Ehsan Və İlahi Nəzər


Osman Nuri Topbaş
Bu yazıya 1304 dəfə baxılıb.

Ehsan Və İlahi Nəzər

Təsəvvüf bəndənin daim Allah-Təalanın mənəvi hüzurunda olduğunu xatırlamasıdır. Çünki ancaq bu şüur və idrak içində olan pak bəndələr ibadət, davranış, həssaslıq və ümumiyyətlə bir ömrü əhatə edən bütün davranışlarına diqqət edər, hər nəfəsi ilə:

 “...Biz ona şah damarından da yaxınıq...” (Qaf, 16) ayəsinin ehtivası içində yaşayarlar.

Əgər insan Allah-Təalanın ona şah damarından daha yaxın olduğunu qəlbən dərk edə bilsə həmişə bir təqva həyatı yaşayar, daima bir qorxu və hesabaçəkilmə fikri onu narahat edər və bu ayə ona kifayət edər.

“Əsri-səadətdən buna gözəl bir misal:

Gecə vaxtı idi. Hz.Ömər (r.a.) həmişə olduğu kimi Mədinə küçələrini gəzirdi, birdən dаyаndı. Qarşıdakı evdən еşidilən аnа ilə qızının söhbəti diqqətini çəkdi. Аnа qızınа:

-“Qızım, sаbаh sаtаcаğımız südə bir аz su qаrışdır!”-deyirdi.

Qız isə:

-“Аnаcаn, хəlifə südə su qarışdırmağı qadağan etməyibmi?”-deyə sual verdi.

-Аnаsı qızının bu sözlərinə qarşı çıxaraq:

-“Qızım, gеcənin bу vахtındа xəlifə hardan görəcək ki, südə su qarışdırırıq?!”-dedi.

Аncаq qəlbi Аllаh qоrхusu ilə dоlu оlаn qız аnаsının südə su qаtmasını yеnə də qəbul еtmədi və dedi:

-“Аnаcаn! Ola bilər хəlifə görmür, amma Аllаh görür axı! Bu hiyləni insаnlаrdаn gizlətmək аsаndır, аmmа hər şеyi görüb bilən kainatın Xaliqi Аllаhdаn gizlətmək оlаrmı?..”

Rəbbani həqiqətlərlə dolu təmiz bir vicdan və saf bir qəlbə sahib olan bu qızın dərin bir Allah qorxusu içində anasına verdiyi cavab Hz.Öməri (r.a.) çox duyğulandırdı. Əmirəl-mömininin onu sadə bir süd satan qadının qızı deyil, könlündəki təqvası ilə müstəsna bir qismət olaraq qəbul etdi və oğluna aldı. Məşhur V xəlifə Ömər ibn Əbdüləziz də məhz belə bir təmiz nəsildən dünyaya gəlmişdir.

Deməli əsas olan Allah-Təalanın ilahi nəzarəti  altında olduğumuzu bilərək yaşamaqdır. Bu barədə ayədə belə buyurulur:

“...Siz harada olsanız, O sizinlədir...” (əl-Hədid, 4)

Allah-Təala hər yerdə, hər zaman hər şeyin və hər kəsin yanındadır. Görülən bütün işlərdən xəbərdardır və bəndələrini müşahidə altında tutduğu da həqiqətdir. Əksinə olsaydı, bu Allah üçün bir nöqsan olardı. Allah isə bütün nöqsanlıqlardan uzaqdır. İnsan bu həqiqəti kamil mənada dərk edə bilsə nəfsi təmizlənər, qəlbi saflaşıb vüsala doğru hərəkət edər. Bütün fani istəklərin yerini əbədi həyatın fikri və hazırlıqları alar. Allahla bərabərlik hissi insanı daim qorxu və oyanıq halında saxlayaraq həyatın hər cür kirindən və ləkəsindən uzaqlaşdırar.

Haqq dostlarından bir şəxs belə buyurur:

“Heç bir yolçu dayanacaqda yatmaz. Hansı mənzilə gedəcəksə, ona görə hazırlığını görüb minik vasitələrinə müraciət edər və təbii ki, səhv bir qatara minməz. Dünya da axirət aləminin dayanacağı kimidir. Bu baxımdan, əsas olan zehnin və qəlbin qüvvətini artırmaqdır”.

