Yetimlərin Anası


Xədicə Şahin
Bu yazıya 898 dəfə baxılıb.

Kapitalizmin, narsizmin damarlara işləyib insanları pozmağa çalışdığı indiki vaxtda safını qorumuş, İslam əxlaqını həyatına həkk etmiş, həyatın əziyyətlərini şərbət deyərək içmiş bir Anadolu qadınının yanındayıq. Söhbət edərkən insanın ruhunu qucaqlayan bir yumşaqlıq ətrafa yayılır. "Quzu", "gülüm" deyərək bizlərə xitab edir. 87 yaşında olan Əminə nənənin ibrətli həyat hekayəsini paylaşmaq istəyirəm.

O, Türkiyənin döyüşdən çıxıb kasıblıqla mübarizə apardığı illərdə dünyaya gəlib. Hələ 12 yaşında olanda həm anadan, həm də atadan yetim qalaraq böyük qardaşının və gəlininin yanında böyüyüb. Gəlini üçün "mənin anam idi",  deyərək dua ilə yad edir. 15 yaşında əmisinin yetim qalan nəvələrinə baxmış, 72 illik yetimlərlə davam edən həyat hekayəsi beləcə başlamışdır.

20 yaşında ailə həyatı qurmuşam və "evlənərkən yoldaşım o qədər kasıb idi ki, inək sağmağa qabları da yox idi. Bir gün evdə qarğıdalı dənələrini görüncə "Allah,  Allah deməli, bu evdə qarğıdalı da varmış" deyərək heyrətləndim", deyir. 2 uşaq dünyaya gətirir, amma qədəri belə yazılıbmış, bir uşağı həyata erkən vida edir. Evlənərkən 3 qayını və 1 baldızı kiçik yaşlarda yetim qalaraq Əminə nənənin himayəsinə sığınırlar. Yetimlərə qarşı çox mərhəmətlidir. "İllərdir onların başını oxşamaqdan zövq alıram. Onlar ağlayarkən onlarla oturub mən də ağlamışam. Bir gün kiçik qayınım atı qaçırmış, yoldaşım çox əsəbiləşmişdi, onu döymək istədiyi zaman mən araya girdim "onun yerinə nə olar məni döy ki, əsəblərin sakitləşsin", dedim. Yoldaşım məni hirslə yerə itələdi. Yoldaşımdan  gördüyüm şiddət bu oldu. Kasıblıqdan yetimlərin geyməyə paltarları yox idi. Sandıqdan cehizlik paltarlarımı kəsib onlara paltar tikmişdim", dedi.

Evliliyi 3 il yarım davam etmiş və 1 yaşındakı qızı ilə gənc yaşda dul qalmışdı. Bir tərəfdə kasıblıq, bir tərəfdə yetimlər.  İlahinin qisməti, baxıb böyütdüyü qayınlarından biri və xanımı gənc yaşda ölüncə arxada 6 yetim qoymuşlar. Eyni zamanda ögey qayınının arvadı da yatağa düşmüş onun paltarlarını yuyub, qulluğunu etmiş, o da vəfat edincə bir yetim də ondan qalmışdı. Artıq həyata davam edərkən 7 yetim də ona yoldaşlıq etmək məcburiyyətində qalmışdı. "7 yetimə öz qızımdan daha çox qayğı göstərdim. Onları şəfqətlə böyütdüm. Bəzən naz edirdilər, tarlaya getmək istəmirdilər. Səhər namazına qalxsınlar deyə inəyi sağıb, südünü bişirdim yataqlarının başına gedib “sizə süd gətirdim, baxın”, deyərək yataqdan qaldırırdım. "Kasıblıq zamanlarında bir stəkan süd üçün nə qədər şirin yuxu olsa da tərk edilməzdimi?”

