Miras


Fatimə Zəhra
Bu yazıya 1122 dəfə baxılıb.

MİRAS

Səhabədən Əbu Zər (r.a.) hikmətli bir nəsihət edir:

“Bir malda üç şərik vardır. Birincisi mal sahibi, yəni sən; ikincisi qədərdir. O, xeyirmi, yoxsa fəlakət və ölüm kimi şərmi gətirəcəyini səndən soruşmaz. Üçüncü şərik isə mirasçıdır. O da bir an əvvəl başını yerə qoymağını (yəni ölməyini) gözləyər, ölüncə malını götürüb aparar, sən də hesabını verərsən. Əgər gücün çatsa, sən bu üç ortağın ən acizi olma!..” (Əbu Nuaym, Hilyə, I, 163)

*

Kays min Kəsr belə buyurur:

“Dəməşqdə olan Həzrəti Ebud-Dərda Mədinəyi-Münəvvərədən bir şəxs gəldi. Ebud-Dərda (r.a.):

“-Ey qardaşım, səni buralara qədər gətirən nədir?” deyə soruşdu.

Mədinədən gələn kimsə bu cavabı verdi:

“-Bir hədisi-şərif. Mən eşitdiyimə görə sən o hədisi Rəsulullah (s.ə.s)dən rəvayət edirmişsən. (İlk ravidən dinləmək üçün gəldim)”.

“-Hər hansı bir ehtiyacın üçün gəlmədinmi?!”

“-Xeyr”.

“-Ticarət üçün də gəlmədin?!”

“-Xeyr”.

“-Yalnız o bir tək hədisi-şərifi öyrənmək üçün gəldin, eləmi?!” Mən Rəsulullah (s.ə.s)in belə buyurduğunu eşitmişdim:

“Kim elm öyrənmək üçün yola çıxsa, Allah-Təala ona cənnət yolunu asanlaşdırar. Mələklər, elm öyrənənlərdən xoşlandıqları üçün onlara qanad gərərlər. Göylərdə və yerdə olan varlıqlar, hətta sudakı balıqlar belə alimlərin bağışlanılması üçün Allaha yalvararlar. Bir alimin, yalnız ibadətlə məşğul olan bir kimsəyə üstünlüyü, on dördüncü gecəsində ayın digər ulduzlara üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər qızıl, gümüş deyil, yalnız elmi miras buraxmışlar. Bax, bu elm mirasına qoyulan kimsə, çox böyük bir qismətə çatmış olar” (Tirmizi, Elm, 19/2682; Əbu Davud, Elm, 1/3641).

*

Hikmət əhli belə demişdir:

“Bir qul öldüyü zaman, malı barəsində iki müsibətlə qarşılaşar ki, daha əvvəl bunlar kimisini heç görməmişdir:

Birincisi; bütün malının əlindən alınmasıdır. Digəri də; bütün malın əlindən getməsinə baxmayaraq, bunların hamısından hesaba çəkilməsidir”.

Bir insan üçün, üstəlik özünə fayda verməyən bir maldan dolayı hesaba çəkilmək, nə qədər də müşkül bir vəziyyətdir. Allah Rəsulu (s.ə.s) bu vəziyyətdə olanlar üçün belə buyurmuşdur:

“Təəssüflər olsun, təəssüflər olsun o kimsəyə ki, əhli-əyalına xeyir (sərvət) qoyar, özü Rəbbinin hüzuruna şərlə çıxar”  (Süyuti, əl-Camius-Sağir, N-9693).

Yəni varislərinə böyük bir sərvət qoyar, lakin özü, halal yoldan qazanmadığı malı ilə xeyir işləmədiyi və övladları da malını pis yollarda istifadə etdiyi üçün hüzuru-ilahiyyə günahkar bir şəkildə çıxar. Faydalı mal isə, infaqlarla və xeyir xidmətləri ilə əvvəlcədən axirətə göndərilənlərdir.

Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur:

“Allah-Təala, sizin hər biriniz ilə tərcüməçisiz danışacaq. İnsan sağ tərəfinə baxacaq, axirətə göndərdiklərindən başqa bir şey görə bilməyəcək. Sol tərəfinə baxacaq, axirətə göndərdiklərindən başqa bir şey görə bilməyəcək. Sonra önünə baxacaq, qarşısında cəhənnəmdən başqa bir şey görə bilməyəcək. O halda artıq bir xurmanın yarısı ilə də olsa, özünüzü cəhənnəm atəşindən qoruyun. Bunu da tapa bilməyən, gözəl bir söz ilə özünü qorusun” (Buxari, Zəkat, 9, 10; Müslim, Zəkat, 67, 97).

