Vaxtımıza Dəyər Verək


Xədicə Şahin
Bu yazıya 915 dəfə baxılıb.

Loğman Həkimlə bağlı bir hədisdə deyilir: Loğman Həkim vəfat etməzdən əvvəl ailəsinə bir sandıq qoyub belə vəsiyyət edir: “Mən öləndən sonra bu sandığı açmadan satışa çıxardın, ondan qazandığınız pullar sizin olsun”. Loğman Həkim vəfat etdikdən sonra ailəsi onun dediyi kimi bu sandığı satır. Sandığı alan şəxs isə həyəcanla, “görəsən sandıqda nə var?“ – deyə düşünərək sandığı açır və belə yazılmış bir  yazı ilə rastlaşır:

“Ayağını isti gey, başını sərin;

Özünə bir iş tap, düşünmə dərin...”

Bu sağlam qalmağın dörd qaydasıdır. Loğman Həkimin nəsihətinin birinci bölümündə bədən sağlığına diqqət verilərkən, ikinci bölümündə ruhən sağlam qala bilməyin düsturu verilmişdir. Ruhən sağlam qalmağın ən önəmli yolu özünü məşğul edərək mənfiliklərdən uzaq qala bilməkdir.

Gözəl bir söz vardır: “Dəyirman daşı boş qaldığında özünü üyütməyə başlayar”. Boş qalan insanın beyni də dəyirman daşı kimi keçmişə ilişib qalanda özünü yeyib, bitirməyə başlayır. Yaşı kamala çatmış yaşlı bir xanım: “Gəncliyimdə beş balaca uşağın qayğısını çəkirdim və çox yorulduğum üçün yoldaşımdan sobanı yandırmağa kömək etməsini istədiyim zaman yoldaşım: “Sobanı sən yandır mənim işim var” deyərək xanımına baxmadan evdən çıxıb. İllər sonra bu xanım bekar olduğu zamanlarda keçmişə nəzər salaraq, bu hadisəni tez-tez xatırlayır “yoldaşım mənə nə üçün kömək etmədi” deyərək ağlayırdı. Çörçil insanın keçmişə nəzər etməsinin özünə zərəri olacağını bu sözlərlə ifadə edir: “Keçmişdəki mübahisələri çox da sevmirəm, çünki vaxtımı bu cür mübahisələrlə keçirəcək olsam, rahatlığımı itirərəm”.

       Allah Təala ayəyi-kərimədə: (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!) (İnşirah surəsi, 7) - buyuraraq insanın daima bir işlə məşğul olmağını istəyir. Gözəl şeylərlə məşğul olmaq qulu günahdan da çəkindirir.

Tanıdığım bir gəlin və qayınana var idi. Bunlar kiçik çətinlikləri belə problemə çevirir və mübahisə edirdilər. İllərlə mübahisə edərək evin hüzurunu və bərəkətini də qaçırırdılar. Bu mübahisələr təkcə özlərini deyil, evdəkiləri də bezdirmişdi. Boş qalanda gözəl söhbət etdikləri yerdə birdən söz davasına başlayırdılar. Sonralar evlərinin yaxınlığında olan məsciddə Qurani-Kərimi oxumağı öyrədirdilər. Gəlin və qayınana birlikdə Qurani-Kərim öyrənmək üçün məscidə getməyə başladıqdan sonra evdəki problemlər xeyli azaldı. Çünki, artıq boş qalan bütün vaxtlarını Qurani-Kərim öyrənməyə ayırırdılar. Bir müddət sonra evdəkilərin diqqətini bir şey cəlb etmişdi. Qurani-Kərimlə məşğul olan gəlin və qayınananın artıq mübahisə etməyə vaxtları qalmadığı üçün evə dinclik gəlmiş, bütün evdəkilər də illərdir axtardıqları xoşbəxtliyə qovuşmuşdular.

Peyğəmbər (s.ə.s.): “Boş işləri tərk etmək müsəlmanın İslamiyyətinə (dini həyatına) aid gözəlliklərdəndir” (Tirmizi, Zühd, 11) - buyurur. İnsan boş işləri tərk edərək dini həyatına gözəllik qatmaqla birlikdə, dincliyə qovuşaraq ruhən rahatlayır. Ruhən rahat olan kimsənin həm ibadət həyatı, həm də günlük həyatı dinc olar. Özü dinc olan insan ailəsinə, yaxınlarına da dinclik verər.

Araşdırmalar nəticəsində Türkiyədə insanların televizor qarşısında keçirdikləri vaxtın orta hesabla altı saat olduğu məlum olmuşdur. Orta hesabla altı saatını televizor qarşısında keçirən insanlardan soruşsanız, heç boş vaxtlarının olmadığını deyəcəklər. Ekranlarda, internetdə boğulan insanlar bu işi məşğuliyyət olaraq qəbul edirlər. Əlindəki telefon vasitəsi ilə yüzlərlə insana hədislər, insanın mərhəmətini coşduracaq sözlər göndərmək üçün vaxtlarını sərf edənlər, özlərinə möhtac qapı qonşularından xəbərsizdirlər. Boş şeylərlə məşğuliyyət insanın həm gözünü, həm ürəyini pərdələdiyi üçün insan, ac qonşusunun, gözü yaşlı yetimin səsini belə eşitmir. Ondan soruşduğunuzda isə heç boş vaxtı yoxdur və internetdən bütün insanlığa islamı təbliğ edərək xidmətin ən böyüyünü etdiyini hesab edir.

“İsrafın ən çirkini vaxt israfıdır”. İsraf edilən şeylərin çoxuna yenidən qovuşmaq olar. Vaxta qovuşmaq isə mümkün deyildir. Peyğəmbər (s.ə.s.) də insanın vaxtdan istifadəsinin qəflətini bu hədislə bildirmişdir: “İki nemət vardır ki, insanların çoxu bu nemətin istifadəsində yanılmışlar: Səhhət və boş vaxt” (Buxari). Ağıllı insan vaxtını boş seylərlə öldürməyən insandır. İmam Şarani: ”Sadə bir insan zamanı necə bitirəcəyini, ağıllı bir insan isə zamandan necə istifadə edəcəyini fikirləşər”.

Adlarını tarixə yazdıran şəxslərə baxdığımızda demək olar ki, hamısı vaxtlarını dəyərləndirməyi bilmişlər, boş işlərlə məşğul olanlar isə vaxtın olmamasından şikayət etmişlər. Belə bir söz vardır: “Zaman pula bənzər, lazımsız yerlərə xərclənmədiyində daima sənə kifayət edər”. Əlimizdəki zaman sərmayəsini bitirmədən dəyərləndirə bilmək duasıyla…


Xədicə Şahin
Bu yazıya 915 dəfə baxılıb.