Ailədə Ər Və Arvad Mehribanlığı


Fatimə Qəhrəmanova
Bu yazıya 1242 dəfə baxılıb.

Kişi və qadın bir tamdır və cinsindən asılı olmayaraq hər biri hörmətə layiqdir. Dinimiz bizlərə kişi ilə qadının ailə ittifaqına ülvi hisslərlə yanaşmağı öyrədir və ailənin dəyəri İslamda çox yüksək qiymətləndirilir. İslam insanın haqqını qorumaq, ona hörmət etmək və öz mərhəmətini bütün yer kürəsinə yaymaq üçün gəlibdir! "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (Qurani-Kərim, 30;21). Ər və arvad bir-birlərini ən çox sevdikləri və xoşlarına gələn adlarla çağırmalıdırlar. Adı ilə olsun, soyadı ilə, ləqəb və ya başqa bir adla olsun, fərq etməz, vacib olan onların xoşlarına gələn adları seçməkdir.

Evli cütlüklər, xüsusilə evliliklərinin ilk dönəmində, bir-birini çağırdıqda sevgi əlaməti olan bir kəlmədən istifadə etsələr daha yaxşı olar. Çox gözəl olardı ki, ailə üzvləri bir-birlərini adları ilə çağırmasınlar. Bəzən adları qısaldaraq istifadə etmək evlilər arasındakı səmimiyyəti daha da artıra bilir, ona görə də, yeri gəldikcə bundan istifadə etmək olar. Evin xanımının ərinə müraciət etdikdə onun sevdiyi kəlməni işlətməsi çox yaxşı olardı. Ümumiyyətlə, sevdiyiniz insanı və yaxud da dostu xoşladığı adla çağırmaq səmimiyyəti mütləq artırır. İnsanlarla danışarkən səsi onların eşidə biləcəyindən çox yüksəltməmək, yumşaq, mülayim bir şəkildə danışmaq lazımdır.

BİR-BİRİNİZƏ SALAM VERİN!

İki insanın bir-birinə salam verməsi səmimiyyətin yaranmasına səbəb olur, kin və küskünlüyü yox edir, qaşqabaqlı insanı mehriban, gülərüzlü birinə çevirir. Ər-arvad arasında səmimiyyət ən çox ehtiyac duyulan bir şey olduğu üçün evlilikdə salam vermənin əhəmiyyəti daha çoxdur. Bir kişi evinə daxil olan kimi, aydındır ki, xoş bir səslə xanımına salam verməlidir. Bəziləri salam vermənin bir-birlərindən uzaq insanlar üçün olduğunu zənn edir və ər-arvadın bir-birlərinə yaxın olduqları üçün salam vermələrinə ehtiyac olmadığını güman edirlər. Bu, böyük bir yanlışlıqdır! Salamlaşma iki insan arasında kinin qırılması və səmimi münasibətlərin uzun müddət qorunub saxlanılması üçün gözəl bir vasitədir. Ər-arvad bu məsələni kiçiltməməlidirlər. Bir nəfər belə bir hadisə nəql edir: "Mənim bir zəngin dostum var idi. Bir gün ürəyini mənə açıb dedi:

-Maddi imkanımızın, həyat səviyyəmizin çox yüksək olmasına baxmayaraq, xanımım və uşaqlarım ilə münasibətim istədiyim kimi isti və canlı deyil. Halbuki sizin kimi maddi vəziyyəti bizdən çox aşağı olanların həyatı həyəcan, canlılıq və xoşbəxtliklə doludur. Sevinciniz də bizimkindən çoxdur, gözlərinizdən xoşbəxtlik yağır. Uşaqlarınız daha fəal, qəlbləri daha genişdir. Mən ondan soruşdum:
-Xanımınla qarşılaşdığın zaman ona salam verirsənmi?

