Brusellyoz


Vüqarə Məmmədova
Bu yazıya 1348 dəfə baxılıb.

Brusellyoz çox qədim bir xəstəlikdir və hələ Romalılar tərəfindən 2.000 il əvvəl qeydə alınıb. Bundan əlavə 1887-ci ildə Sir David Bruce xəstə əsgərlərin müayinəsi nəticəsində onların brusellyoza yoluxduğunu müəyyən etmiş və Brucella mikrobunun həmin xəstəliyin törədəcisi kimi təyin etmişdir.

Brusella zoonoz bakteriyal patogendir və dünya ölkələrində hər il 500.000 yeni yoluxma qeydə alınır. Brusellyoz infeksiyası çox az hallarda ölümlə nəticələnir, lakin onun səbəb olduğu yüksək hərarətin dalğavari dəyişməsi xəstələrin həyat keyfiyyətinə mühüm təsir göstərir. Brusellyozun inkubasiya müddəti 1-8 həftə arasında olur və çox zaman infeksiya asimptomatik olur. Lakin brusellyoz səbəbindən baş verən ağırlaşmalar çox ağır dərəcəli əlilliyə və ya ölümə də səbəb ola bilir. Brusellyoza qarşı vaksin olmadığı üçün bu xəstəliyin yeganə terapiyası antibiotiklərdir.

Bu günədək 10 müxtəlif Brusella növü müəyyən edilmişdir. Onlardan məhz bu dördü - Brucella melitensis, Brucella abortus, Brucella suis və Brucella canis - insanlarda brusellyozun ən çox yayılmış səbəbkarlarıdır.

        Vəhşi (çöl) və ev heyvanları  Brusella növləri üçün təbii rezervuar hesab edilir. İnsanların brusellyoza yoluxması vəhşi və ya ev heyvanlarının kontaminasiya olunmuş qida məhsulları və ya birbaşa kontakt nəticəsində baş verir. Çox vaxt kontaminasiya olunmuş süd, pendir, yağ və ya digər heyvan, heyvandarlıq məhsullarının qəbulu nəticəsində xəstəliyin oral yolla yoluxması baş verir. Brusella patogenləri həm də kontaminə olunmuş aerozollar və ya aerozollaşmış heyvandarlıq məhsulları ilə keçə bilir və ağciyər infeksiyasına səbəb ola bilir. Brusella ilə yoluxma həm də kəsilmiş, zədələnmiş və ya cızılmış dəri ilə birbaşa kontakt vasitəsilə baş verə bilər. Dəridən insan orqanizminə keçdikdə Brusella patogenləri qan və ya limfa sistemi ilə yayılır və bakteremiyaya səbəb olur. Brusellaya yoluxmanın 3 mümkün yollarından ikisi - aerozol inqalyasiyası və yoluxmuş qida qəbulu - bruselyozla nəticələnir. Aerozollaşdırılmış brusella patogeni bioloji silah kimi istifadə edilə bilər. Hazırda brusellyoz Latın Amerikası, Afrika, Aralıq dənizi ətrafı regionda, Orta Şərq və Mərkəzi Asiyada endemik infeksiya hesab edilir. İnsanların yoluxmasının profilaktikası üçün bir çox ölkələrdə, o cümlədən də, ABŞ və keçmiş Sovet ittifaqında heyvanların immunizasiyası proqramları geniş tətbiq edilmişdir. Məhz bu cür profilaktik kampaniyaların nəticəsində heyvanlar arasında brusellyoz infeksiyası halları və insan əhalisi arasında yoluxma kəskin azalmışdır. Həmin profilaktik proqramlar dayandırıldıqda brusellyoz hallarının sayı sürətlə artmağa başlamışdır. Buna görə də, heyvanların brusellyoza qarşı immunizasiyası insanların həmin infeksiyadan qorunmasında xüsusi əhəmiyyət kəsb edir. İnsandan insana yoluxma halları çox nadir hallarda baş versə də, brusella patogenlərinin cinsi yolla və orqan transplantasiyası nəticəsində insandan insana keçməsi halları qeydə alınmışdır.

