Həzrəti Sevda (radiyallahu anhə)


Nəzrin Hüseynova
Bu yazıya 852 dəfə baxılıb.

Atasının adı Zema ibn Kays ibn Abdişşəms, anasının adı isə Şəmmus bintu Kays ibn Zeyddir.

     Əvvəlcə Həzrəti Sevda müsəlman olmuş, sonra da yoldaşı Səkran (və ya Sükran) ibn Amrın hidayətinə vəsilə olmuşdur. Həzrəti Sevdanın bu evlilikdən 6 uşağı olmuşdur.

     Məkkədə müşriklərin əzab və işgəncələri dözülməz hala gəldikdə, Həzrəti Sevda və yoldaşı Peyğəmbərimizin (s.ə.s.) icazə və göstərişi ilə ikinci Həbəşistan hicrətində iştirak edib Məkkəni tərk etdilər. Müsəlmanlığını mühafizə edə bilmək üçün doğulub böyüdüyü evini və vətənini tərk etmiş Sevda (r.anhə) yoldaşının Həbəşistanda xristianlığa meyl etməsindən sonra tək qalmış və çox sarsıntılara baxmayaraq dinini qorumağa davam etmişdir.

     Sonradan öz məhdud imkanları ilə Məkkəyə qayıdan Həzrəti Sevdanın maddi vəziyyəti də yaxşı deyildi. Ehtiyaclarını qarşılayacaq bir gəliri olmamaqla yanaşı, hər hansı bir yerdə işləyə bilməyəcək qədər yaşlı bir qadın idi. Bu kimsəsiz qadını himayə etmək üçün heç bir yol yox idi. Onun yaşca yetkin olması uşaqlarının tərbiyəsi üçün lazımlı idi. Peyğəmbərimiz (s.ə.s.) bir tərəfdən də Həzrəti Sevdanın İslam üçün çəkdiyi bu qədər çətinliyi yüngülləşdirmək və onu himayə etmək niyyətində idi.

     Rəsulullah (s.ə.s.), bu və buna oxşar səbəblərlə Həzrəti Sevda ilə evlənməyə qərar vermişdi.

 

    NİKAH

     Həzrəti Sevda təklifdən çox məmnun olduğunu, lakin bir məqamda tərəddüdü olduğunu bildirdi. Peyğəmbərimiz (s.ə.s.):

-          Sevda, mənimlə evlənməyinə mane olan səbəb nədir? - deyə soruşdu. Həzrəti Sevda:

-          Sizinlə evlənməyimə mane olan heç bir keçərli səbəb yoxdur, ancaq uşaqlarımın səs salaraq başınızı ağrıtmasından qorxuram – dedi. Rəsulullah (s.ə.s.):

-          Allah səni bağışlasın. Qadınların xeyir cəhətdən ən üstünü, balaca  uşaqlara görə çətinliklə qarşılaşanlarıdır.

 

     Hz.Sevdanı Peyğəmbərimizə (s.ə.s.) istəmək üçün gedən Havləyə Hz.Sevdanın müsəlman olmayan atası:

-          O, yaxşı və kərəm sahibi bir yoldaşdır – deyə razılığını bildirmişdir.

     Bu razılıqdan sonra miladi 620-ci il (hicrətdən 3 il əvvəl) Ramazan və ya Şəvval ayında evlilik baş tutdu. Bununla Rəsulullah (s.ə.s.) Hz.Xədicədən sonra ikinci evliliyini həyata keçirmiş olurdu. Peyğəmbərimiz (s.ə.s.) mehir olaraq 400 dirhəm ödədi. Bu zaman Rəsulullah (s.ə.s.) 50, Hz.Sevda isə 55 yaşında idi.

     Hz. Sevdanın bu evliliyinə o vaxtlar hələ müsəlman olmayan qardaşı Abd ibn Zema qarşı çıxmışdı. Hətta nikah əsnasında cahiliyyə adətlərinə görə həcdə olan Abd ibn Zema, həccini yarıda buraxaraq geri qayıdır, saçını başını yolaraq bu evliliyə razı olmadığını göstərir. Daha sonra İslam dinini qəbul edəndə həmin gün etdiklərinə peşman olaraq və etdiklərindən utanaraq:

-          Sevda bintü Zemanın Rəsulullah (s.ə.s.) ilə evləndiyini eşidəndə saçlarımı yolduğum, başıma və üzümə torpaq səpdiyim zamanki qədər gülünc vəziyyətə düşdüyümü xatırlamıram - demişdi.

     Qohumluqlar insanları bir-birinə yaxınlaşdırır. Əvvəllər Peyğəmbərimizi (s.ə.s.) tanımayan, tanımadığı üçün də düşmənçilik edən Hz.Sevdanın atası, qardaşları və bir çox qohumları bu nikahdan sonra müsəlman oldular.

     Məkkə xalqı və xüsusilə Qureyş qəbiləsi, Hz. Xədicənin vəfatından sonra Rəsulullahın bələ yaşlı və dul bir qadınla evlənməsini başa düşmürdülər, çünki Hz.Sevda nə zəngin, nə gənc, nə də çox gözəl bir qadın idi. Ancaq Hz.Peyğəmbər (s.ə.s.) mövcud vəziyyətə görə  onunla evlənməyi seçmişdi. 


Nəzrin Hüseynova
Bu yazıya 852 dəfə baxılıb.