*

Sad bin Əbu Vəqqas (r.a.) buyurur:

“Vida Həcci ilində (Məkkədə) tutulduğum şiddətli bir xəstəlik səbəbilə Rəsulullah (s.ə.s) ziyarətimə gəldi. Ona:

-Ya Rəsulullah! Gördüyün kimi çox narahatam. Mən zəngin bir adamam. Bir qızımdan başqa varisim də yoxdur. Malımın üçdə ikisini sədəqə olaraq paylayımmı?” deyə soruşdum. Hz.Peyğəmbər (s.ə.s):

-Xeyr! - buyurdu.

-Yarısını paylayımmı? - dedim. Yenə:

-Xeyr!- buyurdu.

-Bəs üçdə birinə nə buyurursan, ya Rəsulullah? - deyə soruşdum.

-Üçdə birini payla! Hətta o da çoxdur. Varislərini zəngin etmək, onları möhtac qoyub xalqa ovuc açdırmaqdan xeyirlidir. Allah razılığını düşünərək etdiyin xərcləmələrə, hətta yoldaşına yedirdiyin loğmalara qədər hamısının mükafatını alacaqsan - buyurdu.

-Ya Rəsulallah! Yoldaşlarım gedəcək, mən qalacağammı? (Burada öləcəyəmmi?) - deyə soruşdum.

-Xeyr, sən burada qalmayacaqsan. Allah rizası üçün gözəl işlər edərək yüksələcəksən. Allahdan elə ümid edirəm ki, daha necə illər yaşayaraq çox insanlar (möminlər) səndən fayda, çoxları da (kafirlər) zərər görəcəklər buyurdu" (Buxari, Cənaiz 36; Müslim, Vəsiyyət 5).

*

Şeyx Sədi, sanki bu həqiqətlərdən ilhamlanaraq belə nəsihət edir:

“Axirət azuqəsini həyatında özün tədarük et! Çünki sən öldükdən sonra qohum ehtirasa qapılar; sənin ruhun üçün heç bir yaxşılıq etməz. Qızılı, neməti əlində ikən bu gün sən ver! Sən öldükdən sonra bunlar əlindən çıxar, sahib ola bilməzsən! Azuqəsini o biri dünyaya özü aparan kimsə, böyük bir qənimət əldə etmiş deməkdir. Kürəyimi məni düşünərək ancaq öz dırnağım qaşıyar, başqası deyil. Nə sərvətin varsa ovucunun ortasına qoy, veriləcək yerlərə ver! Verə bilməzsənsə, sabahkı peşmanlıqdan dişinlə əlinin arxasını dişləyərsən”.

Həqiqətən, malı-mülkü vaxt varkən infaq etməyib, onu mənəvi tərbiyədən məhrum yetişən və necə xərcləyəcəkləri məchul olan varislərə qoymaq, ağır bir axirət hesabı yüklənmək olar. Bu isə səlim bir ağlın qazancı deyil.

*

Bir möminin ən yaxın mirasçıları övladlarıdır. Onlara buraxılacaq həqiqi miras isə əbədiyyət zənginliyidir. Övladlara fani ləzzətlər deyil, solmayan, köhnəlməyən, buruşmayan bir səadət miras qoyulmalıdır. Əks halda hər övlad hesab günü ana-atasından şikayətçi olacaq.

*

Bir ana-atanın uşağına buraxacağı ən qiymətli miras, gözəl bir əxlaq, möhkəm bir xarakter və şəxsiyyətdir. Bunun yolu da keyfiyyətli bir təhsildən keçir.

*

Sözlərin ən gözəli Allahın kəlamıdır. Hidayət yolunun ən gözəli Hz.Peyğəmbər (s.ə.s)in nurlu, uğurlu və mübarək yoludur. Ən gözəl miras, bu müqəddəs əmanətin günahsız ürəklərə yeridilməsidir.

*

Unutmayaq ki, peyğəmbərlər dünyəvi bir miras qoymazlar. Rəsulullah (s.ə.s.)dən ümmətinə qalan əsl miras, Onun şəxsiyyəti, insanlığı və təqvasıdır. Onun ən büyük əmanəti də, Qurani-Kərim və Sünnəyi-Səniyyədir. Bu miras və əmanətə sahib çıxmaq; Onun əxlaqıyla əxlaqlanaraq, təqva həyatı yaşamaq və Onu hər vaxt və məkanda Ona yaraşan bir təmkin ilə təmsil etməklə mümkündür. Bu halın bizlər üçün bir təqva imtahanı olduğunu unutmamaq lazımdır.

 

 

 


Fatimə Zəhra
Bu yazıya 1122 dəfə baxılıb.