Həyatımızı çətinləşdirən batil inanc: Uğursuzluq


Samirə Mahmudova
Bu yazıya 1428 dəfə baxılıb.

Hər hansı bir şeydə olduğu zənn edilən və işlərin tərs getməsinə səbəb olaraq göstərilən haldır. Müxtəlif dövrlərdə və eyni zamanda cahiliyyə adətlərində bir çox insan və cəmiyyətlər ətraflarında gördükləri bir qrup əşyalarda, heyvanlarda və təbiət hadisələrində uğursuzluq olduğuna inanırdılar. Zəmanəmizdə bu uğursuzluq anlayışını üstündən ata bilməyən bir çox insan var. Bu tip insanlar uğursuzluq olaraq gördükləri şeylərdən özlərinə şər və bir zərər gələcəyinə inanırlar. Heç bir dini və elmi qaynağı olmayan “uğursuzluq” anlayışına sahib olanlar, həyatlarının hər mərhələsində qorxu və həyəcan içində olurlar. Həyat şərtlərini özlərinə çətinləşdirməklə özlərinə zülm edən insanlar bu sayədə dinin ehkamlarından uzaqlaşarlar. Halbuki dinimiz insanın gücü çatmayacağı şeyləri insana yükləməz. Bu kimi xürafə və batil inanclar insanın mənəvi dünyasında çöküntülərə səbəb olaraq həyatını çıxılmaz bir girdaba sürükləyər, İslamın ana ruhundan, əsas hədəfindən ayırar.

 Uğursuzluq fikri cahiliyyə dövründən və hətta ondan daha da öncə yəhudilər zamanından qalan bir xürafədir. Firon və qövmü əgər özlərinə bir bəla gələrsə, Musanın (ə.s.) və onun yanındakıların üzündən uğursuzluğa uğradıqlarını zənn edərdilər. Qurani-Kərimdə “Özlərinə yaxşılıq üz verəndə, “Bu bizim haqqımızdır”, dedilər. Başlarına bir şər gələndə isə bunu Musa  və onun yanında olanların uğursuzluğuna bağlayırdılar. “Diqqət edin, onların uğursuzluqları ancaq Allahın yanındadır. Ancaq onların çoxu bunu bilməzlər.” (Araf 7/131) buyurularaq uğursuzluğun olmadığını, başımıza gələnlərin Allahın bir təqdiri və imtahanı olduğu bizə bildirilməkdədir. Eyni zamanda Hz. Salehin (ə.s.) qövmü də ona: “Sənin və səninlə birlikdə olanların üzündən uğursuzluğa düçar olduq” dedilər. Hz. Saleh: “Uğursuzluğunuz Allah qatındandır”,- dedi.

Rəsulullah (s.ə.s.) insanların ətrafındakı müxtəlif hadisə və əşyaya uğursuzluq atılmasını qınayaraq, “Sizdən kim xoşlamadığı bir şeyi görəndə, Allahım! Yaxşılıqları yalnız sən verir, şərləri də yalnız sən uzaqlaşdıra bilərsən, səndən başqa güc və qüvvət sahibi heç kəs yoxdur” (Əbu davud, Tibb, 24) deməyi məsləhət görmüşdür.

İnsanı səbəblərə sarılmaqdan uzaqlaşdıran uğur və uğursuzluq anlayışı, Hz. Peyğəmbərin təbliğ etdiyi İslami hökmlərə uyğun gəlmir. Çünki İslamda insanın iradəsi, gücü və təşəbbüsü məsuliyyətin təməlini təşkil edir. Uğursuzluq inancının yasaq qılınmasındakı əsl səbəb də buna inanan insanın uğursuz saydığı varlığa nisbət etməsidir. Fal və falçılıq da bu yanlış anlayışın bir başqa yönünü təşkil edir.

Əslində, heç bir şeydə uğursuzluq yoxdur. Heç bir şey də doğuşdan uğurlu deyildir. Uğursuzluq olsa olsa, hər insanın düşüncə və yozumundadır. Xalq arasında tez –tez istifadə edilən “uğurlu” gəldi, “uğursuz“ gəldi kimi sözlər sadəcə bir zənn və boş bir quruntudan başqa bir şey deyildir. Hz. Peyğəmbər (s.ə.s.) bir hədisi-şərifində “İslamda təşəüm (uğursuz saymaq, şərə yozmaq) yoxdur, ən yaxşısı təfəüldur (yaxşılığa yozma).” (Buxari,Tıbb 54) buyuraraq bu zərərli anlayışın İslamda olmadığını ifadə etmişdir. Digər bir hədisində də: “Əşyada uğursuzluq yoxdur, səfər ayında uğursuzluq yoxdur, bayquşun ulamasında da bir uğursuzluq yoxdur” (Müslim, Salam 102) buyuraraq insanların aylarda belə uğursuzluq əlamətini görmələrinin əsassız olduğunu bildirmək istəmişdir.

