Xeyirlə Yad Edilmək


Osman Nuri Topbaş
Bu yazıya 1076 dəfə baxılıb.

 Səlcuqlu vəzirlərdən Muinuddin Pərvanə, bir gün Həzrət Mövlanəni ziyarətə gəlir və ona belə deyir: "-Ey mürşidlər günəşi! Nə olar, mənə bir yol göstər. Çünki mən, bu an sahib olduğum hər şeyimi, vəfat etmiş olan atama borcluyam. Sərvət, şöhrət və mövqemi mənə həyatda ikən o təmin etmişdi. Bu səbəblə bir vəfa borcu olaraq, ona elə böyük bir qəbir düzəltdirmək istəyirəm ki, dünyada tayı, bənzəri olmasın. Gələcək nəsillər belə bu qəbrin qarşısından keçərkən; «Burada böyük bir insan yatır və bu abidəni edən də onun qiymətini bilirmiş», desinlər. Mənə belə bir abidənin xüsusiyyətlərini deyərsənmi?"

Həzrət Mövlanə, əlindəki geniş imkanları, daha çox siyasi qüdrət və sərvət üçün istifadə etməkdə olduğunu bildiyi Səlcuqlu vəzirinə bir az baxdıqdan sonra belə soruşur: "-Demək, atan üçün böyük bir abidə etdirəcəksən. Çox böyük olmasını istəyirsən?"

"-Bəli, mümkün olduğu qədər böyük və əzəmətli olmasını istəyirəm!"

 "-Yaxşı, etdirəcəyin abidə bu göy qübbəsindən daha ehtişamlı olacaqmı? Böyüklüyü ilə səmanı örtəcəkmi?"

Həzrəti Mövlananın bu sualını heç gözləməyən Muinuddin Pərvanə çox təəccüblənir. Çünki etdirmək istədiyi abidə səmanı əsla bağlaya bilməyəcək və ondan daha ehtişamlı ola bilməyəcəkdi. Daha sonra heyrətlə soruşur:

"-Əlbəttə, bu mümkün deyil. Hansı abidə səmanı örtə bilər?” Gözlədiyi cavabı alan Həzrət Mövlanə isə gü­lümsəyir və vəzirə bu hikmətli nəsihətləri verir:

"-Madam ki, sənin etdirəcəyin abidə, nə qədər böyük olursa olsun, bu aləmin göy qübbəsi qədər ehtişamlı olmayacaq və madam ki, insanların öl­dükdən sonra xeyrlə yad edilmələri üçün bir xidmət və yaxşılıq etməli olduqlarına inanırsan; o halda niyə atanın adını kainata eşitdirmək və könüllərdə yaşatmaq yerinə, bir daş yığınının içinə həbs etmək istəyirsən?!

Sənə düşən vəzifə, əlindəki bütün imkanları xeyrə, ədalətə, şəfqət və mərhəmətə istifadə edərək; «Bu nə xeyirli övladdır!.. Belə bir övladı yetişdirən ata necə xoşbəxtdir!..» dedirtməkdir.

Unutma ki, əsla yıxılmayan, zamana hökm edən ən böyük abidə, insanların idraklarına və hafizələ­rinə xeyir qələmi ilə yazılmış xidmətlərdir, xeyirli əməllərdir".

v  

Bu fani dünyaya mal və mövqe qazanmağa deyil, əksinə, axirətə hazırlanmağa gəlmişik. Yusifin, yeddi il davam edən bolluq illərində, ardından gələcək olan yeddi illik quraqlıq illərinə hazırlandığı kimi, biz də bu fani imkan və fürsətlər dünyasında, əbədi axirət yurduna hazırlanmalıyıq.

Necə ki, Rəsulullah (s.ə.s.), bir dəfə Tarıq ibn Abdullaha belə nəsihət vermişdir:

"Ey Tarıq! Ölüm gəlib çatmadan əvvəl ölümə ha­zırlan!" (Hakim, Müstədrək, IV, 347/7868)

Bunu da xüsusilə ifadə etmək lazımdır ki, ölümə hazırlanmaq, özünə qəbir hazırlamaq deyil, qəbirə özünü hazırlamaqdan ibarətdir.

Bəra belə buyurur:

"Biz Rəsulullah (s.ə.s.) ilə bir cənazə mərasimində idik. Peyğəmbərimiz, qəbrin kənarına oturub ağladı, elə ağladı ki, göz yaşları ilə torpaq islandı. Sonra da:

«-Qardaşlarım! Əsl belə mühüm bir yer üçün hazırlıq görün!» buyurdu" (İbni Macə, Zühd, 19).

Rəvayətə görə etdiyi səfərlərlə yer üzünün tama­mına hakim olan Zülqərneyn  vəfatından əvvəl bu vəsiyyəti etmişdir:

"Məni yuyun, kəfənləyin! Sonra bir tabuta qoyun! Təkcə qollarım çölə çıxsın! Xidmətçilərim arxamca gəlsin! Xəzinələrimi də qatırlara yükləyin! Xalq, mənim son dərəcə ehtişamlı bir səltənət və dünya mülkünə baxmayaraq, əli boş getdiyimi, xidmətçilərimin də, xəzinələrimin də bu dünyada qaldığını, mənimlə birlikdə gəlmədiyini görsün! Bu yalançı və fani dünyaya aldanmasın!.."

