Tut


Kəmalə Hüseynova
Bu yazıya 1053 dəfə baxılıb.

Qədim zamanlardan tut ağacına hörmətlə yanaşılıb və ailələr məhz onun altında əyləşiblər. Amma bunun səbəblərindən biri də ağacdan gələn faydadır: insanları qızmar gün şüalarından böyük qol-budağa malik tut ağacından yaxşı nə qoruya bilər? Bu ağacın ömrü də uzundur - o, bir neçə əsr yaşaya, bir neçə nəsli öz kölgəsi altına toplayıb böyüdə bilər. Tutun vətəni Çin hesab olunur. Ondan yalnız meyvəçilik deyil, ipəkçilik məqsədilə də istifadə edilib. İpəyin hazırlanmasında tut baramasından istifadə olunub.

Bu ağacın odunu da çox qiymətlidir. Tut ağacı nə qədər yaşlı olarsa, onun odunu o qədər də qiymətli sayılır. Onun ağırlığından, çalarlarından və parıltısından mebellərin, məişət və bəzək əşyalarının hazırlanmasında istifadə olunur. Qara tutun meyvəsi isə təbii boyaların hazırlanmasında istifadə edilir.

Tut meyvəsinin Azərbaycanda 3 növü yetişir; ağ, qara, qırmızı. Tut meyvələrinin yetişməsi may – iyun aylarına təsadüf edir.
            Ağ tutun yarpaqlarında üzvi turşular, C, vitamini, aşılayıcı maddələr, meyvələrində isə şəkər, üzvi maddələr, C, B vitamini, karotin, müxtəlif amin turşuları vardır.
            Xalq təbabətində tut yarpaqlarının dəmləməsini, təzə meyvələrini, meyvələrinin şirəsini (bəkməz, doşab) ürək-damar xəstəliklərində, qanazlığı, skarlatina, xəstəlikləri zamanı işlədirlər. Eləcə də tut meyvələrini mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri zamanı qəbul etmək məsləhət görülür. Angina zamanı tut meyvəsinin şirəsi ilə qarqara etmək fayda verir. Revmatizmli xəstələrə ağ tut meyvələri ilə vanna etmək məsləhət görülür. Bunun üçün meyvələr üzərinə su tökülür, qıcqırma üçün bir qədər saxlanılır, sonra vanna edilir.
            Şərq təbibləri qeyd edirlər ki, şirin tut sidikqovucu, qanyaradıcı təsir edir, cinsi fəallığı artırır, ağciyərlər üçün faydalıdır, bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Tut ödqovucudur, qaraciyərin vəziyyətinə müsbət təsir edir, insanı kökəldir. Çox yedikdə isə köp verir. Xalq təbabətində ağ tutun qurudulmuş və xırdalanmış yarpaqlarından 1 xörək qaşığı bir stəkan qaynar suda dəmləyib ürək ağrılarında içirlər. Ağ tut meyvələri ürək zəifliyində, qan azlığında çox xeyirlidir. Meyvəsindən hazırlanan bəkməz və ya doşab, mürəbbə ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyində son dərəcə faydalıdır. Xalq təbabətində tut ağacının qol - budaqlarının qabıqlarından qurudub toz halına salandan sonra 1 - 2 çay qaşığı 1 stəkan qaynar suda dəmləyib, qarın ağrılarında və eləcə də qurdqovucu dərman kimi qəbul edirlər. Tut ağacı meyvələri can sağlığı mühafizəsində də çox xeyirlidir.
            Turş tut isə büzücü, qızdırma zamanı sərinləşdirici təsir göstərir. Qurudulmuş meyvələrini isə bağırsaq xorası və kəskin ishal zamanı işlədirlər.
Əqrəb sancması zamanı tutun şirəsi köməyə çatır. Tibetdə isə ağ və qara tutu qurd əleyhinə vasitə kimi işlədirlər. Meyvələrin və ağacın maye ekstraktı sümük toxumasının və qadın xəstəliklərinin müalicəsində istifadə olunur. Çin həkimləri isə ağ tut ağacının qabıqlarını diabet xəstəliyində işlətməyi tövsiyə edirlər.
            Qara tut meyvələri həzmə kömək edir, mədəni bərkidir, qanazlığı, zəiflik, dizenteriya, şəkərli diabet zamanı işlədilir. Səhər acqarına yemək yüngül işlədici təsir göstərir, ağacın köklərinin və gövdəsinin qabığı dəmləmə şəklində sidikqovucu kimi hipertoniya zamanı işlədilir.
            Tut köklərinin qabığının dəmləməsi qurdəleyhinə vasitə kimi istifadə olunur. Ağ tut ağacının yarpaqları və qabığı soyuqdəymədə, epilepsiyada dəmləmə, qoturluqda məlhəm şəklində istifadə olunur.
            Aparılmış tədqiqatlar göstərir ki, tut yarpaqlarının ekstraktı arterial təzyiqi endirir, ağrını götürür, sinir sistemini sakitləşdirir, öskürək əleyhinə təsir göstərir. Vetnamda tut yarpaqlarından «famidol» adlı biogen stimulyator hazırlayırlar, revmatizm, dəri vərəmi, ekzema zamanı işlədirlər. Yaponiyada isə tut çiçəklərindən üzdə olan ləkələri və çilləri aradan qaldırmaq üçün kosmetik krem hazırlanır.

AĞ  TUTDAN  BƏKMƏZ

Yetişmiş meyvə suyunu buraxanadək bişirilir. Sonra meyvənin suyu sıxılır və süzülür. Təmiz şirə zəif alov üzərində lazımi qatılığa gələnədək qaynadılır (bu zaman şirənin rəngi qaralmalıdır). Bəkməzin tam hazır olduğunu isə onu qaşıqla boşqab üzərinə damızdırmaqla yoxlamaq olar, əgər bəkməz sap kimi süzülərək boşqaba damcılayırsa, deməli, artıq hazırdır.

Ağ tut mürəbbəsi

Tərkibi:

Ağ tut – 1 kq.

Şəkər tozu – 1,3 kq.

Su – 2 st.

Hazırlanması:

Ağ tutun bir az bərkləri seçilir, yuyulur, suyu süzülür. 1 kq. tut üçün 1.3 kq. şəkər tozu, 2 stəkan su götürülməklə şərbət hazırlanır. Tutun üzərinə şərbəti əlavə edib, vam odda 5 dəqiqə qaynatdıqdan sonra soyudun. 1 saat sonra yenidən 7-8 dəqiqə qaynadılır. Yenə kənara çəkilir. 2 saatdan sonra üçüncü dəfə hazır olana kimi bişirilir. Hazır olana yaxın limon turşusu əlavə edin. Bu mürəbbəni çox qaynatmaq olmaz, fasilələrə diqqət yetirin ki, tutun rəngi və forması çox dəyişməsin. Nuş olsun!
            Göründüyü kimi, bu meyvənin faydalı xüsusiyyətləri bitib-tükənmir. Ümid edirəm ki, bağların bəzəyi, illərin yadigarı tut ağaclarına biganə münasibət get-gedə dəyişəcək, tutun keçmiş zamanlardakı kimi geniş tətbiqi haqqında məlumatlər gələcək nəsillərə ötürüləcək və insanlara uzun zaman xidmət edən bu meyvə ağacları, təbiətin bizə bəxş etdiyi ən dəyərli nemətlərdən biri kimi qorunacaqdır.

 


Kəmalə Hüseynova
Bu yazıya 1053 dəfə baxılıb.