Allah-Təalanın həmişə və hər yerdə bizimlə birlikdə olduğu bir tərəfdən insanı ürpərdirkən, digər tərəfdən də rahatladır və hüzura qovuşdurur. İnsan Allahdan duyulan qorxunu həqiqət halına gətirdiyi üçün ürpər, buna müqabil Allah-Təalaya yaxınlığın həzzini daddığı üçün də ona hüzur və rahatlıq verilər.

Allah digər bir ayədə bəndələri ilə daim birlikdə olduğunu belə ifadə edir:

(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir! (əl-Mücadələ, 7)

Hz.Ömər (r.a.) xəlifəliyi dövründə Hz.Muazı Kilab oğulları qəbiləsinə göndərmişdi. Dövlət xəzinəsindən ödənməsi lazım olan pulları ödəyəcək, verilməsi lazım olan malları verəcək, zənginlərdən alınan zəkatları yoxsullara və möhtac olanlara paylayacaqdı.

Muaz (r.a.) öhdəliyinə götürdüyü vəzifəni ən gözəl və diqqətli bir şəkildə yerinə yetirmiş, könülləri fəth edərək şirin xatirələrlə geri qayıdırdı. Geri qayıtdığı vaxt dünya malı olaraq sadəcə çiyninə atdığı şərfi var idi. Bu şərf ora getdiyi vaxt da var idi. Ondan boynunu tozlardan və günəşdən qorunmaq üçün istifadə edirdi.

Xanımı Muazı əliboş gördüyü üçün təəssüfləndi:

-“Belə bir vəzifə sahibi olanlar müəyyən bir maaş alır və gələndə evlərinə hədiyyə də gətirirlər. Sənin hədiyyələrin hardadır?”

Muaz (r.a.):

-“Mənimlə birlikdə yanımdan ayrılmayan bir gözətici vardı. Hər verdiyimi, aldığımı hesablayırdı”, deyərək cavab verdi:

Xanımı onun bu sözlərindən əsəbiləşərək:

-“Rəsulullah (s.ə.s.) hər zaman sənə inanırdı. Əbu Bəkr də həmçinin. Ömər sənin yanına gözətiçi göndərir? Hər gördüyün işə nəzarət edir?”-deyə soruşdu.

Bu söz Hz.Ömərin xanımına, ondan da Hz.Ömərə çatdı. Hz.Ömər Hz.Muazı çağırıb narazılıqla ondan soruşdu:

-“Mən sənin arxandan heç bir gözətçi göndərmədiyim halda, bu eşitdiklərim nədir, ey Muaz? Fikiləşirsən ki, mənim sənə etimadım yoxdur?”

Hz.Muaz ona çox mənalı bir cavab verir:

- “Ey möminlərin Əmiri! Xanıma üzürlü səbəb üçün ancaq bunu deyə bildim. Həmin gözətçi dediyim sizin gözətçiniz deyil, Allahın gözətçisi idi. Buna görə etdiyim xidmətin əcrini zay etməmək üçün hər nə qədər caiz olsa da nəfsimə aid heç bir şey ala bilməzdim...”

Hz.Ömər onun bu sözlərlə nəyi düşündüyünü başa düşdü. Çünki Muaz (r.a.) nəfsinə və dünyaya aid hər şeydən uzaq idi. Xəlifə onun bu hərəkətini bəyənərək bir qədər hədiyyə verdi və:

-“Apar bunlarla ailənin könlünü al!”-dedi.

Ehsan və nəzarət halını ən gözəl bir şəkildə izah edən gözəl bir misal da belədir:

Bir vaiz minbərdə axirət haqqında danışırdı. Camaatın arasında Şeyx Şibli həzrətləri də var idi. Vaiz Allah-Təalanın axirətdə soruşacağı suallardan bəhs edərək belə deyirdi:

“Elmini harda istifadə etdin, mal-mülkünü harada xərclədin, ömrünü necə keçirdin, ibadətlərinin vəziyyəti, harama, halala diqqət edib-etmədiyin soruşulacaq!.. Bunlar soruşulacaq, onlar soruşulacaq...!” deyə çox uzun bir söhbət edirdi.

