Konyunktivit


Vüqarə Məmmədova
Bu yazıya 4221 dəfə baxılıb.

 

Ümumi məlumatlar

Göz kəllənin göz yuvasında yerləşir. Göz yuvasının divarlarından göz almasının xarici səthinə gözləri hərəkət etdirən əzələlər bitişir. Gözləri qaşlar qoruyur, onlar alından axan təri yanlara axıdır. Göz qapaqları və kirpiklər gözləri tozdan qoruyur.

Gözün bayır küncündə yerləşən göz yaşı vəzisinin ifraz etdiyi maye göz almasının üzərini isladır, gözü qızdırır, gözə düşmüş yad cisimləri yuyub aparır, sonra da gözün içəri küncündən göz yaşı kanalı ilə burun boşluğuna axır. Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır. Buna buynuz qişa deyilir. Buynuz qişa işıq süalarını sərbəst surətdə içəri buraxır. Ortadakı damarlı qişadan sıx qan damarları şəbəkəsi keçir, bunlar göz almasını qanla təchiz edir. Bu qişanın daxili səthində işıq şüalarını udan nazik boyayıcı maddə - qara piqment qatı vardır.

Göz alması 3 qişadan ibarətdir:

1. Ağlı qişa

2. Damarlı qişa

3. Torlu qişa

Konyunktiva-gözün nazik selikli qişası olub, hansı ki, göz qapaqlarının arxa səthini örtərək göz almasına keçib, buynuz qişaya qədər davam edir. Deməli, bu qişa göz almasını göz qapaqları ilə birləşdirir. Konyunktiva bir tərəfdən göz qapağı kənarının dərisi ilə, digər tərəfdən buynuz qişa ilə əlaqədədir. Buna görə göz qapağı və buynuz qişasının xəstəliyi konyunktivaya və ya əksinə yayıla bilər. Konyunktivanın əsas fizioloji funksiyasi gözü yad cisimlərdən qorumaqdır. Bunun üçün o sekret ifraz edir. Sekret qoruyucu elementlərlə zəngindir. Bu qişada çoxlu sayda əlavə göz yaşı vəziləri var ki, bu vəzinin sekreti gözü daim nəm saxlayır.

Konyunktivit – gözün selikli qaşasının (konyunktivasının) iltihabıdır. Konyunktivit infeksiya, allergik reaksiya və ya gözün kimyəvi maddələrlə qıcıqlanması nəticəsində əmələ gələ bilər.

 

Səbəblər

 

İnfeksion konyunktivit həm viruslar (adenovirus, herpesvirus), həm də bakteriyalar (streptokoklar, stafilokoklar, pnevmokoklar, qonokoklar) tərəfindən törədilə bilər. Viruslu konyunktivit əksər hallarda kəskin respirator xəstəliyin (zökəmin) əlaməti ola bilər və ən çox ilin soyuq vaxtında virus infeksiyaların qızğın olduğu zaman əmələ gələ bilər.

 

Allergik konyunktivit hər hansı allergenin təsiri nəticəsində yaranır: toz, heyvan tükü, bitki tozcuqları, və allergik zökəm, atopik dermatit, allergik rinit, bronxial astma kimi xəstəliklərlə birgə ola bilər.

 

Konyunktivit kimyəvi maddələrin (lak, boya, təmizləyici vasitələr, kimyəvi reaktivlər) buxarlanması nəticəsində gözün qıcıqlanmasından, həmçinin gözə keyfiyyətsiz kosmetika, şampun və s. düşməsindən əmələ gələ bilər.

 

Konyunktivitin digər, daha nadir səbəbləri var, lakin onları sadəcə həkim müayinə zamanı və əlavə araşdırmalardan sonra müəyyən edə bilər.

 

Konyunktivitin simptomları

 

Viruslu konyunktivit:

 

       bol yaş axması;

       gözün qıcıqlanması və qızarması, qaşınması;

        öncə bir göz zədələnir, sonra infeksiya digər gözə də keçir.

 

Bakterial konyunktivit:

 

          göz qapaqların yapışmasıyla nəticələnən irinli ifrazat, insan səhər oyanır və gözlərini aça bilmir;

      gözün konyunktivasının və qapaqlarının şişməsi, yaş axması;

               gözün qızarması vı qıcıqlanması;

               adətən bir gözdə əmələ gəlir, lakin gigiyena qaydalarına riayət etmədikdə infeksiya asanlıqla digər gözə keçə bilər.

 

Allergik konyunktivit:

 

             adətən hər iki gözdə əmələ gəlir;

              güclü qaşınma;

             yaşarma;

               göz qapaqlarının şişməsi.

 

Fəsadları

 

Konyunktivitin, görmənin itirilməsi ehtimalıyla ağır fəsadlara gətirən ağırlaşmalarından biri keratitdir. Məhz buna görə konyunktiviti vaxtında müalicə etmək bu qədər vacibdir.

 

Siz nə edə bilərsiniz?

 

Konyunktivitin müxtəlif formaları ayrı-ayrı müalicə tələb edir. əgər özünüzdə və ya uşağınızda konyunktivit simptomlarını müşahidə etdinizsə, mümkün qədəq tez həkimə müraciət edin.

 

Həkim nə edə bilər?

 

Konyunktivit diaqnozu oftalmoloqun adi müayinəsi zamanı qoyulur. Bəzi hallarda mikroorqanizmin növünü müəyyən etmək üçün konyunktivadan yaxma/qaşıma tələb oluna bilər.

 

Allergik konyunktivitin müalicəsi üçün xəstəliyi törədən allergeni müəyyən etmək çox vacibdir, və bu allergenlə kontkatdan uzaq olmağa çalışmaq lazımdır. Əgər allergen uzaqlaşdırılıbsa, o zaman müalicə üçün göz nahiyyəsinə soyuq kompreslər və diskomfortu azaltmaq üçün süni göz yaşı preparatlarını qoymaqla kifayətlənmək olar. Daha ağır hallarda və allergenin tamamilə uzaqlaşdırılması mümkün olmadıqda, həkim qeyri-steroid iltihaba qarşı və antihistamin preparatlar təyin edə bilər.

 

Bakterial konyunktivit adətən tərkibində geniş təsir spektrinə malik antibiotiklər olan göz damcıları və mazlarla müalicə olunur.

 

Viruslu konyunktivit virusa qarşı damcıların, interferonun və ya virusa qarşı mazların istifadəsini tələb edir.

 

Profilaktika

 

Viruslu və bakterial konyunktivitin profilaktikası adi gigiyena qaydalına riayət etməyə əsaslanır. Tez-tez əlləri sabunla yumaq lazımdır, insan əllərini üzünə və əsasən də gözlərinə vurmamalıdır, şəxsi məhrabalardan istifadə etmək lazımdır. Burun dəsmalı əvəzinə bir dəfə istifadəlik salfetlər daha yaxşıdır.

 

Allergik konyunktivitin əsas profilaktika üsulu – bu cür xoşagəlməz nəticələrə səbəb olan allergeni müəyyən etmək və onunla kontaktdan uzaq olmaqdır.

 


Vüqarə Məmmədova
Bu yazıya 4221 dəfə baxılıb.