Vətəni Qorumağa Məcburuq!


Xədicə Şahin
Bu yazıya 1310 dəfə baxılıb.

 

Uşaqkən alınan bir əşya nə qədər qiymətlidir. O an uşaq üçün ondan daha qiymətli heç bir şey yoxdur. Uşağıma yeni ayaqqabı alarkən, dərhal ayağına geydi və bir müddət ayaqqabılarına baxaraq gəzdi. Evə gəlincə "ana axşam qapıları yaxşıca bağlamağı unutma" dedi, mən səbəbini soruşduğumda "bəlkə evə oğru girib ayaqqabılarımı götürüb aparar" dedi. Böyüklər üçün qiymət baxımından qızıl, pul nə isə onun üçün də ayaqqabı o qədər qiymətli idi.

Yenə bir tanışım eynək istifadə edirdi. Yatmadan əvvəl eynəyini çıxarıb bir yerə qoyarkən "aman təhlükəsiz bir yerə qoyum, gecə zəlzələ olsa gözlüyümün üzərinə bir şey düşməsin" deyərdi.  

Bizlər bir ayaqqabımıza və ya həyati əhəmiyyəti olan bir eynəyimizə göstərdiyimiz diqqəti vətənimizi və dəyərlərimizi qorumaqda göstərə bilirikmi? Bəlkə ayaqqabımız oğurlansa və ya gözlüyümüz qırılsa yenisini almaq imkanımız ola bilər.  Amma vətən əldən getsə ona yenidən qovuşmaq xəyal olar. 

Şair Süleyman Nafizin vətənin dəyərini bilmək haqqında belə bir sözü vardır: “Vətən səhhətə bənzər, dəyəri itirilincə anlaşılar”.  

          Vətəni sevməyə və qorumağa məcburuq. “Vətən sevgisi imandandır”, deyilmişdir. Vətənsiz bir insan imanını, malını, canını, namusunu, ailəsini qorumaqda çətinlik çəkəcəyi üçün vətənini hər şeydən əvvəl düşünməli və canını qoruduğu kimi vətənini qorumalıdır.

Mərhum Məmməd Akif Ərsoy düşüncələrini bu cür ifadə edir;

            Sahibsiz olan vətənin batması haqdır.

             Sən sahib olsan bu vətən batmayacaqdır.

Yalnız vətənin torpağını qorumaq kafi deyil, vətənin içində olan əsərləri də qorumaq və yeni əsərlər meydana gətirmək lazımdır. Alman atalar sözündə "Vətənini ən çox sevən adam, işini ən yaxşı edəndir," deyilmişdir. Türkiyədə məscid çinilərini, mehrablarını və daha bir çox tarixi əsərləri hissə-hissə xaricə qaçırıb, ordakı muzeylərdə sərgiləyirlər. Azərbaycanda Şəki Xan sarayını gəzərkən içinin boş olduğunu gördüm. İçindəkilərin Rusiyaya aparıldığını öyrənincə insan kədərlənməyə bilmir. Qazaxıstanın Türkistan şəhərində olan Əhməd Yəsəvi həzrətlərinin dövrünə aid içində zəmzəm suyu paylanan böyük qazan Rusiyada muzeydə illərcə sərgilənmiş, Qazaxıstan dövlətinin cəhdləri ilə yenidən 1989-cu ildə Qazaxıstana gətirilib yerinə qoyulmuşdur.

Vətən torpaqlarına girən düşmən yalnız torpaq üstündəki insanları öldürməklə qalmaz, dini, mədəni mənada hörmətə dəyər nələr varsa hər şeyi korlayar. Hətta qəbiristanlıqdakı qəbir daşlarına qədər yox etməyə çalışar. Uhud döyüşündə Mədinəli Müsəlmanların üzərinə döyüş üçün gələn Məkkəli müşriklər o qədər intiqam duyğularıyla dolu idilər ki, Mədinəyə 160 km uzaqlıqdakı Ebvada yatan peyğəmbərimizin anasının mübarək qəbirini açıb, peyğəmbərimizə təhqir üçün məzarından çıxarmağı planladılar. İçlərindən müşrik olsa da sağlam fikir sahibi biri "Qadınlar məhrəmdir, Məhəmməd sizin qadınlarınıza bu alçaqlığı etdimi? Əgər Məhəmməd  sizin qadınlarınıza belə bir şey etsə siz də ona eynisini edərsiniz" dedi. Beləcə müşriklər imtina etdilər.

         Yüz illərdir edilən döyüşlərə baxdığımız zaman həmişə eyni mənzərə qarşımıza çıxır. Düşmənin ilk etdiyi şey ibadət yerlərini, qəbiristanlıqları,  muzeyləri, kitabxanaları korlamaq, namusa əl uzadaraq, maddi olduğu qədər mənəvi cəza vermək istəməsidir.

Bağdad, Çingiz Xanın nəvəsi olan Hülakü tərəfindən işğal edilincə İslam dünyasının arxivi olan bütün əsərləri ehtiva edən kitabxananı Dəclə və Fərat çaylarına tökmüşdür. Dəclə və Fərat çaylarından bir neçə gün mürəkkəb axdığı qeydlərdə vardır. İslam dünyasının və eyni zamanda dünyanın saylı mədəniyyət və incəsənət mərkəzi olan Bağdad günlərlə yağmalanmışdı. Bağdad kitabxanası 2003-cü ildə yenidən qarət olunmuş və İslam mədəniyyətinə böyük bir zərbə vurulmuşdur. Monqolların keçdikləri yerləri çəyirtkə sürüsü kimi talan etməsi eyni psixologiyanı daşıyır.   

         Azərbaycanda ikən hər Xocalı soyqırımında göstərilən görüntülərdə düşmənin əsrlər sonra eyni psixologiyada olduğu görünür. Qarabağdakı məscidlərin talan edilib heyvanları içinə dolduraraq Müsəlman Azəri xalqına və bütün Müsəlmanlara təhqir olunması, həyatda olan insanlardan çıxara bilmədikləri intiqam duyğularını məzarları xarab edərək, qarşılıq verə bilməyən ölülərdən çıxarmaları, insanın ürəyini dağlayan görüntülərdir. Yenə peyk çəkilişlərinə, işğal olmuş ölkələrdəki vəziyyəti araşdıran qrupun hesabatına və digər qaynaqlardan toplanan məlumatlara görə, Qarabağ bölgəsində indiyə qədər Azərbaycana aid yüzlərlə tarixi abidə tamamilə dağıdılmışdır. Duamız odur ki, yenidən Qarabağ Azəri qardaşlarımızla köhnə şən günlərinə qovuşsun və məscidlər imanlı könüllərlə dolsun, məzarlarda sahibsiz qalanlar, başlarında Fatihə və Yasinlərlə hüzur, dinclik tapsın.

 

                                                   


Xədicə Şahin
Bu yazıya 1310 dəfə baxılıb.