Ruhumuzun Bayramı


Xatirə Kəngərli
Bu yazıya 826 dəfə baxılıb.

Hər il Qurban bayramı gələndə eyni hissləri yaşayıram. Biz nəyi bayram edirik? Və yaxud nəyi bayram etdiyimizin fərqindəyikmi?

Dinimizin iki bayramı var. Ramazan bayramını yeni yola salmışıq. Az-çox bu bayramın həqiqətindən xəbərimiz var. Nəfsimizin üzərindəki qələbəmizi bayram etdik. O nəfs ki, insan oğlunun ən möhtəşəm və böyük qələbəsi onun üzərindəki qələbədir, bunu bayram etməyə dəyər.

Bir müddət sonra Qurban bayramını qeyd edəcəyik. Minlərlə qoyunlar (yeri gəlmişkən il boyu hər gün onlarla heyvanlar kəsilir, bayram günü kəsilənlər isə nə xoşbəxtdirlər ki, məhz o gün Allah rizası üçün kəsilirlər) kəsiləcək. Ailə üzvlərimiz, yaxınlarımız doya-doya ət yeyəcəyik. Və çoxumuz mədəmizi ətlə doldurmağı bayram hesab edəcəyik. Budurmu dinimizin ikinci ən böyük bayramı? Əsla yox!

Qurban bayramı ruhumuzun bayramıdır. O ruh ki, Rəbbimizin bizə əmanəti, biz insan oğlunun misilsiz dəyəri... Biz ruhumuzla Böyük Yaradana bağlıyıq. Amma bunun fərqində deyilik.

“İnsan ruhuna ən çox yaraşan şey təslimiyyətdir”. O şəxs necə də xoşbəxtdir ki, qəlbində Allahı tapıb və qəlbən də Ona təslim olub.

İnsan ruhunun bayramı nə vaxt olur? Rəbbinə təslim olanda. İbrahim Peyğəmbər kimi... Rəbbinin əmrinə təslim oldu. Öz övladını təslimiyyət içində Rəbbinə qurban etdi. O andaca ilahi yardım yetişdi. Bıçaq kəsmədi... Qoç gəldi...

İlahi yardım hər an yağır. Hər an Rəbbim qoçlar göndərir, amma təslim ola bilənlər yoxdur. Nələrin arxasınca qaçırıq? Bir ağızla etdiyimiz dualar qeybət, yalan, halal, haram bilmir. Qəlblərimiz nə vəziyyətdədir? Dünyanın min bir həvəs və ehtirasları ilə doludur. Təslimiyyət hara, biz hara?

Amma təslim olduğumuz hal başlayır – bayramımız. Bunun üçün təfəkkürə dalmalıyıq. Mən bu gün canımla, övladımla, malımla Allaha qurban halındayammı? Allah bunlardan birini istəsə, könül xoşluğu ilə bunlardan birindən imtina edə bilərəmmi? Bu sualın cavabı müsbətdirsə, bəli, yaşamağa və bayram etməyə dəyər.

Yol yoldaşı olduğum bir qadın söhbət əsnasında övlad sarıdan böyük bir sarsıntı keçirdiyini və hələ də özünə gələ bilmədiyini dilə gətirdi. Bir anlıq ağlımdan övlad itkisi keçdi və təfərrüatını soruşdum. Dəhşətə gəldim. Sən demə övladı 700-600 bal əvəzinə, 400 bal toplayıb, bunun üçün böyük sarsıntı bu imiş... Ya Rəbbim, bizləri bağışla!

Bu gün biz Rəbbimizə görə nələrdən keçməyə hazır, nələri qurban verə biləcək qəlbi səviyyədəyik? Qəlbi səviyyəmiz imkan verirmi ki, Qurban vermək bir yana, heç olmasa halalı halal, haramı haram bilib, şübhəlilərdən çəkinib normal bir qulluq həyatı yaşayaq. Təəssüf ki, buna da həsrətik. Ətrafımızda ən yaxınlarımıza İslamın gözəlliklərindən danışanda, inadla belə deyirlər: “Sənin dediyin oruc tutanlar, namaz qılanlar onu edir, bunu edir, bizə nağıl

danışma”. Yəni bu gün cəmiyyətimizdə nümunəvi İslam xarakteri yoxdur. Bütün bunlara baxmayaraq, yazımı nikbin notlarla bitirmək istəyirəm.

“Qaranlığı lənətləməkdənsə, özün qalx bir şam yandır”. Hardansa oxuduğum və yaddaşımda özünə möhkəm yer edən bu aforizm hər birimizin həyat düsturu olmalıdır. Bir-birimizin yalnışını düzəldək, haqqı və səbri tövsiyə edək. Hər bizimiz qəlbimizdəki iman şamının sönməsinə yox, daha da şölələnməsinə çalışaq. Rəbbimizin bərəkəti ilə bu şam bəlkə də milyonlarla şamın yanmasına səbəb olar. Yetər ki, biz qəlbən istiqamət əhli olub, bunu Allahımızdan qəlbən istəyək. Belə istəklər və təslimiyyət dolu həyatımızın hər anı bayram olar inşallah.

İbrahim Peyğəmbər kimi, Rəbbimizdən gələn hər şeyi böyük bir təslimiyyət içərisində qəbul edib yaşayan qullarından olmaq arzusu ilə Qurban Bayramınız mübarək!


Xatirə Kəngərli
Bu yazıya 826 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.