Sağlam Üsulla Arıqlamaq


Könül Muradova
Bu yazıya 1279 dəfə baxılıb.

Sağlam üsulla arıqlamaq...

 

Məlumdur ki, çəkini azaltmaq üçün qəbul etdiyimizdən daha çox enerji (kalori) sərf etmək lazımdır. Amma arıqlamaq üçün çoxları nə lazım olduğunu bilmir. Kimisi yalnız ac qalmaqla, ya da güclü idmanla məşğul olmaqla problemin öhdəsindən gələcəyini düşünür. Təbii ki, bəzən birdən-birə arıqlayandan sonra yarana biləcək problemləri nəzərə almırlar. Bu problemlərlə qarşılaşmamaq üçün idman və pəhrizdən eyni vaxtda istifadə etmək məsləhət görülür. Eyni zamanda, formanı, sağlamlığı və həyat fəaliyyətini saxlamaq üçün qidamızda kifayət qədər faydalı maddələr olmalıdır. Dünyada artıq çəkidən və piylənmədən əziyyət çəkənlərin sayı artmaqdadır və buna növbəti faktorlar təsir edir: yüksək kalorili qidanın istehlakı, qidalanmanın səhv təşkili, hərəkətsiz həyat tərzi, irsi təsir. Lakin biz genlərimizi dəyişə bilmiriksə, yaşadığımız həyat tərzini və yediyimiz qidanı dəyişə bilərik.

 

Bizim çəkimiz qida ilə aldığımız kalori miqdarından və bu miqdarın hansı hissəsinin gün ərzində yandığından, hansı hissəsinin isə bədənimizdə qaldığından asılıdır. Çəkimizin sabit qalması üçün qəbul etdiyimiz enerji (kalori) itirdiyimiz enerjiyə bərabər olmalıdır. Tamamilə aydındır ki, çəkini azaltmaq üçün biz qəbul etdiyimizdən çox kalori sərf etməliyik. Lakin qəbul edilən kalorilərin sayını sadə yolla azaltmaq kifayət deyil, çünki, belə vəziyyətdə orqanizm aclıq rejiminə keçəcək, maddələr mübadiləsi zəifləyəcək və biz az yesək belə, daha çox kalori itirə bilməyəcəyik. Çəkini sağlam yolla azaltmaq üçün metod - "yandırılmamış" kalorilərin azaldılması, fiziki fəaliyyət və əsas qidalandırıcı maddələr (proteinlər, "faydalı" yağlar və karbohidratlar, vitamin, mineral və sellülozanın lazımi payı) olan yaxşı balanslaşdırılmış rasionun tətbiqidir.

 

Çəkinin təbii yolla azaldılması üzrə bəzi məsləhətlər:

1. Yüksək piy miqdarı olan təmizlənmiş taxıl məhsullarının (ağ çörək, cilalanmış düyü, makaron məmulatları), pizza və qamburqer kimi hazır qidanın, yağların (qızardılmış yeməklərdə, şirniyyat məmulatlarında və s.) istifadəsini azaldın.

2. Azkalorili və faydalı qida qəbul edin: tərəvəzlər, meyvələr, yulaf, qəhvəyi düyü, paxlalar (mərci, lobya) və s.

3. Yediyiniz qidanın porsiyalarını azaldın.

4. Yemək qəbulunda böyük tənəffüslər etməyin. 4 saatdan artıq çəkən tənəffüs orqanizmin qəbul etdiyi kalorinin miqdarını artırır və qidamızın keyfiyyətini aşağı salır: biz daha yağlı, şirin yemək qəbul edirik.

5. Mümkün qədər yavaş yeməyə çalışın. Bizim beynimizə 10-20 dəqiqə lazımdır ki, doymağımız barədə siqnal versin. Ona görə yavaş çeynəyin və çeynəyərkən bıçaqla çəngəli masanın üzərinə qoyun.

6. Müəyyən qidalanma qrafikinə riayət edin. Gün ərzində eyni vaxtda səhər, günorta və axşam yeməklərini yeyin.

7. Fəal olun! Maddələr mübadiləsini yaxşılaşdırmaq və əzələləri möhkəmləndirmək üçün hər gün fiziki məşqlər edin - gəzin, üzün, velosiped sürün, tennis oynayın, uşaqlarla oynayın və ya digər bir variantı seçin. Əsas odur ki, etdiyiniz sizi qane etsin!

8. Əsəbləşməyin. Qəmgin və əsəbi insanlar artıq yeməyə daha çox meyllidirlər.

9. Yuxunuzu alın! Gün ərzində ən azı 7 saat yatın. Yuxu qıtlığı aclıq hissi və iştahaya təsir edəcək hormonların ifrazına səbəb ola bilər. 


Könül Muradova
Bu yazıya 1279 dəfə baxılıb.