Faydaları ilə zəngin nemət - BALQABAQ


Kəmalə Hüseynova
Bu yazıya 12710 dəfə baxılıb.

Balqabaq hələ 6 min il əvvəl Cənubi Amerikanın yerli əhalisi olan inklər tərəfindən əkilib-becərilirmiş. Bunu həmin ərazilərdə aparılmış arxeoloji qazıntılar sübut edib. Deyirlər ki, balqabağı Antarktida qitəsindən başqa, dünyanın istənilən yerində yetişdirmək mümkündür. Ətraf iqlim amillərinə qarşı dözümlüdür, xüsusi qayğı tələb etmir. Odur ki, hazırda dünya təsərrüfatlarında 700-ə qədər növü yetişdirilir.  Boranıdan xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Yeyinti sənayesində boranıdan mürəbbə, cem, şirələr, vitamin preparatları hazırlanır. Tərkibində sellüloza, azotlu maddə, yağ, vitaminlər qrupu var.

Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir. İnsan sağlamlığı üçün çox xeyri var. İbn Sina “Tibbinamə” əsərində bu bitkini xərçəng xəstəliyinə qarşı ən təsirli vasitə kimi irəli sürüb. Qaraciyərin fəaliyyətini bərpa edir, onu qoruyur, sağlamlıq üçün yumşaldıcı, sidikqovucu və tərqovucu xassəyə malikdir, susuzluğu aradan qaldırır, bişmiş boranı qızdırma və öskürəyə yaxşı təsir göstərir. Onun  mürəbbəsi beyin fəaliyyətini qüvvətləndirir, tumu yuxusuzluq hallarında yaxşı təsir göstərir. Tərkibindəki karotin vitamini dərini təzələyir, immunitet sistemini gücləndirir, narıncı rəngli boranı dəmir, kalium, natrium, fosfor, kalsium və maqneziumla zəngindir. Uşaqlarda sümüklərin möhkəmlənməsi və qanazlığının aradan qaldırılması üçün boranı əvəzolunmaz nemətdir. Görmə qabiliyyətini artırır, tərkibi az kalorili şəkərdən ibarət olduğu üçün diabetli xəstələrə məsləhət görülür. Müasir mətbəxdə boranıdan müxtəlif tərkibli şorbalar, şirniyyatlar, tort, keks, pudinq və cemlər hazırlanır. Əksər xalqların mətbəxində boranı mühüm yer tutur: məsələn, italiyanlar boranı güllərini ədviyyatlı ətlə dolduraraq soyuq yemək çeşidi hazırlayırlar, avstriyalılar boranı qəhvəsini çox sevirlər, Meksikada onu düyü, istiotla qarışdırıb dadlı yemək hazırlayırlar. Hindistan mətbəxində boranıdan halvaların hazırlanması geniş yayılıb.

 

Təəssüf ki, bu nemətin Azərbaycan mətbəxində necə yer tutması haqqında ağızdolusu danışa bilmirik. Ya qızartma kimi yeyilir, ya da boranıdan bir neçə çeşiddə plovlar dəmlənir, vəssalam. Ümumiyyətlə, əcnəbilər bizə nisbətən boranıya isti münasibətləri ilə fərqlənirlər.

Boranı zahiri görkəm baxımından maraqlı “bədən cizgilərinə” malik olduğu üçün bütün dövrlərdə şifahi xalq ədəbiyyatının maraq dairəsində olub. Kulinariyada boranı üzərində müxtəlif oyma işləri görülərək müştərilərə nümayiş olunur.

 

Uşaq qidasında balqabaq

Balqabaq- çiy və bişmiş, istənilən halda uşaqlar üçün xeyirlidir. Hətta tumlarının da xeyri var. Bu tərəvəz sentyabr-oktyabr aylarında yetişir.