Bu barədə uzun söhbət etməsi Şibli həzrətlərinin diqqətini çəkdi və vaizə bunları bildirdi:

- “Ey vaiz! Sualların ən vacibini unutdun! Allah-Təala bir sözlə qısaca soruşacaq ki: Ey Bəndəm! Mən səninləydim, sən kiminləydin?”

Bu hadisələrdən alınacaq dərs üstümüzdə  ilahi nəzərin olduğu fikriylə yaşamaq, yəni ehsan duyğusu ilə nəzarət halında olduğunuzu dərk etməkdir. Yoxsa bütün işi sırf bir xidmət müəssisəsində işləyənlərin, gördükləri iş qarşılığında ruzilərini təmin etmək üçün xərclik almaları təbiidir. Hz.Muazın halı isə üstün bir fəzilət və ucalıqdır. Digər tərəfdən, xidmət müəssisələrində çalışanların da aldıqları maaş qarşılığı olan işlərinin xaricində xidmətlərini Allah yolunda davam etdirərək bu ucalıq və fəziləti göstərmələri mümkündür.

Hər an Allahı zikr və müraqibə halında olmağın lüzumunu ifadə edən bu hədisi-şərif diqqəti daha çox çəkir:

Allahı unudaraq lüzumsuz söhbətə aludə olmayın. Çünki Allahı unudaraq edilən bu söhbətlər qəlbi qatılaşdırır. Allahdan ən uzaq olan kimsə qəlbi qatı olandır”. (Tirmizi, Zühd, 62/2411)

Bunun üçün səhər vaxtlarından o feyzli və ruhani anları günümüzün hər saniyəsinə yansıtmalıyıq. Səhərin o müstəsna anları günümüzün kiçik bir modeli olmalıdır. Sabahını və gününü məhz belə planlayan bir bəndə Allah-Təalanın razı və xoşhal olduğu bir haldadır. Bu, “mərziyyə” məqamıdır. Bu məqamda günəş işığının güclü şüalarının zərrəbin (lupa) altındakı çör-çöpü yandırması kimi qəlbdəki mənfi şeylər yox olar, cəmali sifətlər təcəlli edərək gözəl xasiyyət və əxlaqi keyfiyyətlər artar. Belə ki, Yaradandan ötrü yaradılanlara şəfqət, mərhəmət, sevgi, comərdlik, səbir, bağışlamaq, nəzakət, incəlik və zərafət onda bir zövq halına gələr və insan nəfsini ən gözəl bir şəkildə nəzarət altına alar. Bununla da hər nəfəsdə yaradılış keyfiyyətini fikirləşərək nəfsani hiylələrə düşməkdən çəkinər. Çünki qəlbində ona ruhani hallarını lütf edən Rəbbi ilə birgəlik başlamışdır. Ayədə buyurulur:

“Bilin ki, Allah insanla onun qəlbi arasına girər...”(əl-Ənfal, 24)

Bu ayənin ehtivasına daxil olan bəndə dostluğun səfasına, imanın həqiqi ləzzətinə nail olar. Rəbbi onu vasitə olmadan elmə varis edər, dünyanı dərk etməyə başlar, hikmət, sir və bəyana nail olar. Ayədə buyurulur:

 “Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir”.  (əl-Bəqərə, 282)

Hz.Yusifi (ə.s.) gözəllik, şöhrət və sərvət sahibi bir qadının “Gəlsənə mənə!” deyərək yanına dəvət etdiyi çirkin tələ və fitnəsindən qurtaran qəlbinin daim oyaq və könlündəki ehsan duyğusu olmuşdur. Yəni o, çox böyük bir təhlükəni bu ilahi nəzər və ehsan halı ilə dəf edə bilmişdir.

