Bu ayda Rəbbinizdən dörd şeyi istəyin!


Samirə Mahmudova
Bu yazıya 941 dəfə baxılıb.

Böyük bir səbir və təslimiyyət, infaq və fəzilət sayılan ayların sultanı, on bir ayın günahlarından təmizlənməsı üçün qeyd olunan ay – Ramazan ayı gəlir. Gəlişi böyük bir sevinc və hüzur gətirən, gedişi isə hüzn və kədər verən Ramazan...

Bu ayda səma qapıları günahkar bəndələrinin üzərinə açılır, günahlarından tövbə edən, ilahi rəhmət və bərəkətə nail olmaq istəyən hər qulunu Allah Təala bu ay hörmətinə qəbul edir. İlahi feyz və rəhmətin bol-bol yağdığı bu ay, möminlər üçün səbir və təslimiyyət olduğu qədər, həm də Allah Təalanın qatında paklanma və arınmanın da bir təzahürüdür.

Bağavidən rəvayət olunduğuna görə Ramazan kəlmə olaraq “Remza” kökündən törəmiş bir isimdir və “qızğın daş” mənasına gəlir. Ərəblər şiddətli istilərdə oruc tutardılar. Aylara ad verdikləri zaman oruc şiddətli aya rastladığı üçün “Ramazan” adı verilmişdir. Bir başqa görüşə görə isə, yandırıcı mənasına gələn Ramazan bu ayın gunahlarını əritməyə vəsilə olması yönündən oruc ayına verilən bir addır.

Ramazan orucu hicrətin II ilində fərz qılınmışdır. İslamın şərtlərindən üçüncusu olub inkar edən kafir sayılır. Ramazan ayının digər ümmətlərə də fərz qılınması haqqında dəlil, Bəqərə surəsinin 183-cü ayəsindədir:

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

Said İbn Cubeyr (r.a.) deyir ki, “Bizdən əvvəlki ümmətlərin orucu, yatsıdan bir sonrakı günün axşamına qədər davam edərdi. İslamın ilk günlərində olduğu kimi”.

Ramazan ayı səbir ayıdır. Səbir imanın yarısı olduğuna görə səbrin mükafatı cənnətdir. Ramazan yardımlaşma və infaq ayıdır. Möminin ruzisinin artdığı, ehtiyac sahibi insanların üzlərinin güldüyü, sədəqələrin bol-bol paylandığı ay...

Sədəqələr Allah Təalanın qəzəbini söndürər. Kim bir orucluya bu ayda iftar verərsə, bir kölə azad etmiş kimi savab qazanar və günahları bağışlanar. Salman Farisi (r.a.) buyurur ki: “Bu sözü deyərkən Rəsulullaha (s.ə.s.): “Ya Rəsulullah! Hamımızın oruclunu iftar etdirməyə gücü çatmır”- dedik. Peyğəmbərimiz (s.ə.s.) sözlərinə belə davam etdi:

“Allah Təala o savabı, oruclunu bir udum süd, bir içim su və bir xurma ilə iftar etdirənə də verər. Kim oruclunun qarnını doyurarsa, bu onun günahlarının bağışlanmasına səbəb olar. Allah ona mənim Kövsər hovuzumdan bir kərə içirər və o artıq heç vaxt susamaz. Həmçinin, oruclunun mükafatından heç bir şey əskilmədən iftar etdirənə yazılar”.

Rəsulullah (s.ə.s.) bir başqa hədisində bu ayın fəzilətinə diqqət çəkərək belə buyurmuşdur: “Bu ay içində dörd şeyi çox edin: İkisi ilə Rəbbinizin razılığını qazanarsınız. Digər ikisi də sizin qaçırmamanız vacib olan əməllərdəndir. Rəbbinizin razılığını qazandıran iki şey: Allahdan başqa ilah olmadığına şəhadət etmək və ona istiğfar etməkdir. Sizin üçün vacib olan digər iki şey isə Rəbbinizdən cənnət istəməniz və sizi cəhənnəmdən qorumasını diləmənizdir” (İbn Hüzeymə, Sahih 1887).

Oruc tutmaq insanı Allah Təalaya yaxınlaşdırdığı kimi, içində baş qaldıran hər cür mənfi xislətlərdən də təmizləyər, insanı yaradılış qayəsi olan əhsəni-təqvimə çatdırar. Oruc irqindən, milli mənsubiyyətindən asılı olmayaraq dünyanın hər yerində din qardaşı sayılan müsəlmanların birliyi, yardımlaşması və sevincinin açıq bir təzahürüdür. Bundan başqa orucun tibbi yöndən insan sağlığı üzərində inanılmaz dərəcədə faydalarının olduğunu tibb elmi və bu sahədə çalışan mütəxəssislər də qəbul etmişlər. Alman Professoru Cehardet oruc tutan insanların maddi meyillərinin əsiri olmadıqlarını, nəfsinin istəklərini ram etmədə, ruhun cəsədə hakimiyyətini təmin edəcək ən təsirli yol olduğunu ifadə etmişdir. Dr. Hankin və Ravling də Asiya və bəzi Afrika ölkələrində yaşayan insanların oruc tutmaları və kalorisi aşağı olan qidalarla qidalanmaları nəticəsində, bu ölkələrdə xərçəng xəstəliyinin dərəcəsinin aşağı olduğunu vurğulamışdır. Burada Allah Təala “Əgər bilsəniz Oruc tutmaq sizin üçün necə də xeyirlidir” (Bəqərə 184) ifadəsini vurğulamaqla bizim bu ilahi hikmətə diqqət yetirməyimizi istəmişdir.


Samirə Mahmudova
Bu yazıya 941 dəfə baxılıb.