Kitab Oxumayan Qalmasın!


Mətanət Kərimova
Bu yazıya 1519 dəfə baxılıb.

Bir insanın kəlmə xəzinəsi nə qədər genişdirsə, anlayışı o qədər yüksəkdir. Bir tələbə tarixlə əlaqəli bir neçə roman oxumuşsa, tarixi mövzularda söhbətlər olduğunda mövzu ilə əlaqəli terminləri o dəqiqə qavrayacaqdır. Bu da əsla unudulmamalıdır ki, insan hansı orqanını çalışdırırsa, o orqanı inkişaf edir, qüvvətlənir. Güləşlə məşğul olanın boynu qalınlaşır, basketbol oynayanın boyu uzanır, ağır atletika ilə məşğul olanların əzələləri inkişaf edir. Kitab oxuyanın da beyni inkişaf edir.

İnkişaf edən beyin hər şeyi daha tez qavrayır. Bir Yapon pedoqoqu belə bir təcrübə edir: “Otuz tələbəyə bir ay boyunca riyaziyyat dərsi keçir. Sonda imtahan edir, tələbələrin səviyyəsi bərabər olur. Tələbələri ikiyə ayırır. Bir qrupa kitab oxudur, digər qrupa idman etdirir. Bir ay sonra bunları eyni sinifdə toplayaraq kimyadan ilk dəfə gördükləri bir mövzunu anladır. Dərs sonunda imtahan edir, kitab oxuyanların uğuru idman edənlərə nisbətən daha çox olur.

Bu təcrübənin sonunda kitab oxumağın vacibliyini bir daha başa düşürük. Hər kitab insanın dağarcığında onlarca kəlmə qoyur. Deməli, çox kitab oxuyanın müvəffəqiyyət qazanma şansı daha yüksəkdir. İdeal olan həftədə bir kitab bitirməkdir. Amma heç olmasa ayda bir kitab mütləq oxunmalıdır.

İlk başda kitab oxuyarkən darıxa bilərsiniz, özünüzü oxumaq üçün məcbur edin. Eynilə həkimin verdiyi zəhər kimi dərmanları sağlamlığımız üçün zorla içdiyimiz kimi.

Dostoyevskinin “Cinayət və Cəza” romanını oxuyan bir insanın, insan öldürdüyünü düşünə bilərsiniz? Kitablar insanı yaxşılığa, gözəlliyə doğru aparır.

Kiçik yaşdan etibarən kitab oxuyan biri: “Mən kiçik bir qəsəbədə anadan olmuşam. Qardaşımla eyni sinifdə oxuyurduq. Məktəbin ən tənbəl və yaramaz şagirdləri ikimiz idik. Anamız vəziyyətimizi öyrənmək üçün məktəbə gedir və müəllim ona bir yol göstərir. Axşam evə gələndə görürük ki, anamız televizoru anbara qoyub və bizə:

- Bundan sonra televizora ayıracağınız zamanı kitab oxuyacaqsınız. Sabah qəsəbənin kitabxanasına gedib hərəniz bir dənə kitab alıb oxuyacaqsınız. Onları mən də oxuyacağam. Həftə sonu kitabı mənə danışacaqsınız. Yoxsa samanlıqda yatarsınız.

Biz anamızın qəti qərarını görüncə, o həftədən etibarən kitabxanaya gedib hər həftə bir kitab oxuyub anamıza məzmununu danışdıq. Bəli! Tam bir il sonra məktəb birincisi qardaşım oldu, ikincisi mən oldum. Hal-hazırda da ikimiz də, Universitetdə beyin cərrahı mütəxəssisi olaraq işləyirik.

Kitab oxumaq demək, beyində passiv olan altmış milyon hüceyrəni hərəkətə keçirmək deməkdir. Nə qədər kitab oxunursa, o qədər hüceyrə çalışır. Çalışan, açılan beyin hər şeyi daha tez qavrayır. İnsan beyni, ən çox inkişaf etmiş kompüterdən daha üstündür. Əsas olan beyin kompüterindən istifadə etməkdir. Bundan istifadə etməyin birinci yolu da kitab oxumaqdır.

Edisona dahi deyirik. O, gündə 16 saat elmlə məşğul olurdu. Vəfatından sonra otağında üç milyon qaralama kağızı tapılmışdır. Hansı insan bu qədər çalışasa dahi olmaz?

Məlumatlı olmaq üçün oxumaq lazımdır. Gündə yarım saat kitab oxumağın, səni gözləmədiyin qədər irəli aparır. Unutma! Bəzi kitablar dadına baxmaq, bəziləri ağızda çeynənmək, bəzilari də udmaq üçündür. Sən udulacaq kitablar oxu. Oxuyarsansa, zəngin bilik təcrübələrinin əmrində olduğunu görəcəksən. Qarşılaşa biləcəyin hər problemin həlli kitablarda var.

Sonda yazımı Peyğəmbərimizin (s.ə.s) elmə aid olan gözəl sözləri ilə tamamlayıram “Elm Çində də olsa gedib oxuyun”. “Alimin mürəkkəbi, şəhidin qanından üstündür”. “Alimin yuxusu, cahilin ibadətindən üstündür”. “Elm yolunda ölən şəhiddir”.


Mətanət Kərimova
Bu yazıya 1519 dəfə baxılıb.