Ömrümüzü Harada Xərcləyirik?


Gülnarə Seyidova
Bu yazıya 877 dəfə baxılıb.

Kimi malını, kimi vaxtını, kimi də ömrünü israf edir. Boş və lüzumsuz yerlərə xərclənənlər kimlər üçünsə anlamsız, dəyərsiz ola bilər. Lakin, dəyər verib, qədrini bilmədiyimiz nemətlərin həsrətində olanlar var. Gündəlik çörəyini tapa bilməyən kasıb var, rahatca hərəkət edə bilməyən əlillər var, azadlığın həsrətini çəkən məhbuslar var. Bu siyahını bir xeyli artıra da bilərik.

Bu dünyada Adəm övladı israf etdiyi hər şeyin əvəzini Uca Yaradan verir. Yəni hər nə qədər suyu israf etsək yenidən yağışların sayəsində su təlabatı ödənir, çörək israf etsək yenidən buğdalar əkilir çörəklər bişir, paltarları israf etsək yenidən alınır və s. Amma bu dünyada təkrarı mümkün olmayan yalnız insan ömrüdür. Yaradan hər bir insana yalnız bir dəfə yaşama şansı verir. İnsan bir dəfə dünyaya gəlir, hər keçirdiyi gündə sadəcə bir dəfə yaşayır. Eyni günü yaşaması mümkün deyil. Yaşlandıqdan sonra gəncləşməsi mümkün deyil. Və nəhayət bu dünyadan köçdükdən sonra geri qayıtması da mümkün deyil. Belə ki, zənnimcə dünyada ən böyük israf elə insan ömrüdür. Ömrümüzü harada sərf edirik? Dünyaya hansı məqsədlə gəldik və nə işlə məşquluq? Nə üçün günlərimiz boş və anlamsız keçir? Məgər insan nə etdiyini bilməyən şüursuz bir varlıqdır?

Allah Təala insanı Ona ibadət etsin deyə yaradıb. Onun bu dünyada rahat yaşaması və ibadətlərini etməsi üçün də hər cür nemət bəxş edib. Və ona hökm olaraq “Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq”, (əl-Əraf 10) “Yeyin, için, fəqət israf etməyin! Allahu təala israf edənləri əlbəttə sevməz” (əl-Əraf 31) bildirib. Bizlərə bəxş olunan ömür nemətinin harada və necə keçirdiyimizə diqqət edərsək zənnimcə malımızı, canımızı, zamanımızı da israf etməmiş olarıq.

Dərindən düşünərsək insan israf etdikdə özündən başqa kimsəyə zərər vermir. Allah Təalanın sonsuz qüdrəti sayəsində dünyaya israf olunandan daha çox nemət yetirilir. Amma insan israf edərək ilk növbədə Allahın sevgisindən uzaq qalır. “Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!” (Nisə 38)

Allah Təala insanı yaradarkən onu nəfsi ilə birlikdə yaradıb. Yəni təbii ki, insanın bütün həyatını ancaq ibadətdə keçirməsi mümkün deyil. İnsan çalışmalı, oxumalı, ailə və qohumları ilə, dostları ilə də vaxt keçirməlidir. Amma hər biri qədərində olmalıdır. Bu sadaladadıqlarımızı haqqı ilə yetirənlərə də ibadət savabı verilər. Beləki, insan halal ruzi qazanaraq ailəsini dolandırarsa, qohum-qardaşa yaxınlıq və yardımlar edərsə gözəl işlər görmüş olar. Sözsüz ki, ömür nemətini də ən gözəl şəkildə dəyərləndirər, israf etməz.

İsrafdan xilas olmağın yolları:

1. Elmlə: İsrafın zərərlərini bilmək və bunları düşünməkdir.

2. Diqqətli olmaq və yaxınlarından yardım istəmək: Qazancını lüzumsuz yerlərə xərcləməməyə səy göstərmək və güvəndiyi birinə bu dərdini anladıb, malına və xərclərinə diqqət etməsi, israfın etdiyini görəndə, özünə xatırlatmasını, hətta zorla mane olmasını xahiş etməkdir.

3. İsrafın səbəblərini yox etmək: İsrafın səbəbləri altıdır:

Birinci səbəb, səfahatdır (eyş-işrətə düşkünlük). Çoxlarını israfa alışdıran budur. Səfahat, ağlın az olmasıdır. Buna səfeh deyilir. Çox kimsə, yaradılışda səfeh olar. Bu pis halları, bəzi səbəblərdə zaman-zaman artar. Çalışmadan, alın təri tökmədən əlinə mal düşər, pis yoldaşları, bu mala yiyələnmək üçün paylaması üçün, saxlamanın, artırmanın xəsislik olduğunu deyib aldadarlar. İsrafa yol açarlar. Məhz bunun üçün, pis yoldaşlardan uzaqlaşmaqla əmr olunduq. Zəngin uşaqlarının çoxu belə israfa alışır və mirası yeyib bitirirlər. Səfahatı artdıran bir səbəb də insanların çox hörmət göstərməsi və tərifləməsidir. Vəzifə sahiblərinin və zənginlərin uşaqları bu yoldan səfahata düşürlər.

İkinci səbəb, israfı və sıxıntını yaxşı bilməz. İsraf olduğunu bilməz, hətta comərdlik zənn edər. Lüzumsuz yerə, haram, zərərli yerlərə verilən mal, comərdlik zənn edilir.

Üçüncü səbəb, riya və göstəriş etməkdir.

Dördüncü səbəb, zəiflik və tənbəllikdir.

Beşinci səbəb, utanıb sıxılmaqdır.

Altıncısı, dini qorumamaq, İslamiyyətə önəm verməməkdir.

Allahu təala,“Verdiyim nemətlərdən istifadə edənləri sevərəm”  və “Çalışana verərəm”buyurur. Çalışıb qazanmaq ibadətdir. Zənginlik günah deyildir. Allahu təala şükr edən zənginləri sevər. Zəngin olduğu üçün özünü bəyənmək, özünü başqalarından üstün görmək haramdır. Zəkat, qənimət və ticarət səbəbi ilə Mədinədə kasıb kimsə qalmamışdı. Peyğəmbərlərdən Həzrəti İbrahim, Həzrəti Davud və Həzrəti Süleyman çox zəngin idi. Zənginlik nemətdir. Əshabı-kiramın kasıblarından çoxu, “zənginlər də bizim kimi ibadət etdikdən başqa, malları ilə də xeyirli işlər görərək çox savab qazanırlar” deyə, şükür edən zənginlərə qibtə edərdilər. Hədisi-şərifdə buyuruldu ki: “Axır zamanda zəngin olmaq səadətdir” (İ.Rafii).

Ömrümüzü və ruzimizi israf etməyək. Gün gələr israf etdiklərimizin həsrətini çəkərik.

 


Gülnarə Seyidova
Bu yazıya 877 dəfə baxılıb.