Qəlb İstiqamətdən Ayrılmasın!


Osman Nuri Topbaş
Bu yazıya 827 dəfə baxılıb.

 

Əbu Hüreyrə, Rəsulullahın (s.ə.s.) əshabı kirama bir dəfə belə buyurduğunu

nəql edir: "Elm məclisində oturub hikmətli sözləri dinləyən, sonra da yanında olduğu alimdən, eşitdiklərindən yalnız şər yönlərini (yəni yanılma, unutma və ya dil

dolaşması nəticəsində sərf edilən sözləri) nəql edən birinin halı buna bənzəyir:

Bir kişi çobanın yanına gələrək: «Ey çoban, mənə süründən bir qoyun ver!» - deyir.

Çoban da: «Get, ən yaxşısının qulağından tut gətir!» deyir. O kişi gedib, böyük sürünün içindən (qoyunları güdən) köpəyin qulağından tutub gətirir" (İbn Macə, Zühd, 15; Əhməd, II, 353, 405, 508; Bəyhaki, Suab, II, 268; Həysəmi, I, 128).

 

*

Cənabı Haqq, kainatı, Qurani-Kərimi və insanı müəyyən bir elm, mədəniyyət, sirr və hikmətlərlə xəlq etmişdir. Çünki Qurani-Kərim, sözlü bir dünya, kainat isə sözsüz bir Qurandır. İnsan isə bu iki təcəllinin özü və toxumu nisbətindədir. Lakin bunlardakı elm və hikməti görə bilmək üçün, qəlb saflıq qazanmalıdır. Əks halda qəflət yumağı olmuş bir könül, insana baxdığı zaman bədəni görər, ruhu görməz; kainata nəzər saldıqda isə sənəti görər, Sənətkarı görməz, Qurani Kərimə baxdıqda isə "yalnız ölülərə oxunan bir cənazə kitabı" görər, sonsuz bir elm və hikmət dəryası olduğunu görməz.

Yəni qəlbin kompası xarab olarsa, göz baxar, yanlış görər; dil söyləyər, səhv edər, qulaq eşidər, doğru duymaz. Belə ki, möminlər üçün şəfa və rəhmət olan Qurani-Kərimin zalımların hüsranını artırması da bu hikmətə bağlıdır. Çünki zalımların qəlb kompasları xarabdır. Ürək pəncərələrini qəflət daşları ilə bağladıqlarına görə, könül xanələri qaranlıq bir zindana çevrilmişdir. Ayəyi-kərimədə də belə buyurulur:

"Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik” (əl-İsra, 45).

Qurani-Kərim isə ancaq "təqva" üzrə olan, yəni Allahın söhbət və razılığından məhrum qalma qorxusu ilə titrəyən həssas bir qəlbə hidayət, şəfa və rəhmət mənbəyidir.

Məsələn, Həzrət Əbu Bəkir də (r.a.), bədbəxt Əbu Cəhl də Rəsulullahı (s.ə.s.) gördü. Lakin Əbu Bəkir (r.a.) bu görüşdən -nəbəvi təbiri ilə- "üçüncüləri Allah olan ikinin ikincisi" olma ləyaqətini qazanarkən; Əbu Cəhl isə "cəhalətin atası" adı ilə Cəhənnəm yolçusu oldu. Çünki həqiqəti göz deyil, ürək görər! Göz ürəyə yalnız nəql edər. Qəlbin Kompası Çaşmasın!...

 

Cənabı Haqqın insan tərbiyəçiləri olaraq peyğəmbərlər göndərməsi də, könül nizamları pozulmuş cəmiyyətlərin yenidən istiqamətini düzəltmək məqsədi güdür. Çünki nizamı pozulan bir qəlbin, yuxarıda qeyd etdiyimiz hadisədə olduğu kimi nəyin yaxşı, nəyin pis və ya nəyin xeyir nəyin şər olduğunu ayırd etmə qabiliyyəti itmişdir. Bu qabiliyyəti təkrar qazana bilmək, ancaq Peyğəmbərlər Sultanının ibadət, yaşamı və əxlaqı baxımdan izindən gedə bilməyə bağlıdır. Çünki qəlblər ancaq Rəsuli-Əkrəmin halı ilə həmhal olub əxlaqı ilə əxlaqlandıqca gerçək nizamını tapar, məqbul keyfiyyətə nail olar. Könüllərin, Onun rəhbərliyi olmadan səadət tapması, xeyr və şəri ayırd etməsi, Cənabı Haqqa yaxınlaşması mümkün deyildir. Bunun üçün də qulun, ürəyini eqoist arzuların əsarətindən qurtararaq nəbəvi təlimatlar işığında "təqva həyatı" yaşaması zəruridir.

