Varikoz Xəstəliyi


Vüqarə Məmmədova
Bu yazıya 1241 dəfə baxılıb.

Qan damarları öz funksiyalarına görə arteriya və venalara bölünürlər. Arteriyalar ürəkdən aldıqları, oksigen və qida maddələri ilə zəngin olan “yüngül” al-qırmızı arterial qanı, orqan və toxumalara daşıyır.

Tərkibindəki qida maddələri və oksigeni toxumalara verərək, maddələr mübadiləsi qalıqlarını və karbon qazını onlardan alaraq “ağır”, tünd qırmızı rəngə çevrilən venoz qanı isə venalar vasitəsi ilə geriyə-ürəyə qaytarır.

Bu zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalır. Çünki onlar ürəyə doğru istiqamətləndirdikləri qanı, ağırlıq qüvvəsinin əksi istiqamətində hərəkət etdirməli olur. Məhz bu gərginliyin nəticəsində, aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər dartılmış olur, bəzi yerlərdə venoz düyünlər (latın dilində “varix”) əmələ gəlir. Beləliklə də, venaların varikoz xəstəliyi yaranmış olur. Əlbəttə ki, varikoz xəstəliyi heç də hamıda inkişaf etmir. Onun yaranmasına bir sıra faktorlar səbəb olur:

- İrsiyyət

Bu varikoz xəstəliyinin inkişafının əsas risk faktorlarından biri hesab olunur. Buna görə də əgər sizin yaxın qohumlarınız arasında varikoz xəstəliyindən əziyyət çəkənlər çoxdursa, siz, bu xəstəliyin profilaktikasına mütləq riayət etməli, onun ilkin əlamətləri baş verən kimi tez bir zamanda həkim-fleboloqa (venalar üzrə mütəxəssis) müraciət etməlisiniz.

- Qadın cinsinə mənsub olmaq

Varikoz xəstəliyi əsasən “qadınların” xəstəliyidir. Statistik məlumatlara əsasən bu xəstəlik qadınlarda kişilərə nisbən 3-4 dəfə artıq təsadüf edilir.

- Hamiləlik və doğuş

Hamiləlik vaxtı qadınların 50%-də varikoz xəstəliyinin ilk əlamətləri meydana çıxır. Hormonal fonda olan dəyişikliklər venaların tonusunun azalmasına səbəb olur. Ölçüsü artan uşaqlıq isə çanaq venalarını sıxdığı üçün aşağı ətraf venalarında təzyiqin artmasına səbəb olur. Doğuş zamanı qarın boşluğunda təzyiq xeyli artdığı üçün venalar daha çox gərginliyə məruz qalaraq güclü şəkildə genişlənir.

Ağır fiziki iş

- Ağırlıq qaldırılması ilə əlaqədar olan işlər də əksər hallarda varikoz xəstəliyinin inkişaf etməsinə səbəb olur. Ağır fiziki işlə məşğul olanlarda və trenajor zallarında ağır fiziki hərəkətlər etməyə adət edənlərdə bu xəstəliyin baş vermə ehtimalı eyni dərəcədə olur.

- Uzun müddət ərzində ayaq üstə işləyənlər

 Əgər sizin işiniz gün ərzində xeyli müddət ayaq üstə olmaqdırsa, sizdə varikoz xəstəliyinin “qazanılması” riski də xeyli yüksək olur. Ayaq üstə və oturaq vəziyyətdə olarkən aşağı ətraf venaları böyük gərginliyə məruz qalır.

- Hormonal dərmanların qəbul edilməsi

Bu risk faktoru da qadınlara aiddir. Çünki bu zaman söhbət qadın hormonlarına (estrogenlər və hestagenlər) aid olan preparatların qəbul edilməsindən gedir.

Əlbəttə ki, sadalanan faktorlardan ancaq birinin olması heç də sizdə varikoz venaların olacağı demək deyil. Ancaq istənilən halda varikozun profilaktikasını aparmaqdan imtina etmək lazım deyil. Ayaqlarınzda ağırlıq, ağrı, xoşagəlməz hissiyyatlar, damar torları kimi ilkin əlamətlər baş verdiyi halda, tez bir zamanda mütləq həkim-flebolaqa müraciət edin! Xəstəliyin profilaktikası və müalicəsi nə qədər tez başlansa, onun effektivliyi də bir o qədər artıq olar.

Venalarda problem olduğunu necə bilmək olar?

Varikoz xəstəliyinin görünən əsas xarici əlaməti – ayaqlarda göy və ya qırmızı çalarlığı olan “tor şəkilli”, “ulduz şəkilli”, “hörümçək toru” formasında olan damar şəkillərinin olmasıdır. Ulduz şəkilli bu torlar ancaq kosmetik narahatlıq yaratmır. Xəstəlik 50% hallarda bu əlamətlə yanaşı, ayaqlarda ağırlıq hissiyyatı, şişkinlik, yorğunluq və keyləşmə, axşam saatlarında baldır əzələlərində qıcolmalar və sair əlamətlərlə də müşayiət olunur.

Bu əlamətlərin olması, aşağı ətraflarda inkişaf etməkdə olan (və ya artıq mövcud olan) venoz çatmazlığın əlamətləridir. Ona görə də sizin fikrinizcə, ayaqlarınızda venaların genişlənməsinin hətta cüzi əlamətləri olduqda belə, həkim-flebolaqa müraciət etmək vacibdir. Aparılan baxış və ultrasəs müayinəsindən sonra həkim, varikoz xəstəliyinin mərhələsini müəyyən etdikdən sonra, sizə lazım olan müalicəni də təyin edəcəkdir.

 Varikoz xəstəliyi olanlar aşağıdakılara diqqət etməlidirlər:

* Uzun müddət ayaq üstə dayanmaqdan ya da oturmaqdan çəkinin.

* Ayaqlarınıza  dizə doğru soyuq duş tətbiq edin.

* İstirahət edərkən ayaqlarınızı  yuxarıya qaldırın.

* Ayaq əzələlərinizi çalışdıracaq şəkildə nizamlı məşq edin.

* İsti yerlərdə uzun müddət qalmayın. Ayağınızı günəş şüalarından qoruyun.

* Həkiminizə müraciət edərək sizə uyğun elastik sarğı və ya varis corabı istifadə edin.

* Kilonuza diqqət edin.

* Dərman müalicəsi şikayətlərin azalmasını təmin edir. Həkiminizə müraciət edərək istifadə edin.

* Qan dövranını rahatlaşdırmaq üçün boş paltarlar geyinin. Dikdaban ayaqqabı geyməyin. Corablarınızın rezininin ayaqlarınızı sıxmamasına diqqət edin.


Vüqarə Məmmədova
Bu yazıya 1241 dəfə baxılıb.