-Xeyr.
-İstəyirsənsə, qısa bir müddət sənə məsləhət gördüyüm bu şeyi sına, yəni xanımınla görüşdüyün zaman onu isti salam ilə qarşıla.

-Mən vərəm xəstəliyindən bəhs edirəm, sən isə aspirin tövsiyə edirsən?
Bu sözləri deyən dostum mənalı bir şəkildə başını bulayıb ümidsiz halda məndən ayrıldı. Lakin bir müddət sonra o, yanıma gələrək mənə təşəkkür etdi:
-Doğrudan da, sənin tövsiyən təsirli oldu! Kiçik və dəyərsiz kimi görünən bir salamlaşma bizim ailəmizə ruh və canlılıq gətirdi. Evə gələndə salam verməsəm, xanımım bir küncə çəkilir və ev işlərilə məşğul olmağa davam edir. Salam verdiyim zaman isə o cavab verir, müxtəlif mövzulardan söz açılır və mövcud olan səmimi atmosfer evdən kənardakı və evin özündə olan sıxıntı və yorğunluqları unutdurur. Solmuş və hətta ölmüş olan ailə həyatımız kiçik bir tövsiyə ilə yenidən sevinc və canlılığa qovuşdu". Bu məsələdə ən önəmli məqam odur ki, salam vermə bəyənilən bir əməl, salam alma, yəni salama cavab vermək isə vacibdir. Buna görə də, ər-arvaddan biri salam verdikdə digəri cavab verməzsə, bu ailə həyatında kin və ixtilafın yaranmasına gətirib çıxarda bilər. Bununla yanaşı, salamı almamaq Allahın əzabına düçar olmağa da yol aça bilər. "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın!" (4;86)

Qadın, zəruri bir işi yoxdursa, öz həyat yoldaşı evdən gedərkən onu ötürməlidir, xoş sözlərlə yola salmalıdır. Əri evə qayıtdıqda isə hər dəfə olmasa da, mümkün olduqca onu qarşılamalı, salamlaşdıqdan sonra əlindəki əşyaları ərinin əlindən alıb ona təşəkkür etməlidir. Salamlaşma və hətta kiçicik bir xoş söz qarşılıqlı sevgi və səmimiyyətin yaranmasına səbəb olur və könüllərə dostluq toxumu səpir. Kişilər zahirən kiçik, amma həqiqətdə çox böyük olan bu ədəbə əməl etməkdən çəkinməməlidir. Qadınlar kişilərdən daha həssas və zərif olduqları üçün ərləri evdə qalırsa, evdən harasa gedəndə həyat yoldaşları ilə sağollaşırlar. Kişilərin də evdən çıxanda bunu unutmamaları vacibdir! Ərin öz yoldaşına "səni sevirəm" deməsi xanımını xoşbəxt edər və onun könlündəki məhəbbəti isti saxlayar, nəticədə qadın da ev işlərini daha böyük həvəslə yerinə yetirər, evi daha təmiz saxlamağa və daha gözəl yeməklər hazırlamağa çalışar, hamısından vacibi isə, bu, qadının sağlam və yüksək bir əhval-ruhiyyədə olmasına səbəb olar. Həmçinin kişilər də evdə olduqları zaman həyat yoldaşı ilə elə davranmalıdırlar ki, evdən ayrıldıqda xanımları sanki həyatlarının evdən getdiyini zənn etsinlər. Ər evə gələrkən sıxıntı və qayğılarını girişdə ayaqqabılarını çıxartdığı kimi evdən kənarda qoymalı və gülərüzlə doğmalarını qarşılamalıdır. Hətta xanımını qucaqlamalı və onun xoşuna gələn gözəl sözlər söyləməlidir. Bunlar qiymətsiz nemətlərdir! Ruhun bu nemətləri əldə etməsində ərin bu kimi kiçik cümlələri söyləməsinin rolu çox böyükdür.

 


Fatimə Qəhrəmanova
Bu yazıya 1242 dəfə baxılıb.