Müsahibə-Vahabova Yeganə


Bizim Ailədən
Bu yazıya 1235 dəfə baxılıb.

İnsanlar təsadüfən şəhid olmazlar. Hər bir insan necə yaşayarsa elə də ölər.

 20 yanvar hadisələrində şəhid olmuş Həmidov İzzət Atakişi oğlu haqqında müsahibə.

Yeganə xanım, zəhmət olmasa özünüz haqda qısa məlumat verərdiniz.

Mən, Vahabova Yeganə İzzət qızı Bakıda doğulmuşam. Bakı Dövlət Universitetinin Fizika fakultəsində təhsil almışam. Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında çalışmışam. Ailəliyəm, iki övladım var.

Yeganə xanım, atanızı necə xatırlayırsınız?

O, uşaqlara və ümumiyyətlə, bütün insanlara qarşı hər zaman qayğıkeş idi. Bu xasiyyətinə və bir sıra gözəl xüsusiyyətinə görə atamı hər zaman daha çox sevirdim. Mənə də elə gəlirdi ki, atam məni hamıdan çox sevir. Hər zaman fikirlərimə diqqət edərək, mənimlə məsləhətləşərdi.

O daim imkansızların yanında olmağa çalışardı. Zəiflərin, gücsüzlərin əzilməsinə razı olmayaraq, onları müdafiə edirdi. Yadımdadır, şəhid olmamışdan bir neçə il öncə, qonşumuzda bıçaqlanma hadisəsi baş vermişdi. O zaman heç düşünmədən müdaxilə edərək bir qızı xilas etmişdi. O hadisə zamanı çox insanlar tamaşaçı qismində hadisəni izləsələr də atam hər cür təhlükəni göz önünə alıb, həyatını təhlükəyə atmışdı. Bu da onun mərdliyindən, cəsarətindən xəbər verirdi.

Atam həmçinin çox vətənpərvər idi. Bu onun hər zaman vətəninə, millətinə verdiyi dəyərdən anlaşılırdı. 80-ci illərin sonlarında Azərbaycandakı xalq hərəkatlarının da fəal üzvlərindən idi. Xalqımız azadlığı uğrunda ayağa qalxdığı zaman o ön sıralarda qorxmadan, çəkinmədən, ürəklə iştirak edirdi. Xatirimdədir, mitinqlərin fəal olduğu bir dövrdə mən ilk övladıma hamilə idim. Anam mənim vəziyyətimdən narahat olaraq, getməyimə etiraz etsə də atam vətənin azadlığı uğrunda hər cür riski gözə alaraq mənim də mübarizəyə qoşulmağımı məsləhət gördü. Sözsüz ki, mən və bütün ailəmiz  də bu mübarizədə canla-başla iştirak edirdik.

O qanlı günü necə xatırlayırsınız?

19 yanvar günü hər kəs küçələrdə idi, xalq yenə də azadlıq uğrunda mübarizəyə qalxmışdı. Sovet ordusunun şəhərə hücumu gözlənilirdi. Biz də ailəmizlə birlikdə çox narahat idik. Gecə saatlarında anamgilə gəldik. O gecə şəhər heç vaxt görmədiyim qədər vahiməli idi. Sanki göydən güllələr yağırdı. Biz bunun insanları qorxutmaq üçün atılan fişənglər olduğunu düşünürdük. İnsanlar inanmırdı ki, sovet hökuməti onları öldürər. Halbuki sovet ordusu mübarizlərə qarşı amansızlıq göstərərək, qadağan olunmuş güllələrdən istifadə edib, insanları həlak edirdilər. Həmin gecə qardaşlarım da küçələrdə xalq mübarizəsinə qoşulmuşdular. Səhər açılanda onlar hələ də gəlməmişdilər. Səhərisi gün, yəni yanvar ayının 20-də atamla anam çox narahat idi. Evdə daha çox gözləyə bilməyib, qardaşlarımı axtarmağa getdilər. Küçələr darmadağın, maşınlar əzilmiş, insanlar vəhşicəsinə öldürülmüşdü. Elə bu küçələrin birində atam düşmən gülləsinə tuş gələrək ağır yaralandı. Atam yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını qurtarmaq mümkün olmadı.

O zaman şəhidləri dəfn etmək üçün bəlli bir yer yox idi. Biz də atamı öz ailə qəbiristanlığında dəfn etməyi düşünürdük. Daha sonra indiki “Şəhidlər Xiyabanı”nın yeri müəyyənləşdirildi. Atamın yaxın dostlarından olan Bəxtiyar Vahabzadənin də məsləhəti və təkidi ilə atamı “Şəhidlər Xiyabanında” dəfn etdik.

O hər zaman özünə şərəfli ölüm diləyirdi. Elə ölümlərin ən şərəflisi ilə də şərəfləndi. Onun son sözü də bu oldu, “Başınızı uca tutun, mənə görə kədərlənməyin, onsuz da bir gün öləcəkdim, bu gün ölməyim mənim üçün çox gözəl oldu”.

 

Bu hadisələrin canlı şahidi olaraq xalqımızın birlik və bərabərliyini necə xatırlayırsınız?

Bəli, siz birlik və bərabərlik sözünü düzgün vurğuladınız. Azərbaycan xalqı hələ həyatım boyu görmədiyim birliyi göstərdi o zaman. Hər kəs cavan-qoca, kişi-qadın demədən şəhidlərin dəfn mərasimindən, ehsanların hazırlanıb paylanmasına qədər birlikdə çalışırdılar. İnsanlar sovet ordusundan qorxaraq evlərinə qaçmadılar. Əksinə, öz şəhidlərinə, yaralılarına sahib çıxaraq, hünərlərini göstərib, əslində, qalib olduqlarını nümayiş etdilər.  

Azərbaycan xalqı və dövləti daim öz şəhidlərini hörmətlə yad edir və onlara dəyər verir. Mənim atamın da adını yaşatmaq üçün Bakı şəhərinin Nəsimi rayonunda və Şəki şəhərində onun adına küçə vardır. 

 

Şəhid qızı kimi hansı hissləri keçirirsiniz?

Mən atamla hər zaman fəxr etmişəm. Sözsüz ki, atamı itirmək mən və ailəm üçün böyük bir itki idi. İndi də bizim həyatımızın hər bir məqamında onun yeri görünür. Bəzən onun söhbətlərini və məsləhətlərini xatırlayıb onun üçün çox darıxıram. Amma atamın şəhid olaraq ən yüksək zirvəyə çatdığını düşündüyüm zaman sakitləşərək, atamla bir daha fəxr edirəm. Təki Allah-Təala hər birimizə şəhid olaraq ölməyi nəsib etsin! Bu cür şərəfli ölüm hər kəsə qismət olmur.

İnsanlar təsadüfən şəhid olmazlar. Hər bir insan necə yaşayarsa elə də ölər.

Yeganə xanım vaxtınızı ayırıb, dəyərli xatirələrinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm.

 


Bizim Ailədən
Bu yazıya 1235 dəfə baxılıb.