Endemik ərazilərdə yaşayan və ya orada səfərdə olanlar, o cümlədən, veterinarlar, mikrobioloqlar və mal-qara ilə işləyən şəxslərin brusellyoza yoluxması riski mövcuddur. Heyvanlarda istifadəyə nəzərdən tutulmuş vaksinlərin özü insanlarda infeksiyaya səbəb ola bilir. Buna görə də, heyvanlarda vaksinasiyanı həyata keçirən veterinarların brusellyoza yoluxması riski yüksək olur. Laboratoriya işçiləri və mikrobioloqların da brusellaya yoluxması riski yüksəkdir.

         Brusellyozun diaqnozu həmişə problemli olur. Buna səbəb isə brusellyoz nəticəsində müşahidə edilən əlamət və simptomlar yüksək hərarətlə müşaiyət olunan digər xəstəliklərlə oxşar olur. Xəstələrin çoxunda brusellyozun simptomları mülayim və ya orta dərəcəli olduğundan, həmin hallarda brusellyoz infeksiyası heç nəzərdən keçirilməmiş qala bilər.

Brusella patogenin qan, sümük iliyi, sidik, onurğa beyin mayesi və ya oynaqdaxili aspiratda təyin edilməsi brusellyozun diaqnostikasının qızıl standartı hesab edilir. Lakin bir çox hallarda brusella patogenin müəyyən edilməsi mümkün olmur. Buna görə də, brusellyozun diaqnostikasında həm də Brusella mikrobuna qarşı anticismlərin təyini testi geniş tətbiq olunur. Qan analizində leykopeniya, eritropeniya və trombositopeniya, habelə qaraciyər fermentlərinin qalxması müəyyən edilə bilər. Brusellyozda qaraciyərin fibrozu və sirrozu, habelə sümük iliyinin hipoplaziyasının mümkünlüyünü nəzərə alaraq, həmin hallarda bu orqanların biopsiyasının aparılması diaqnostikaya yardım etmiş ola bilər.

Xəstənin simptomlarından və kliniki vəziyyətindən asılı olaraq, davamlı müayinənin aparılması nəzərdən keçirilə bilər. O cümlədən, KT və ya MRT vasitəsilə beyində abseslərin və ya iltihab əlamətlərinin olub olmadığı müəyyən oluna bilər. Ürəyin infeksiyası və ya zədələnməsini istisna etmək üçün EKQ, sümük və oynaq deformasiyalarının olub olmadığını təyin etmək üçün rentgen görüntüləmə aparıla bilər.

         Brusellyozun diaqnostikasının çətin olmasına baxmayaraq, xəstəliyin bəzi kliniki xüsusiyyətləri onu digər infeksion xəstəliklərdən ayırmağa yardım etmiş olur. Müalicə almayan xəstələrdə brusellyoz səbəbindən inkişaf edən yüksək hərarət dalğavari davam edir (enir-artır). Xəstələrin 50%-də brusellyoz səbəbindən baş verən yüksək hərarətlə yanaşı əzələ-skelet simptomları da müşahidə edilir. Lakin oxşar simptomlar həm də tif (yatalaq) və malyariya xəstəliklərində də müəyyən edilə bilir.

MÜALİCƏ.

Bu günədək brusellyozun yeganə müalicə metodu antibiotik terapiyasıdır. Lakin ağırlaşmalar baş verdiyi hallarda, məsələn, ürəyin brusellyozu və onurğanın brusellyozunda, antibiotiklə terapiyaya əlavə olaraq cərrahi müdaxilə də tələb oluna bilər.

Brusellyoz diaqnozu qoyulduqda antibiotiklərlə müalicə dərhal başlanmalıdır ki, xəstəliyin simptomları aradan qaldırılsın və ağırlaşmaların qarşısı alınsın. Lakin xəstələrin 5-10%-də müalicənin vaxtında və düzgün aparılmasına baxmayaraq,  xəstəliyin residivi müəyyən edilir. Müalicənin başlanması vaxtı, habelə xəstəliyin ağırlıq dərəcəsi və ağırlaşmaların olub olmamasından asılı olaraq, xəstələrin tam sağalması bir neçə həftədən bir neçə ayadək davam edə bilər.


Vüqarə Məmmədova
Bu yazıya 1348 dəfə baxılıb.