İşığı yanan evlər


Mətanət Kərimova
Bu yazıya 683 dəfə baxılıb.

"Tibb fakültəsini yeni bitirmiş həkim olaraq ilk təyin olunduğum yerə, səhiyyə ocağına getmişdim. Gənc idim, getdiyim yer kiçik bir məmləkət idi. İlk gecə bir evə qonaq olmuşdum. Qatar stansiyasının yanında bir ev idi. Axşam yeməyindən sonra çaylarımız gəldi, söhbət etdik. Yol yorğunu idim, ev sahibləri ilə yeni tanış olmuşduq, bir az çəkinirdim. Saatlar irəliləyir, ağır bir yuxu məni içinə çəkirdi. Ev sahibinə bir şey də deyə bilmirdim. Bir müddət daha keçdi, yenə bir hərəkət yox idi. Evin böyüyü olan Hacı anaya utanaraq, "Anacan, sizin buralarda neçədə yatırlar?" - dedim.

Hacı ana: "Övladım, bir az sonra qatar gələcək, onu gözləyirik", - dedi.

Maraqlı gəldi, yenidən soruşdum: "Qatarda sizin qohumunuz var?"

Hacı ana: "Xeyr övladım, gözlədiyimiz qatarda bir tanışımız yoxdur. Ancaq bura uzaq bir yerdir. Qatarda buraları yaxşı tanımayan biri ola bilər. Bu saatda, yaxınlarda işığı yanan bir ev tapmazsa, küçədə qalar. Buralara bələd olmayan biri gəldiyində, "işığı yanan bir ev" tapsın deyə gözləyirik.

Görəsən, indi də qatardan enən yad insanlar üçün "işığı yanan evlər" varmı? Xaricilər, yorğun bədənlərini yun yataqlarda istirahət etdirə bilirlərmi? Ac bir itin önünə bir qab yemək qoyan qadınlar yaşayırlarmı? Quşlara yuva düzəldən memarlar indi haradadırlar? Ey gözəl yurdumun gözəl insanları! Hardasınız?

 

Həqiqətən bu hekayə insana xas olan bir davranış - ədəbi, nəzakəti necə gözəl izah edir. Ədəb, dünyada başqa insanların olduğunun fərqinə varmaqdır. Ədəb, fərqli düşünsək də, fərqli yerlərdən gəlsək də, qarşımızdakını incitmədən əlaqələrimizi yoluna qoymaqdır. Bu, bir hünərdir. “Ədəb, ölçünü itirməməkdir. Ədəb, harada dayanacağını bilməkdir”.

 

Keçmişdə, başqası da görər arzu edər deyə, o qədər etina göstərilirdi ki, evə alınan yeməklər, kağıza qoyulur, zənbillə gətirilirdi. "Zənbil" sözünün "sən bil" olaraq deyildiyi anladılır. Yəni olanları yalnız sən bilirsən. Göstərərək nümayiş etmirsən. Zənbil yoxdursa, evin kişisi aldığı qidaları kağıza qoyub büyük bir dəsmala büküb, evinə o şəkildə aparırdı. İndi şəffaf torbada meyvələri daşıyarkən, ala bilməyənləri unuduruq. Həyat yalnız həzz almaq deyil, mərhəmət, paylaşmaq və şəfqət üzərinə qurulmuşdur.

Allah Təalanın bir insana “yaxşılıq etməyi” nəsib etməsi bir şükür səbəbidir. Edilən yaxşılığı başa qaxmaq qədər, sağda-solda danışmaq da böyük bir qüsurdur. Haqq əhli olan kəslər, etdikləri xeyirdən bəhs etməzlər, unudarlar, “Allah bilsin bəsdir!” - deyərlər. Bu misralar, bu halı nə gözəl izah edir:

Keçmə namərd körpüsündən qoy aparsın sel səni,

Yatma tülkü yuvasında qoy yesin aslan səni.

Yaxşılıq görən də nankorluq etməməli, təşəkkür edib dostluğunu davam etdirməlidir. “Qədir bilmək” deyə bir təbir vardır dilimizdə ... Edilən yaxşılığı unutmamaq mənasına gəlir və insani bir davranışdır. İşi bitincə yaxşılıq gördüyü kimsəni unutmaq, heç də qədir bilən bir hərəkət olmaz.

Hamımız zaman-zaman səhv edirik, könül qırırıq, nəzakətsiz davranırıq. Üzr istəməsini bilmək də bir üstünlükdür. Lakin bunu da unutmamaq lazımdır ki, bıçaq yarası keçər, dil yarası keçməz. “İgidi bıçaq kəsməz, bir pis söz öldürər”.

Əvvəllər sədəqə daşları vardı. Sədəqə gizli verilirdi. Nə alan bilinərdi, nə də verən. Verən, vermənin həzzini yaşayarkən, alan da bunun utancını hiss etməzdi.

Nəzakət, qarşısındakına əhəmiyyət vermək və ona dəyər verdiyini hiss etdirməkdir. Bunu da ürəkdən, səmimi şəkildə etməkdir. Nəzakət, ilk əvvəl insana könül qazandırar. Könül qazanmaqla insan, Allahın rizasını da qazanar.

Ailə nizamında süfrə ədəbinə çox diqqət edilirdi. Ailənin bir süfrə nizamı vardı. Eyni zamanda bütün ailə üzvlərinin süfrədə eyni anda olması şərt idi. Bugünkü kimi ağlına gələn qabı götürüb televiziya qarşısına keçib yemirdi. Hər kəsin süfrədə olması şərt idi. Yeməyə əvvəl evin böyüyü başlardı. Yeməkdən əvvəl mütləq “bəsmələ” çəkilirdi. Yemək zamanı çox danışmırdılar. Yüksək səslə gülmürdülər, yeməyi bəyənməyən, sevməyən biri varsa, bunu açıqlamırdı. Hər kəs qarşısından yeyər, qabında artıq yemək saxlamazdı. İsraf edilmirdi.

Çox şey var ki, çoxaldıqda ucuzlaşar, ədəb bunun əksinədir çoxaldıqca sahibinin dəyərini artırar. Ədəb ağılı nurlandırar, mükəmməlləşdirər.

Hz. Mövlana nə gözəl buyurur:

“Ağlım ürəyimdən soruşdu:

“- Din nədir?”

Ürəyim də ağlımın qulağına əyildi və pıçıldayaraq:

“-Din, ədəbdən ibarətdir!”- dedi.


Mətanət Kərimova
Bu yazıya 683 dəfə baxılıb.