Zülqərneynin bu vəsiyyətini alimlər belə izah etmişlər:

"...Dünya, başdan-başa mənim idarəm altında idi. Saysız xəzinələrə sahib oldum. Lakin dünya nemətləri qalıcı deyil. Baxın, gördüyünüz kimi məzara əli boş gedirəm! Dünya malı dünyada qalar. Siz, axirətdə faydası olacaq işlərə baxın!.." Bu dünyadakı işlər, uşaqların sahil kənarındakı qumluqda ev qurmalarına bənzəyir. Onlar qumları üst-üstə qoyaraq bir-birlərinə söz atarlar; "Nə gözəl bir qala düzəltdim, nəcə gözəl bir ev düzəltdim", deyərlər. Sonra dənizdən bir dalğa gələr və hamısını bir anda yox edər. Eynilə bunun kimi, insan bu fani aləmdə dünyaya aid nə edirsə etsin, aqibət, bir əcəl dalğası gəlib onu haqq ilə yeksan edər. Bu səbəblə mühüm olan, saleh əməllər və xeyir işlərlə göy qübbəsində xoş bir səda buraxaraq ömür dəftərini bağlaya bilməkdir. Haqqın divanına bu əhvali-ruhiyyə ilə, belə rahat bir vicdan, səlim bir qəlb və üz ağı ilə qovuşa bilmək, nə böyük səadətdir. Bu səbəbdən ən böyük itki də Həzrəti Osmanın buyurduğu kimi; "Sahibinin axirət səfəri üçün azuqə hazırlaya bilmədiyi uzun bir ömürdür". Son nəfəslə gedəcəyi yerin torpaq, danışacaqlarının Münkər və Nəkir mələkləri, baş çəkəcəyi yer Qiyamət, son dayanacağının Cənnət və ya Cəhənnəm olacağının idrakı ilə yaşayan kimsə, ölüm üçün tədarüklü olmalı, ona görə tədbir görməli və bütün imkanları ilə ölüm üçün hazırlanmalıdır. Hətta insan, daim özünü məzardakı ölülərdən saymalıdır. Çünki uzaq olan, gəlməyəcək olandır. Lakin hər gələcək yaxındır. Ağıllı olmaq, ölüm üçün hazırlanmaqdır. Necə ki, bir səhabə, Rəsulullaha (s.ə.s.): "-Möminlərin ən ağıllısı kimdir?" deyə soruşmuşdu. Peyğəmbərimiz: "-Ölümü ən çox xatırlayan və sonrası üçün ən gözəl şəkildə hazırlıq görəndir. Bax, (gerçək) ağıllılar bunlardır", buyurdu (İbni Macə, Zühd, 31).

 Ölümü bir hüsran olmaqdan çıxarıb əbədi bir zəfərə çevirə bilmək, onu matəm deyil "şəbi arus-toy gecəsi" halına gətirə bilmək də, ölüm deyil, sonra arzu edilən ünvana hazırlanıb ölməsini bilənlərin qazancıdır… Mövlana Həzrətləri nə gözəl buyurur: "Məzar canlandırmaq; nə daşladır, nə taxta ilə nə də keçə ilə. Ləkəsiz bir könüldə, pak olan daxili aləmində özünə bir məzar qazmalısan ki, Allahın uca varlığı qarşısında öz xam nəfsinin iddia və mənliyini yox edəsən". Bu halın təcəllisini şəxsən yaşayan Həzrəti Mövlanə, yenə kamil möminlər nəzərində məzar tikməyin, cəsədi torpağa basdırmaqdan ibarət olmadığını belə ifadə etmişdir: "Ölümümüzdən sonra məzarımızı yer üzündə axtarmayın. Bizim məzarımız, ariflərin könüllərindədir". Nəhayət, mömin, daim bu idrakın içində olmalıdır: Ömür neməti hər gün tükənməkdədir. Bu səbəbdən dünyadan bir gün daha uzaqlaşıb qəbirə bir gün daha yaxınlaşırıq. Həyatın hansı mərhələsində Əzrail ilə qarşılaşacağımızı da bilmirik. Buna görə də həyatı daim əməlisalehlərlə keçirmək lazımdır ki, son nəfəs -inşallah- saleh əməllər üzrə reallaşsın.

Cənabı Haqq cümləmizə, gözlərdən axan nədamət şəbnəmləri ilə rəhmət iqlimlərinə çatmağı və "ölmədən əvvəl ölün" sirrinə çataraq həqiqət aləmində oyanmağı nəsib etsin... Amin!.. 


Osman Nuri Topbaş
Bu yazıya 1076 dəfə baxılıb.