Bir Olmağa Məcburuq!


Gülnarə Seyidova
Bu yazıya 920 dəfə baxılıb.

Xalqımız tarix boyu hər cür çətinliklərlə qarşılaşıb. Necə qırğınlar, necə sürgünlər, necə ayrılıqlar görüb. İşğalçı dövlətlərin daim bizim gözəl, bərəkətli torpaqlarımıza göz dikməsi amansız zülmlərlə nəticəllənib. Xalqımız əsrlər boyu işğallarla, sürgünlərlə pərən-pərən salınaraq, birlik və bərabərliyin mövcud olmasına fürsət verilməyib. Belə tarixi ayrılıqlardan, parçalanmalardan biri 1828-ci il fevralın 10-da "Türkmənçay" kəndində imzalanmış müqavilə nəticəsində Azərbaycan xalqı düz 162 il biri-birinə həsrət qaldı. Ailələr dağıldı, quhum-əqraba bir-birindən uzaq düşdü, bacı qardaşa, ana balaya həsrət qaldı.

Rusiya və İran arasında gedən mühabirə nəticəsində ruslar Təbrizi ələ keçirdilər. Bunun nəticəsində sülh müqaviləsi bağlamağa məcbur olan Fətəli şah Rusiyanın bütün şərtlərini qəbul etməyə məcbur oldu. Tələblərə əsasən Azərbaycan torpaqlarının böyük əksəriyyəti Rusiyanın tərkibinə qatıldı. Nəticədə, Azərbaycanın parçalanması hadisəsi baş verdi. Yeni sərhəd əsasən Araz çayı boyunca uzanıb, Arran torpağını Azərbaycanın tarixi kökündən ayrı saldı. Azərbaycanlılar yaşayan ərazi bərabər hissələrə bölündü, lakin azərbaycanca danışan əhalinin əksəriyyəti İranda qaldı.

Bir xalqın arasına tikanlı məftillər çəkərək onları parçalamağa çalışanlar uzun illər buna nail oldular. Lakin xalqın iradəsini qıra bilməyən Sovet Sosialist Respublikası Uca Allahın yardımı ilə dağılmağa məhkum oldu. Və xalq yenidən birləşdi, bir oldu, bir yerə yumruq vuraraq öz Vətəninə sahib çıxacaq Dövlətini qurdu.

XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, "Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.

1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.

Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Hazırda YUNESKO-nun məlumatına görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 29 milyonu Cənubi Azərbaycanın, 3 milyonu Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür.

Yəqin ki, hər kəsə maraqlıdır bu qədər azərbaycanlının dünyanın hər tərəfinə paylanmasının səbəbləri. Bunun səbəbi bayaq qeyd etdiyimiz işğallardır, sürgünlərdir. Tarixə nəzər salsaq onun daima təkrarlandığını görəcəyik. Bu da mövcud olan problemlərin həll olunmamasından irəli gəlir. Hazırda dünyada baş verən problemlərin bizim və sevdiklərimizin başına gəlməsini istəmiriksə xalq olaraq, müsəlmanlar olaraq elə birləşməliyik ki heç bir pis niyyət bizim aramıza daxil ola bilməsin.

İnsanların birlik və bərabərlik halında yaşamaları, Allah Təalanın bizə bildirdiyi əxlaqın bir gərəyidir. Müsəlmanlar bu gerçəyi düşünərək birlik olmağa səmimi niyyət etməlidirlər.

Bu gün İslam dünyasında müxtəlif gərginliklər və anlaşılmazlıqlar yaşanır, qarşıdurmalar davam edir, problemlər və narahatlıqlar günü-gündən artır. Bu

vəziyyətin aradan qaldırılması, Müsəlmanların və digər bütün cəmiyyətlərin hüzura, güvənə və barışa qovuşa bilmələri üçün, İslam dünyasında möhkəm birliyin təsis edilməsi şərtdir. Müsəlmanlar, Allahın Qurani Kərimdə buyurduğu kimi, qardaş olduqlarının şüuruyla hərəkət etməli, bir ailənin fərdləri kimi sevgi, hörmət və səmimiyyətlə birlik olmalıdırlar.

