Uşaqlar Arasında Ədalət Prinsipi


Samirə Mahmudova
Bu yazıya 1306 dəfə baxılıb.

Ailə cəmiyyəti meydana gətirən əsas qurumdur. Cəmiyyətin sağlam və sabit olması sağlam və əxlaqlı bir ailə müəssisəsindən irəli gəlir. Adət-ənənələr, əxlaqi məziyyətlər və sağlam düşüncə  və milli mənəvi dəyərlərimiz ailədə qazanılır. Ailənin verdiyini milli-mənəvi dəyərləri və sağlam idrak və düşüncəsini heç bir qurum və müəssisə verə bilməz. Uşağın şəxsiyyət və kimliyinin formalaşması da ailədən başlayır.

Bir ailədə böyüyən uşaqlar da o ailənin xarakterik xüsusiyyətlərini alar. Valideynlər bu xüsusu nəzərə alaraq övladlarına qarşı qayğı və sevgilərini göstərməli, onlar arasında bərabər davranmalı, ədalət prinsipinə riayət etməlidirlər. Cahiliyyə dövründəki kimi oğlan uşaqlarını qız uşaqlarına görə üstün görməməli, aralarında fərq qoymamalıdırlar. Rəsulullah (s.ə.s.) ədalət prinsipinə diqqət çəkərək belə buyurur:

“Allahdan qorxun və uşaqlarınız arasında ədaləti qoruyun”. (Buxari)

Burada diqqətə yetirilməsi lazım olan ədalət təkcə qız və oğlan övladı arasında yox, ümumiyyətlə, bütün övladlar arasında qoyulmalıdır. Ata–anaların övladlarına istər maddi yöndən olsun, istərsə də sevgi və qayğı göstərilməsində eyni davranmaları, uşaqların valideynləri üzərində olan haqlarından biridir. Əks halda bu qardaşların bir-birini qısqanması və bir-birinə qarşı mənfi duyğu və düşüncələrə qapılmasına gətirib çıxara bilər.

KİV-lərdə tez-tez müşahidə etdiyimiz qardaş münaqişələri və ya bacı-qardaş qalmaqallarının təməlində vaxtilə valideynlərin onlara ədalətsiz davranıldığını görmək olar. Valideynlər birinə digərindən fərqli davranmaqla onlar arasında böyük uçurum yaradaraq özləri də düşünmədən onları bir-birlərinə düşmən edirlər. Xüsüsən mal bölgüsündəki ədalətsizlik gələcəkdə onların bir-birinə düşmən kəsilməsinə və valideynlərinə nifrət etmələrinə gətirib çıxarır. İslam hər mövzuda ədaləti bir prinsip və haqq olaraq qəbul etdiyi kimi, bu mövzuda da valideynlərin ədalətli olmasının tərəfdarıdır. Bu mövzu ilə əlaqəli söylənilən hadisə onlara qarşı necə davranılmasını daha rahat izah edir:

Bir gün Bəşir adlı səhabə oğlu Numanın əlindən tutaraq Rəsulullah (s.ə.s.)in hüzuruna gəlir və:

-Ya Rəsulullah! Yoldaşım Numana bir kölə və bir miqdar mal hədiyyə eləməyimi istəyir - dedi.

Rəsulullah (s.ə.s.):

-Bundan başqa övladların varmı? –deyə soruşur. O da: “Bəli”- cavabını verir. Rəsulullah (s.ə.s.):

- Onlara da bu qədər mal hədiyyə edirsən? – deyə soruşur. O, “xeyir” cavabını verincə Rəsulullah (s.ə.s.):

- Allahdan qorxun və uşaqlarınıza qarşı ədalətli olun - deyir. Sonra Bəşirə dönüb soruşur:

- Sən övladlarının hamısının sənə eyni cür hörmət etməsini istəyirsən? Bəşir :

- Bəli, istəyirəm - dedi. Rəsulullah (s.ə.s.):

- O halda belə bir iş görmə - deyir. (Buxari, Hibə, 12-13)

Ata-analar evin böyüyü və ya kiçiyi demədən bütün övladlarına eyni qayğı, sevgi və nəvazişi göstərməzlərsə, onlara gələcəkdə bədbin, özünə inamı olmayan və sevgidən məhrum olma hissini qazandırmış olarlar. Ailənin belə övladları bununla daima digər bacı-qardaşlarına paxıllıq edər, onlara qarşı sərt və kobud rəftar edərlər. Valideynin etdiyi xətanın acığını qardaş və ya bacılarında görər.

 Valideynlərin övladlar arasında fərq qoyması, ayrı-seçkilik uşaqları qısqanclığa sövq etməklə birlikdə onların şüur altında ata-analarına qarşı nifrət hissinin meydana gəlməsinə səbəb olur. Zamanı gələndə bütün bunlar valideynlərin əleyhinə çevrilə bilər. Belə uşaqlar böyüdükləri zaman evdə ən emosional, qaydalara riayət etməyən və zamam-zaman üsyana da qalxan bir tipə çevrilirlər. Uşaqlıqda etdiyi nadincliyə görə daima cəzalandırıb, əlindən təngə gəlib qarğış edildiyi vaxt onların dünyasını da yıxmış oluruq. Hər nə qədər hərəkətləri və davranışları ilə valideynlərinə əziyyət versə də ata-analar dünyaya gətirdikləri övladlarına qarşı səbirli olmalı, ona sevgi və qayğını əsirgəməməmlidirlər. Hərəkətlərindən və nadincliyindən təngə gələrək onlara söymək və qarğış etmək isə valideynin ən böyük xətalarından biridir. Çünki hadisə ağızdan çıxan sözə bağlı ola bilər. Bununla bağlı bir əhvalat belə nəql edilir:

Bir kişi Abdullah bin Mübarəkin yanına gələrək ona övladının onlara asi olmaslından şikayətlənir. Abdullah bin Mübarək:

  • Uşağına qarğış eləmisənmi? – deyə atadan soruşur. O da:
  • Bəli – cavabını verir.

Abdullah bin Mübarək bunun üzərinə:

  • Uşağın pozulmasına sən özün səbəb olmusan – deyərək vaxtilə atanın etdiyi qarğışlar səbəbilə uşağın əxlaqının pozulduğuna işarə edir.

Ümumiyyətlə, valideynlər övlad yetişdirməyin məsuliyyətinin fərqində olduqdan sonra uşaqlarını ədəb və əxlaq qaydaları çərçivəsində yetişdirərlərsə, bu övladlar onların həm dünyasını, həm də axirətini məsud etmiş olarlar. Bu övladların yaxşı nümunə göstərməsi valideynlərin ailədə onlara verdiyi tərbiyədən və münasibətindən asılıdır. Birinə dəyər verib o birini unutmaq və yaxud hər zaman birinə həddindən artıq qayğı göstərməklə valideynlər həyatlarının ən böyük xətasını işləmiş olur. Bununla onlar qiyamət günündə Allahın hüzürunda cavab verəcəyini unutmamalıdırlar. Birinə mal-mülk verib o birilərinə “necə olsa o özünə imkan yaradacaq və həyatını quracaq” düşüncəsi ilə mirasdan məhrum eləmək də o övladın valideynlərindən pisikməsinə və onlara qarşı soyuq münasibət göstərməsinə gətirib çıxarır ki, daha sonra bu nifrətə çevrilə bilir.

Unudulmamalıdır ki, onlardan yalnız verdiyimizi ala biləcəyik. Ondan artığını yox.

 

 


Samirə Mahmudova
Bu yazıya 1306 dəfə baxılıb.