamalıdırlar. Əlbəttə, bu keyfiyyətlər birdən-birə əmələ gəlmir, Allaha, Onun Peyğəmbərinə və Kitabına imandan doğur, ixlaskar ibadət sayəsində təşəkkül tapır. Və bu gün təəssüf və narahatlıq doğuran hal ondan ibarətdir ki, bizdə ideoloji iş sahəsində və kütləvi informasiya vasitələrində çalışanların çoxu hələ də bizim hansı mədəni irsə, hansı dini-əxlaqi dəyərlərə sahib olduğumuzu kifayət qədər dolğun şəkildə təsəvvür etmir, bilmirlər ki, tarix bizə nə qədər kamil bir irs etibar etmişdir.

Bir daha qeyd etmək istərdik ki, qloballaşma və kütləvi informasiya vasitələrinin indiki imkanları Azərbaycan əhalisinin islami ideyalardan ciddi surətdə təsirlənməsinə imkan yaratmışdır. Əlbəttə, milli mədəniyyətə məhəbbət, onun qaynaqlarına qayıdış, mənəvi dəyərlərdən bəhrələnmək istəyi bilavasitə dini amillərin bərpası ilə bağlıdır. Tarixinin böyük bir hissəsi İslamla bağlı olan, elmi, poeziyası, fəlsəfəsi, incəsənəti bu dinə etiqad edən bir xalqın öz tarixi yaddaşını bərpa etmək həsrəti ilə İslama maraq göstərməsi təbii haldır və yalnız təqdir edilə bilər. Azərbaycan kütləvi informasiya vasitələrinin bu aspektdə ən vacib işi və başlıca vəzifəsi əhalinin dini heysiyyat faktorunu nəzərə almaq, ona elmi və psixoloji mövqedən yanaşmaq, radikal münasibətlərdən qəti şəkildə uzaq olmaqdır. Bu, nəinki Azərbaycanın dini mühiti üçün, həm də formalaşmaqda olan yeni dünya nizamında dövlətimizin beynəlxalq mövqeyi üçün olduqca vacib və əhəmiyyətlidir.



Bu yazıya 1103 dəfə baxılıb.