 Uşaqlar üçün balqabaq əvəzolunmaz qidadır. Diyetoloqlar onu uşaqların mədə-bağırsaqları pozulan zaman verməyi məsləhət görurlər. Balqabağın çiy məti mədə-bağırsaqın düzgün işləməsinə kömək edir.

 Uşaqlara qəbizlik zamanı balqabaq verin: Qəbizlikdə və köp zamanı balqabağın çiy şirəsi tövsiyə edilir. Şirəni uşaqa içirtdikdən sonra qısa vaxtda köp və ağrı keçir.

 

Uşaqlarda yuxu pozğunluğunda balqabaq ilə yeməklər: Balqabaq şirəsi və bal sakitləşdirici effektə malikdir. Əgər uşaq narahatdırsa və heç cür yatmırsa bu dadlı içkidən ona içirdin.

Uşaqlarda anemiyaya qarşı (qan azlığı) balqabaqdan istifadə: Balqabaq anemiyalı uşaqların qidasında hər gün olmalıdır. Siz ondan şirə çəkə, salat və ya desert hazırlaya bilərsiz. Altı aylıq körpələrə balqabaq puresi vermək olar.

Balqabağı necə seçməli?

Balqabağı seçərkən onu yaxşıca nərəzdən keçirin. Onun səthində heç bir ciziq və ya zədə olmamalıdır. Yadda saxlayın ki, kəsilmiş balqabağı çox saxlamaq olmur. Onun mətinin tərkibindəki şəkər və qidalı maddələr azalır. Odur ki, balqabağı kəsdirib az-az almaq və tez istifadə etmək məsləhətdir. Balqabaq soyuğu və birbaşa günəş şüasını sevmir. Bu cür şəraitdə o tez çürüyür. Bütöv balqabağı yaxşı havalanan yerdə 10-15 dərəcə temperaturda saxlayın. Əgər bunlara riayət etsəniz siz bütün qışı balqabaqdan rahatlıqla faydalana bilərsiz.

 

Balqabaq tumunun faydaları

Balqabağın tumları dadlı olmaqla yanaşı həm də faydalıdır. Onun tərkibində orqanizm üçün faydalı olan yağlar, (xolesterinsiz), E, A, D, K vitaminləri və çox sayda makro və mikro elementlər var. Tumların tərkibində böyük miqdarda sink və dəmirin olması xüsusi dəyərləndirilir. Unutmayın tumlar soyuqdəymə əleyhinə əla vasitədir. Həmçinin işlədici effekti var. Bundan başqa qurd əleyhinə güclü təsir göstərir.

 

Yəqin ki, adi balqabağın 100 qramından çəkilmiş şirənin belə zəngin tərkibli olması çoxlarına təəcüblü gələcək.

Uzun xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitədir.

Tərkibində pektinin olması ilə bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.

Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir.

Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün xeyirlidir.

Ürək damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. O həmçinin qan təzyiqini aşağı salır.

Əsəblərin daim gərgin olmasından, sinir sistemindən şikayətlənənlər üçün balqabaq şirəsi əvəzsiz içkidir. Bu içkidən istifadə etməklə qısa zamanda onun müsbət təsiri özünü göstərir.

Artıq çəkidən yaxa qurtarmaq istəyənlər də bu içkidən istifadə etsələr xeyrini görəcəklər. O sizi piylənmədən xilas edəcək.

Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.

Bu möcüzəvi faydaları olan içki hamilə qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Xüsusilə ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.

Dırnaqların və saçların strukturunun qorunmasında balqabaq şirəsi faydalıdır.

Uşaqlarda raxitin inkişafının qarşısının alınması üçün balqabaq şirəsindən istifadə etmək məsləhət görülür.

Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.

Balqabaq şirəsinin faydaları ilə yanaşı əks göstəriciləri də var. Mədə və onikibarmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşməyi unutmayın.

 

 


Kəmalə Hüseynova
Bu yazıya 12710 dəfə baxılıb.