Uca Rəbbimizin Qurani Kərimdə buyurduğu, “Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər” (Ənfal Surəsi, 73) ayəsinin əmri, Müsəlmanların bir-birlərinin vəlisi, yəni qoruyucusu və dostu olmaları, bir-birlərinə kömək etmələri və birlik içində hərəkət etmələridir. Bu səbəblə Müsəlmanlar Quranda bildirilən qardaşlıq və dostluq ruhuna uyğun hərəkət etməli, yaşanan böyük ağrıların önünə keçə bilməsi və bunların tam mənasıyla sona çatması üçün həmrəylik içində olmalı, birlik halına gəlməlidirlər. Mövcud olan şərtlər, Müsəlmanların birlik olmasının zəruriliyini açıqca göstərir.

"Hamılıqla Allahın ipinə (dininə, Qur´ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! ..."(Ali İmran Surəsi 103).

Allah qorxusu və sevgisindən qaynaqlanan, gerçək sevgi və səmimiyyət, iman edənlərə verilmiş olan ən gözəl nemətlərdəndir. Müsəlmanların birliyi də, səmimilik və gerçək sevgi üzərində qurulmalıdır.

Son zamanlar insanların yaşadığı ən böyük bəlalardan biri sevgisizlik və sevgisizlikdən qaynaqlanan sərtlik, anlayışsızlıq, laqeydlik, qəddarlıqdır. İman edənlər isə bir-birlərini, Allahı və elçisini sevdiklərini bildikləri üçün qarşılıqsıq sevərlər. Uca Allahdan qorxub elçisinə itaət etdiklərini bildikləri üçün bir-birlərinə hörmət və sevgi göstərərlər. Yalnız iman etmələri belə bir-birlərini sevmələri üçün kafi bir səbəbdir. Qurani Kərimdə, Peyğəmbərimiz (s.ə.s.) ilə birlikdə hicrət edən və onları qarşılayan möminlərin bir-birlərinə olan səmimi sevgi və fədakarlıqları, bütün möminlərə belə nümunə verilmişdir:

“Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb)

duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (Həşr Surəsi, 9)

Measir günümüzdə də Müsəlmanlar, eynilə səhabələr kimi bir-birlərini könüldən sevməlidir. Səhabənin bir-birinə olan səmimi sevgisi, bağlılığı, həmrəylik və birlik ruhu onlara güc və qüvvət vermiş, etdikləri işlərdəki bərəkəti artırmış, bütün işlərində onları müvəffəqiyyətli etmişdir.

Quranda əmr edildiyi kimi səmimiyyət və sevgiylə, İslam dünyasının bütün problemləri asanlıqla həllə qovuşacaq.

Müsəlmanların birlik olmasına mane olan səbəblərdən birinin, şeytanın oyunu olan qürur və eqoizm olduğu unudulmamalı, belə pis əxlaqdan çəkinilməlidir. Uca Allah, eqoist insanı sevmədiyini, "... Allah böyüklük göstərib lovğalananı sevməz", (Hədid Surəsi, 23) ayəsiylə bildirmişdir. Eqoizm və qürur, iman edənlər arasında gərginliyə səbəb olacaq, bu səbəbdən onları bir-birindən uzaqlaşdıracaq, sevgilərini azaldacaq, mərhəmət və şəfqət hisslərinə mane olacaq pisliklərdir.

Hər bir Müsəlman bu səhvə yol verməkdən Allaha sığınmalı, xeyirlərə vəsilə olaraq daim birlik və birabərlik yaratmağa səy göstərməlidir.


Gülnarə Seyidova
Bu yazıya 920 dəfə baxılıb.