Xədicə Anamızın əxlaqı və fəzilətləri


Nəzrin Hüseynova
Bu yazıya 944 dəfə baxılıb.

Həzrəti Xədicənin həyatı, Allahın rizası, ailəsinin hüzüru, dünya və axirət səadətinin qazanılması xüsusunda müsəlman ailələr üçün çox önəmli bir nümunə təşkil edir. Onun həyat tərzi və fədakarlığı, xatirəsini ölümsüzləşdirdi. Çünki Həzrəti Xədicə (r.a.) müsəlmanlar arasında çox sevildi. Ərəb olan və ya olmayan, hər məzhəbdən bir çox müsəlman ailə, qız uşaqlarına onun adını verərək sevgilərini göstərdilər.

Peyğəmbərimiz ömrü boyunca sevimli həyat yoldaşını heç unutmadı. Xatirələrinə daima dəyər verdi.

Bədir döyüşü zamanı qızları Zeynəbin həyat yoldaşı Əbul As, müsəlmanlara əsir düşmüşdü. Zeynəb həyat yoldaşını əsarətdən qurtarmaq məqsədilə, evləndiyi zaman anası Həzrəti Xədicə tərəfindən ona hədiyyə edilən boyunbağını göndərdi. Hz Xədicənin hədiyyəsini görəndə çox təsirlənən Peyğəmbərimiz, əshabından boyunbağını Zeynəbə göndərmələrini xahiş etdi.

Məhəmməd Qazali belə deyir:

“Həzrəti Xədicə böyük bir adamın həyatını tamamlayan, dəyərli bir qadındır. Ümumiyyətlə, elçilik vəzifəsi verilənlər, olduqca həssas qəlb daşıyırlar. Dəyişdirmək istədikləri mühitdə çox böyük çətinliklərlə qarşılaşırlar. Beləliklə, şəxsi münasibətlərində ünsiyyət qura biləcəkləri və könül rahatlığı verəcək birilərinə çox ehtiyac duyurlar. Və Həzrəti Xədicə bu xüsusiyətləri ilə hər kəsdən öndə idi. Beləliklə, Həzrəti Peyğəmbərin həyatına onun gözəl bir təsiri olmuşdur”.

Əlbəttə, bu sədaqətli dəstəyi qarşılıqsız qalmayacaqdı; o hələ sağlığında ikən cənnətlə və Allahın rizası ilə müjdələnmiş az sayda insandan biri olmuşdu.

Bir gün Peyğəmbərimiz ibadət üçün səssiz bir yerə çəkilmişdi. Belə zamanlarda Həzrəti Xədicə ona yemək-içmək hazırlayar, ibadətə ara verməsin deyə olduğu yerə qədər gətirərdi. Bir gün yenə vəhy mələyi (Cəbrayıl), Allah Rəsulunun hüzuruna gəldi və:

“- Ey Rəsulum!..Xədicə əlində bir qab yeməklə sənə tərəf gəlir. Xədicə gəldiyi zaman ona Rəbbindən və məndən salam söylə! Onu səs-küy və yorğunluq olmayan cənnətdə, inci ilə qurulmuş bir sarayla müjdələ!...” buyurdu.

Həzrəti Xədicə bu salama belə qarşılıq verdi:

“- O (şanı uca Allah) salamın özüdür, salam Ondandır, Cəbrayıla da salam olsun!.. Ey Allahın Rəsulu, Allahın salamı, rəhməti və bərəkəti Sənin də üzərinə olsun”.

Həzrəti Xədicənin gözəl xüsusiyyətləri və əxlaqı haqqında bir çox məlumatlar vardır. O, Həzrəti Peyğəmbərlə 25 il birlikdə yaşadı. Onun peyğəmbərliyini təsdiq edən ilk insan olaraq ona dayaq oldu. Bütün malını, Allah Rəsulunun və haqq din olan İslam uğrunda xərclədi.

Həyatda olduğu müddətcə Həzrəti Peyğəmbərə hər mövzuda dəstək olmuşdur. Xüsusilə də təbliğ vəzifəsinin verildiyi və hamının Ondan üz çevirdiyi bir anda, gözəl nəsihətləri ilə Onu təsəlli edib, hüzur vermişdir. Bu səbəbdən da Peyğəmbərimiz ondan razı oldu. O həyatda ikən başqa biri ilə evlənmədi.

Bu üstün xüsusiyyətləri səbəbi ilə sonrakı illərdə Xədicə anamız haqqında “Əl-Kübra”, yəni “ən böyük qadın” vəsfi istifadə olunurdu.

Həzrəti Peyğəmbər, Xədicə anamızdan o qədər razı idi ki, hər vəsilə ilə onu xeyirlə yad edər və ona dua edərdi. Bu vəfa duyğusunu və sevgini qəbul edə bilməyən, Peyğəmbərimizin gənc xanımı Həzrəti Aişə anamız, vəfat etdiyinə baxmayaraq, Həzrəti Xədicəni qısqanırdı. Belə ki, bir dəfə Rəsulullaha:

“-Ey Allahın Rəsulu, daima Həzrəti Xədicəni xatırlayırsınız. Halbuki o, dul və yaşlı bir qadın idi. Allah sənə ondan daha yaxşısını verdi. Əlbəttə, məni ondan daha çox sevərsiniz, deyilmi?” - dedi.

Həzrəti Peyğəmbər (s.ə.s.):

“- Yox, Allaha and olsun ki, mənə ondan daha xeyirli bir qadın nəsib olmadı. Kimsə mənə inanmayanda, o inandı. Başqaları məni məhrum edərkən, o malını verdi. Mənim dünyada yalnız bir dostum vardı, o da Xədicə idi”-, buyurdu.

Həzrəti Aişədən başqa bir rəvayət də belədir:

“-Hər nə qədər onu həyatda ikən görməsəm də, mən, Nəbinin (s.ə.s.) qadınlarından heç birinə Xədicəyə qarşı hiss etdiyim qısqanclığım dərəcəsində qısqanclıq hiss etmədim. (Fəqət, Rəsulullah onu yanımda çox anardı) Rəsulullah bir qoyun kəsdiyi zaman:

“-Onu Xədicənin dostlarına göndərin!”- deyərdi.

Yenə Həzrəti Aişə (r.a.) deyir ki:

“-Bir gün hirsləndim və “Xədicəmi?” dedim. Buna cavab olaraq Allahın elçisi:

“- Onun sevgisi mənə ruzi olaraq verildi...” – buyurdu.

Həzrəti Əlidən edilən rəvayətə görə, Peyğəmbərimiz:

“-Dünya qadınlarının ən xeyirlisi İmranın qızı Məryəm, Müsəlman qadınların ən xeyirlisi də Xədicədir!”- buyurmuşdur.

Cənabı-Haqq müsəlman xanımları Həzrəti Xədicə kimi əxlaq və fəzilət abidəsi, zərif, fərasətli və təmiz bir xanım; anaları da yenə Həzrəti Xədicə kimi təqva sahibi bir ana etsin!

Amin!..


Nəzrin Hüseynova
Bu yazıya 944 dəfə baxılıb.