Bəxti gətirənlər dünyaya gəlir


Gülnarə Seyidova
Bu yazıya 728 dəfə baxılıb.

Bəxti gətirənlər dünyaya gəlir

Bəxti gətirənlər dünyaya gələ bilirlər. Bəziləri isə dünyaya gəlmədən ataları, anaları və hətta nənə-babaları tərəfindən diri-diri öldürülməyə məhkum olurlar. Bu sadaladıqlarımın içində insanı ən çox yaralayan, incidən anaların qız övladlarının canına qıymalarıdır. Hər kəs bir yana, atalar oğulları ilə öyünmək üçün, nənə-babalar guya oğullarının nəslinin davamı üçün oğlan övlad həvəsinə düşürlər. Bəzi analar da öz doğma qızlarının qətlinə razı ola bilirlər. Deyə bilərsiniz onları da məcbur edirlər. Axı hamısını məcbur etmirlər. Bəziləri bunu həyat yoldaşlarından xəbərsiz edir. Bu yaxınlarda xəstəxanada iki qadının söhbətinin şahidi oldum. Abort etdirmək üçün əməliyyat otağına girməyə hazırlaşan qadının biri digərinə “bunu etdiyimi yoldaşım bilsə, başımı kəsər”, - deyirdi. Dəhşətə gəldim. Övladının qatili olması azmış kimi yoldaşının da xəbəri yoxdur. Bu vəbalı da belə rahatlıqla boynuna götürən qadınlar var. Səbəbini soruşduğumda “mən zülüm çəkmişəm istəmirəm qızım olsun, o da mən çəkdiklərimi çəksin”. Guya qızına yaxşılıq etdiyini iddia edən qadın qızını diri-diri doğratdırıb məhvinə çox rahatlıqla razılaşır. Lakin o cani qadın düşünmür ki, onun qızı gələcəkdə çox xoşbəxt olub, ətrafındakıları da xoşbəxt edə bilər. Gözəl bir nəsil yetişdirə bilər və Allah Təalanın da vəd etdiyi kimi ayaqları altına cənnət bağçaları döşənər. Axı bir qadının da qayəsi budur. Hələ dünyaya gəlməmiş bir insana onsuz da bədbəxt olacaq damğasını vurub onun həyatını qaraltmaqdansa, bütün çətinliklərə sinə gərib qızını ən gözəl şəkildə yetişdirən analar necə də xoşbəxtdir. Ana dediyin də belə olmalıdır. Yalnız o halda hədisi-şərifdə deyildiyi kimi qadınlar Cənnətin istənilən qapısından daxil ola biləcəklər.

Yuxarıda qız övladlarının tələf edilməsini bəzən nənə-babalar da tələb edir deyə qeyd etmişdim. Təəssüflər olsun ki, bu həqiqətən belədir. Nənə-babalar bəzən nəvə olaraq ancaq oğlan uşaqlarını sayırlar. Qız uşaqlarının nəsli davam etdirməyəcəyi üçün lazımsız bir varlıq kimi məhv edilməsini tələb edirlər. Amma onlar o qədər cahildirlər ki, heç düşünmürlər Peyğəmbərimizin (s.ə.s.) mübarək nəsli məhz qızı Fatimeyi Zəhra anamızın övladlarından davam etmişdir. Peyğəmbərimiz (s.ə.s.) üç oğlan övladını itirsə də, “niyə oğlum yoxdur, bəs mənim nəslimi kim davam etdirəcək” nigarançılığında olmamışdır. Halbuki ən şərəfli soy, nəsil onunki idi.

İndi isə soyu, kökü bilinməyən bəzi təkəbbürlü insanlar Allahın onlara təqdim etdiyi neməti bilərəkdən, əzablı üsullarla məhv edirlər. Həqiqətən də, bu insanların ağlına şübhə etməmək mümkün deyil.

Keçmiş zamanlardan deyil elə indiki zamandan bir misal gətirəcəyəm. Bacımın övladı dünyaya gələrkən xəstəxanada qarşılaşdığı bir hadisəni sizlərlə paylaşmaq istərdim. Kişi, xanımına “qızın olarsa evə ya özün tək gələcəksən, ya da qızını da götür hara gedirsən get!” - deyir. Gedəcək yeri olmayan ana qız övladı doğulduğu üçün onu xəstəxanada qoyub, evə tək getmək qərarına gəlir. Xəstəxana işçiləri qadını övladını da evinə aparmağa razı salmağa çalışsalar da, qadın təkbaşına xəstəxanadan çıxıb gedir. Yenicə doğulmuş, gözəllər gözəli o körpəni xəstəxanadaca tərk etmək məcburiyyətində qalır. Çünki “ata” adlanan o şəxs ancaq və ancaq oğlan övladı istəyir. Həyatın bu çətin yollarında qızını xəstəxana, daha sonra isə uşaq evinin müəllimələrinə əmanət etdiyi körpənin sonrakı həyatı sözsüz ki, çox çətindir. Axı o qız övlad sizə nə yamanlıq edib ya da edə bilər ki?! Mən əminəm və dəfələrlə də şahidi olmuşam ki, bu cür oğlan tələbləri olan ata və analar elə oğulları tərəfindən də zülmlərə məruz qalırlar. Buna da İlahi ədalət deyilir.

Bu mövzuda bir ibrətli həyat hekəyəsini sizinlə paylaşmaq istərdim. Bir qohumumuz var idi. 7 qız övladı dünyaya gəlmiş, amma heç cürə bununla razılaşmayıb nə olursa olsun oğlum olmalıdır iddiasında idi. Və nəhayət, yeddi qız övladından sonra ailədə bir oğlan da dünyaya gəldi. Valideynləri uşağın hər ilinə qurbanlar kəsir, oğlana qızlara nisbətən xüsusi münasibət və qayğılar göstərirdilər. Beləcə illər keçdi bu oğlan böyüdü, evləndi, ailə, uşaq sahibi oldu və evdən ilk olaraq anasını döyərək qovdu. Ana isə eldən ayıbdır, hər kəs o oğlunu necə böyütdüyünü bilir deyə səsini çıxara bilmirdi. Bir gün yenə də ananı elə döymüşdü ki, qadının hər tərəfi göyərmiş, üzü-gözü qan içində qalmışdı. Bundan sonra ananı elə qızları aparıb çox gözəl baxdılar. Ana elə həmin qızların yanında da Haqqın rəhmətinə qovuşdu. Buna bənzər həyat hekəyələrini hər birimiz eşitmişik görmüşük, amma çox təəssüflər olsun ki, ibrət alanlar çox azdır.

Hər kəs oğlan olsun, qız olsun nigarançılığı keçirməkdənsə, xeyirli bir insan yetişdirməyə səy göstərsələr həm özləri, həm də övladları əmin olun çox xoşbəxt olar.


Gülnarə Seyidova
Bu yazıya 728 dəfə baxılıb.