Bütün bunlardan sonra deyilə bilər ki: Ay və günəş tutulması, itin ulaması, pişik və ya itin yolda gedən birisinin önündən keçməsi, nərdivan altından keçmək, on üç rəqəmi, ikinci günü işə başlamaq və ya yola çıxmaq, gecə güzdüyə baxmaq və dırnaq kəsmək kimi bir sıra şeylərdə uğursuzluq olduğuna inanmaq batil bir inancdır. Həmçinin səfər ayında yola çıxmaq, gecə ev süpürmək, evdən pul vermək, may ayında toy eləmək cəmiyyətimizdə insanların şüuruna yerləşdirdikləri  əsli – astarı olmayan xurafatlardandır. May ayında toy etəməyin ailə quran cütlüklərə zərər verəcəyi inancına gəlincə bir tanışın dilindən bunun ermənilərin bir mülahizəsi olduğunu öyrənmiş oldum. Guya may ayında onların kütləvi qırğını olmuşdur. Daha sonraları onlar bu ayı matəm ayı olaraq keçirmiş, bununla da qalmayaraq bu düşüncəni bizim millətimizin şüuruna da yeritmişlərdir. Bu düşüncənin nə qədər doğru olub olmadığını demək mümkün deyil. Amma düşünəndə heç bir əsası olmayan  və indiyə kimi izahı verilməyən bu fikrin onların bir quruntusu olması ağlabatan kimi görünür. Təbii ki, hər şeyin doğrusunu Allah bilir.

Nəticə olaraq mömin hər halında İslamın ruhuna uyğun bir həyat yaşamalı, başına gələn bəlalarda bir uğursuzluq olduğu fikrini özündən uzaqlaşdırmalıdır. Çünki bu kimi şeylərdə nə xeyir, nə də şər vardır. Bir əşyanı əgər bir şeyə yozmaq lazımdırsa, bunu Allah Rəsulunun tövsiyəsinə uyğun yozmaq lazımdır.

 Rəsulullah (s.ə.s.), səhabələrin yanında uğursuzluqdan bəhs etmələri üzərinə: “Uğursuzluq yoxdur, hər hansı bir şeydə uğursuzluq olsaydı əgər, evdə, qadında və minikdə olardı” buyuraraq uğursuzluq fikrini səhabələrin zehnindən silmişdir. İslam alimləri bu hədis haqqında müxtəlif mülahizələr irəli sürmüşlər. Belə ki; İmam Malik və  bir qrupa görə bu rəvayətdə məqsəd zahiri mənadır. Allah Təala bir evi zərər və ölümə səbəb olaraq yarada bilər. Bir qadın, at və yaxud da ev də Allahın qəza və qədəri ilə bəzən həlaka səbəb ola bilər. Həttabi ilə başqa bir qrup alimlərə görə isə bu hədisdə məqsədin uğursuzluq saymağın günah olduğunu, lakin birinin içində yaşamaq istəmədiyi bir evi, xasiyyət və xarakterini bəyənmədiyi bir xanımı və ya sevmədiyi bir atı varsa bunlardan uzaqlaşmağın mümkün olduğu anlaşılır .

Bununla belə bəziləri də bu hədisin yozumu ilə əlaqədar “Evin uğursuzluğu, dar olması, haram pulla tikilməsi və ya qonşularının şər adamlar olmasındandır. Qadının uğursuzluğu doğmaması, gəvəzə, boş danışan və şər işlər görməsindədir. Atının və ya miniyinin uğursuzluğu üzərində gedə bilməməsi, qiymətinin bahalı olması və s. kimi səbəblərdən ola biləcəyi mənalarına gəldiyini demişlər.

Bir qrup alimin fikrinə görə isə Allah Rəsulunun (s.ə.s.) uğursuzluğun bu üç şeydə olduğunu ifadə eləməsi, o dövrdə cahiliyyə ərəblərinin bu şeylərdə uğursuzluq görmələrindəndir ki, bu hədisi zikr etməklə bu kimi batil inanc və xürafələri yıxmaq istəmişdir.

Nəticədə İbrahim əl- Haziminin ifadəsinə görə Rəsulullah (s.ə.s.) bu kimi şeyləri bildirməklə bir sıra xürafə və batil inancların ortadan qaldırılmasını ifadə etmiş olmalıdır. Əgər bir insan bununla birlikdə bunların şər qaynaqlı olduğu və özünə bir zərər gələcəyini düşünəcəksə at və ev kimi dəyişdirilməsi mümkün olan şeyləri həyatından uzaqlaşdıra bilər.

Qaynaqlar: İlmihal, TDV Yayınları, II, səh 149: Rauf Pehlivan, Buyuk Kadın İlmihali: İbrahim el-Hazimi,7 Hadis İmamının İttifak Etdiyi Hadisler, səh 1121.


Samirə Mahmudova
Bu yazıya 1428 dəfə baxılıb.