Onun üçün ehsan duyğusu qəlbdə sabit olmalı, yəni əməllərə yansımalıdır ki, vüsala bir yol olsun. Yoxsa ehsan duyğusunu dil ilə ifadə etmək könülə heç bir şey qazandırmaz.

Sakarya çayı Qaradənizə qarışandan sonra özünə aid bir axışı və rəngi qalmaz, çünki ona Qara dənizin ahəngi və rəngi hakim olar. Ehsan da eyni ilə belədir. Dolayısı ilə ehsan bu hala, yəni Haqda fani ola bilmək və Haqqın cəmali təcəllilərinə məzhər olmaq deməkdir.

O halda deyə bilərik ki, ehsan imanın özü və cövhəridir. Bütün ibadət və davranış gözəlliklərində arzu edilən xüşu, ixlas və təqva kimi irfan meyvələri, ancaq ehsanla əldə edilir. Çünki Haqqı görürmüş kimi edilən bir əməli-saleh iş, ixlas budaqlarını gücləndirər, təqva çiçəklərini açar və xüşu, yəni səmimiyyət meyvəsini verər. Bəndələrdən kimsənin görmədiyi yerlərdə doğru yolda olmaq, insan nəzərindən uzaq yerlərdə günahlardan uzaqlaşmaq, ancaq “O məni görür” şüuru içində olmaqla mümkündür. Onun üçün təsəvvüf başdan sona bütün üsul və rüknlərdə könlü bu hala qovuşdurmağı qarşısına məqsəd qoymuşdur. Haqq dostları bir ömür boyu bu halı əldə etmək üçün çalışmışlar.

Bir gün anası Veysəl Qarani həzrətlərindən soruşur:

-“Oğlum, bütün bir gecə səhərə qədər necə ibadət halında ola bilirsən? Buna necə gücün çatır?”

Oğlu belə cavab verir:

-Ey gözəl anam! İbadətimi çox diqqətlə yerinə yetirirəm. Qəlbim xüşu ilə elə genişlənir ki, yorulmaq nədir bilmədiyim kimi, yer üzü və hər cür maddi şeylərlə də əlaqəm kəsilir. Bir də baxıram ki, səhər açılıb!..”

-“Nədir bu xüşu halı?”

-“Xüşu odur ki, bir bədənə ox batsa belə, canın  ondan xəbəri olmur”.

Belə ki, bu hadisə islam tarixində məşhurdur: Müharibədə Hz.Əlinin ayağına ox batmışdı. Səhabələr iztirab çəkməməsi üçün oxu çıxarmağa tələsmədilər. Nəhayət Hz.Əli (r.a.):

-“Mən namaza başladığım an çıxarın!”-dedi.

Dediyi kimi etdilər. Heç bir çətinlik çəkmədən oxu asanlıqla çıxardılar. Hz.Əli salam verib soruşdu:

-“Nə etdiniz?”

-“Oxu çıxardıq!...”-dedilər.

Çünki Hz.Əlinin (r.a.) vücudu namazın xüşu və mənəvi həzzi ilə sanki bütünləşmiş, dünyadan təcrid olunmuşdu. Hz.Əlinin bu halı ehsan və müraqəbənin canlı bir nümunəsidir.

Xülasə, ibadətlərdən belə zövq almaq, onlardan yorulmamaq ancaq ehsan duyğusu ilə mümkündür. Könlündə ehsan duyğusu olmayan kimsə namaz qılsa yorular, namaz ona ağır gələr. Zənginsə, zəkat və sədəqə verməkdən çəkinər. Çünki ilahi nəzarət şüurundan uzaq olduğu üçün o, imanın ləzzətini ala bilməz.

Beləcə deyilə bilər ki, doğru qılınan namaz, könüllə veriləcək zəkat və infaq, məhəbbətlə tutulacaq oruc, eşqlə yerinə yetiriləcək həcc, qəlbi qorxu və yalvarış halında saxlayacaq qəlbi-səlim olma vəsfi, gözəl əxlaq və s. bütün gözəlliklər hər zaman ehsan halının qazancıdır.

 


Osman Nuri Topbaş
Bu yazıya 1304 dəfə baxılıb.