Ömür beləcə keçmiş 6 yetimi yerbəyer etmişdi, digər qayınından qalan yetim hələ də yanındadır. Demək ki, Allah Təala mərhəmətli qulunu yetimsiz buraxmaq istəmədi, qayınının oğlu da gənc yaşda ölüncə gənc xanımına və 2 uşağına Əminə nənə qol-qanad olmuş, onları da böyütmüşdü. "Ömrüm yetimlərlə keçdi, bir dəfə olsun peşmanlıq duymadım, üsyan etmədim, həmişə Rəbbimdən razı oldum", deyir.

Əminə nənə yalnız yetimlərə qol-qanad olmaqla kifayətlənməmiş 1-ci Dünya müharibəsində ana və atası döyüşdən qaçarkən 7 yaşlarında geridə buraxdıqları erməni uşağını kəndin ağası kəndə gətirmişdi, 60 ildən çox onlara xidmət etmişdi. Baxıma möhtac olunca Əminə nənənin evinin yanında bir komaya tərk edilmişdir. Özü müsəlman olmuş bu əmiyə də, Əminə nənə illərcə xidmət etmişdi. "Paltarını yudum, hər öynə yeməyini verdim. Hətta sahurda uşaqlardan əvvəl onun yeməyini verərdim. Yaşlı və əsəbi olduğu üçün əmi qışqırar, çağırardı. Allah mənə səbir verib ki, ona gülüb keçirdim", deyir.

Bu xeyirxah Anadolu qadınının yanına söhbət üçün getdiyimizdə ev-eşiyi boş deyildi. Baxıb böyütdüyü yetimlər, dost-tanışı, qohum-əqrabası onu daim ziyarət edirdi. Həm də Əminə nənə evinə gələnləri də paysız, hədiyyəsiz yola salmazdı.

Xəstələndiyi zaman xəstəxanada yanında qalmaq üçün mərhəmət göstərdiyi dost-tanışı, yetimləri hamısı sıraya durur. Hətta iki, üç nəfər yanında qalır. Tibb bacısı: "Əminə Eskibaş özün sadə bir xanımsan, amma insanların könülündə necə yer tutmusan, mən belə xidmət edilən xəstə həyatım boyunca ilk dəfədir görürəm" deyərək heyrətini saxlaya bilməmişdi.

Özü dini təhsil görməsə də, 12 yaşından etibarən namazlarını, oruclarını heç axsatmadan yerinə yetirmişdir. Hətta xəstəliyində qızdırma içində, halsız olduğu zamanlarda da, qollarını dəstəmaz üçün suvayıb "namazım keçir, namazımı qılmalıyam" deyərək sayıqlayarmış.

Yanından ayrılmadan əvvəl gənclərə nəsihətiniz varmı dəyincə "indiki gənclər lüks, zövq içində olduqları halda bədbəxtdirlər, çətinlik görmədən evliliklərini bitirirlər. Çox səbirsizdirlər. Səbir və hörmət yox, əvvəllər kasıblıq çətinlik vardı, amma səbir və hörmət olduğu üçün ayrılıqlar yox idi, dava-dalaş yox idi. Tövsiyəm budur ki,  bir az olsun səbir və hörmət göstərsinlər", deyir

Əminə nənədə yetimlərlə ayə və hədislərdə buyurulduğu kimi mərhəmətlə, mülayimliklə, səbirlə rəftarın canlı nümunəsini görürük.

Peyğəmbər (s.ə.s.): "Öz yetimini və ya başqasına aid bir yetimi himayə edən kimsəylə mən, cənnətdə belə yan-yana olacağıq".

Hədisin ravisi Malik İbni Ənəs, Peyğəmbər Əleyhissalamın etdiyi kimi- işarə barmağıyla orta barmağını göstərdi. (Müslim, Zühd 42.)"

İnşallah nənəmiz də bu hədisin müjdəsinə çatan bəxtiyarlardan olar",  deyərək yanından ayrılırıq.


Xədicə Şahin
Bu yazıya 898 dəfə baxılıb.