Qəlbin kompası pozulan bir insan, cahiliyyə həyatı yaşayır deməkdir. Çünki görüşü bəsirətsiz, sözü hikmətsizdir. Bu kainatı qəflətlə seyr edir. İstiqbal qonağının qəbir və axirət olduğunu ağlının ucundan belə keçirməz. Qafil insan son nəfəsdə qəflət yuxusundan oyanar. Lakin o andakı peşmanlığın artıq heç bir faydası olmaz.

Cənabı Haqq da qulunun son nəfəsdən əvvəl oyanmasını arzu edir. Bu səbəblə məqsədimiz, qəlb həyatımızı təkamül etdirmək və mərifətullahdan nəsib ala bilmək olmalıdır. Çünki mərifətullahdan üstün bir ləzzət yoxdur. Həzrət Malik ibn Dinar bir gün tələbələri ilə oturarkən belə buyurur: "Əhli dünya, dadların ən gözəlini dada

bilmədən köçüb getmişdir". Tələbələri; "Müəllim, dünyadakı dadların ən gözəli hansıdır?"- deyə soruşduqda da belə cavablandırır: "Mərifətullah, yəni Haqqı könüldə tanıya bilməkdir".

Bir başqa söhbətində, mərifətullah haqqında belə buyurur: "Köpəyin önünə qızıl və gümüş qoyulsa, qiymətini bilmədiyi üçün onlara iltifat etməz. Amma sümük atılınca dərhal o tərəfə qaçar. Haqdan qafil olan kişilər də belədir. Mərifətullahın dadını bilmədikləri üçün ona rəğbət etməzlər. (Dünyaya dalıb xərcləyərlər)".

Allah dostlarından İbrahim ibn Ədhəm Həzrətləri də belə buyurur: "İlahi söhbətdə duyduğumuz ləzzət, hüzur, vəcd və istiğrakımız (vəcdə dalmaq, dünya işlərini unutmaq) konkret bir şey olsaydı; krallar onu ala bilmək üçün bütün xəzinələrini də krallıqlarını da fəda edərdilər".

Həzrət Əli (r.a.): "Mənə bir hərf öyrədənin qırx il köləsi olaram", buyurması da; "Mənə mərifətullah yolunda bir qətrə məlumat öyrədənin, qırx il köləsi olaram!" mənasına gəlir.

Nəhayət, insanın könül kompasını düzəltmək üçün, Peyğəmbərimizi (s.ə.s.) daha yaxından tanımağa ehtiyacı vardır. Çünki mükərrəm olaraq yaradılan insan, ancaq bu surətlə mükərrəmlik xüsusiyyətini qoruya bilər. Və nəticədə, Cənab Haqqın razılığına nail ola bilər. Məsələn, Həzrət Mövlanə, zahiri elmdə bir dərya ikən yaşadığı halını "xam idim", hikmət və sirlərə vəqf oldugu zamanları "bişdim", kainat kitabının səhifələrini çevirərək yetişdiyi mərifətullah mərhələsinə də "yandım" deyə ifadə etmişdi.

Aləmlərə Rəhmət olan Peyğəmbərimizi yaxından tanıdıqca, Onun sonsuz gözəlliyi qarşısında:

"Bu can bu bədəndə olduqca Qurana qulam, köləyəm; Məhəmməd Muxtarın yolunun torpağıyam..." buyurmuşdur.

Cənabı Haqq bizlərə də, Peyğəmbərimizin könül mənbəsindən layiqi ilə istifadə edə bilməyi nəsib etsin. Könül kompasımızı, bir an belə razılığından ayırmasın…

Amin!..

 

Fədailus-Səhabə, 1.

Həzrət Mövlana belə deyir:

"İnsanın öz içində, ruhunda bir mədəniyyət məhəkdaşı, bir vicdan məhəkdaşı olmalı, yaxşını, pisi özü ayırd edə bilməlidir. Qəlbinin kompası gerçək istiqaməti göstərmirsə, beləcə öz başına yolu tapa bilmirsənsə, əsla tək başına yola çıxma. Gerçək bir yol göstərici, bir mürşid axtar".

 

Qeydlər: Baxın: Əl-İsra, 82. 2, Buxari, Təfsir, 9/9; Müslim,


Osman Nuri Topbaş
Bu yazıya 827 dəfə baxılıb.